20 Yanvar qurbanları anıldı - VİDEO

20 Yanvar qurbanları anıldı - VİDEO
135 nəfər 20 Yanvar əlili və şəhidinin ailəsi mənzillə təmin edilib

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tədbir keçirildi. Bildirildi ki, 1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olunub. Vurğulanldı ki, faciədən bir gün sonra, 21 yanvar 1990-cı il tarixdə ümummilli liderimiz Heydər Əliyev ailə üzvləri ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış etdi. Ulu öndərin tövsiyəsi ilə 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 1993-cü ilin iyununda xalqın iradəsi ilə yenidən respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyevin tapşırığı ilə bütün şəhid məzarlarının üstü götürülüb, Şəhidlər Xiyabanında memorial kompleks ucaldılıb. Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər Xiyabanı vahid kompleks kimi yenidən qurulub və Bakıda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi yaradılıb. Tədbirdə , 20 Yanvar şəhidlərinin ailələrinin, qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıldı.

Qeyd edildi ki, 20 Yanvar şəhidlərinin ailələri Prezidentin aylıq təqaüdləri ilə təmin olunur. 20 Yanvar əlillərinə də əlilliyə görə müavinət və ya pensiya, Prezidentin aylıq təqaüdləri ödənilir. Ötən dövrdə bu ödənişlər dəfələrlə artırılıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 135 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 100-dək 20 Yanvar əlili minik avtomobili ilə təmin edilib. Bu kateqoriyadan olan vətəndaşların digər sahələrdə də diqqət və qayğı ilə əhatə olunması üçün görülən işlər diqqətə çatdırılıb.Tədbirdə 1990-cı ilin yanvar hadisələrinə həsr olunmuş film nümayiş olunub, əlilliyi olan şəxs Seymur Əliyevin ifasında “Şəhidlər” mahnısı təqdim edilib.
 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər