Redaktor siyasəti

 

REAL TV-nin redaksiya siyasəti və peşə etikası qaydaları

REAL TV-nin əsas missiyası cəmiyyətin xəbərə olan tələbatını qarşılamaqdır. Bu televiziyada işləyən hər bir əməkdaş kimliyindən, vəzifəsindən asılı olmayaraq yalnız REAL OLANA İSTİNAD EDİR.

 

Real TV-nin ümumi prinsipləri 

  • - Televiziyanın əsas prinsipləri operativlik, dəqiqlik və ədalətlilikdir. Xəbərlər dəqiqləşdirilmədən təqdim edilmir və təqdimatda qarşı tərəfin mövqeyi öz əksini tapmalıdır.

 

Real TV-nin redaksiya siyasəti 

  • - Xəbərlərin təqdimatında böhtan, təhqirə yol verilmir.
  • - Redaksiya siyasəti heç bir halda dövlətçiliyə, cəmiyyətin milli-mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailə institutunun qorunması prinsipinə zidd olmur. Redaksiya milli və ictimai maraqların qorunmasına xüsusi önəm verir, həmçinin insanların dini inanclarına, heysiyyatına toxunacaq məzmunlu xəbərlərə, şərhlərə və çıxışlara yol vermir.
  • - Dövlət rəmzlərinə hörmətlə yanaşılması REAL TV –nin əsas qaydalarından biridir.
  • - Terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi, dini, cinsi ayrı-seçkiliyin təbliğinə yol verilmir. O cümlədən əhalinin həssas qruplarına, uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vuran məlumat və təsvirlərdən istifadə və yayılması qadağandır.
  • - Yetkinlik yaşına çatmayan uşaqlara qarşı cinsi xarakter daşıyan cinayətlə bağlı məlumatda uşağın şəxsiyyəti, kimliyi gizli saxlanılır.
  • - REAL TV –də mövhumatçılıq və xürafatın təbliğinə yol verilmir.
  • - REAL TV –də müəllif hüquqları ən yüksək səviyyədə qorunur. Götürülən bütün məlumatlar istinadla yayımlanır.

 

REAL TV-də peşə etikası

  1. Jurnalistin əsas vəzifəsi həqiqətə və ictimaiyyətin həqiqəti bilmək hüququna hörmət etməkdir.
  2. Jurnalist bu vəzifəni yerinə yetirərkən hər zaman xəbər toplamaq və vicdanla dərc etmək azadlığı, hərtərəfli şərh və tərəfsiz tənqid hüququnu müdafiə edir.
  3. Jurnalistlər ancaq mənbəyi məlum olan faktlara uyğun məlumat verməlidirlər. Jurnalistlər əsas məlumatları ört-basdır edə, sənədləri saxtalaşdıra bilməzlər.
  4. Jurnalistlər xəbər, fotoşəkil və sənəd əldə edərkən yalnız qanunla yol verilən üsullardan istifadə edirlər.
  5. Jurnalist etimad çərçivəsində əldə etdiyi məlumatın mənbəyi ilə bağlı peşə sirrini qoruyur.
  6. Jurnalist aşağıdakıları ağır peşə cinayətləri hesab edir: -plagiat, - qəsdən yalan ifadə vermə, - böhtan, təhqir, əsassız ittihamlar, - (xəbər və ya məlumatı) dərc etmək və ya ört-basdır etmək müqabilində rüşvət almaq.
  7. Jurnalist adına layiq olanlar yuxarıda qeyd olunan prinsiplərə sadiq qalmağı özlərinə borc bilirlər