Milli Məclisin Mədəniyyət komitəsinin ilk iclası keçirilib - FOTO

Milli Məclisin Mədəniyyət komitəsinin ilk iclası keçirilib - FOTO

Yanvarın 24-də Milli Məclisin Mədəniyyət komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

REAL xəbər verir ki, videokonfrans formatında keçirilən iclası açan komitə sədrinin müavini Fazil Mustafa gündəlik barədə məlumat verib.

Sonra komitədə 2021-ci ilin payız sessiyasında görülən işlərin hesabatı təqdim edilib. Fazil Mustafa diqqətə çatdırıb ki, ötən müddətdə komitənin 14 iclası keçirilib, 21 məsələyə baxılıb, 6 qanun layihəsi, o cümlədən bir sıra qanunlara dəyişiklik və əlavələrin edilməsi barədə məsələlər müzakirə olunub. Qeyd olunub ki, komitə üzvləri, həmçinin “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” və “Turizm haqqında” qanun layihələri ilə bağlı müzakirələrdə iştirak ediblər, qeyd və təkliflərini bildiriblər.

Məlumat verilib ki, payız sessiyası ərzində komitənin ünvanına 1012 müraciət daxil olub. Müraciətlər baxıldıqdan sonra lazımi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

Sonra iclasda komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı barədə məlumat verilib. Komitə sədrinin müavini bildirib ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanunvericilik aktları, “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Plana əsasən, parlamentin digər komitələrindən daxil olan layihələrə rəy və təkliflərin hazırlanması, habelə dinləmələrin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, komitə üzvləri tərəfindən vətəndaşların qəbulu, daxil olan müraciətlərlə iş, 2022-ci ilin yaz sessiyası dövründə komitənin fəaliyyətinə dair hesabatın hazırlanması ilə bağlı müddəalar da iş planında öz əksini tapıb.

Müzakirələr zamanı çıxış edən deputatlar Sabir Rüstəmxanlı və Novruzəli Aslanov payız sessiyasında komitə sədrinin və üzvlərinin səmərəli fəaliyyət göstərdiyini qeyd ediblər, yaz sessiyasının iş planı barədə fikir və təkliflərini səsləndiriblər.

Tədbirdə Mədəniyyət komitəsinin 2021-ci ilin payız sessiyasında görülən işlər barədə hesabatı qənaətbəxş hesab edilib, komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

Onlayn iclasda komitə üzvləri Ülviyyə Ağayeva, Nizami Cəfərov, Əziz Ələkbərov, Cavanşir Feyziyev, Ülviyyə Həmzəyeva, Mixail Zabelin iştirak ediblər.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər