Əmlak xidmətlərinin yeni məkanı - VİDEO

Əmlak xidmətlərinin yeni məkanı - VİDEO

Bakıda Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanı fəaliyyətə başlayıb. Əmlak Xidmətləri Məkanının yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərdiyi xidmətlərin vahid məkanda həyata keçirilməsidir. Burada əmlakla bağlı bütün xidmətlər beynəlxalq standartlara uyğun qurulmaqla, şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması, vətəndaş-məmur təmaslarının minimuma endirilməsi, xidmətlərin tam elektronlaşdırılması təmin edilib. Şənbə və bazar da daxil olmaqla həftənin bütün günləri məkanda 100-ə yaxın işçi tərəfindən xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada könüllülərin xidmətlərindən də istifadə olunur. Binada, həmçinin BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq bu qəbildən insanların sərbəst hərəkəti üçün də bütün şərait yaradılıb. Burada notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması və poçt xidməti nəzərdə tutulub.

Əmlak Xidmətləri Məkanında 1909-2018-ci illərdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını özündə əks etdirən müxtəlif dövrlərə aid hüquqmüəyyənedici mülkiyyət sənədlərinin sərgiləndiyi arxiv guşəsi də var. Binada kafe, kitabxana, uşaq oyun sahəsi də yaradılıb.

Binada elektron informasiya sistemlərinin tətbiq olunması üçün bütün zəruri infrastruktur yaradılıb və bina müasir İKT avadanlığı ilə təchiz olunub. Məkanda xidmətlərin daha dəqiq, prosedurların sürətli olması üçün elektron idarəetmə sistemini həyata keçirən qurğular quraşdırılıb. Vətəndaşlar elektron monitorlara daxil olmaqla xidmətlərdən internet vasitəsilə də istifadə edə bilirlər.

Özəlləşdirmə hərraclarının keçirilməsi ilə bağlı 100 nəfərlik hərrac zalında monitorlar vasitəsilə özəlləşməyə çıxarılan əmlaklarla tanışlıq, keçirilən özəlləşdirmə hərraclarında həm canlı iştirak etmək, həm də elektron qoşulmaqla hərraca qatılmaq imkanları yaradılıb. Özəlləşmənin elektronlaşdırılması prosesin sürətlənməsinə və investorların marağının artmasına imkan verib. Elektron hərracda elektron imzası olan hər bir vətəndaş yerindən asılı olmayaraq elektron hərrac sisteminə qoşularaq iştirak edə bilər. İndiyədək 28 elektron hərrac keçirilib və 900-dən çox əmlak satışı üzrə elektron sifariş qəbul olunub.

Burada gün ərzində 1000-ə yaxın vətəndaşa xidmət göstərilməsi planlaşdırılır. Əmlak Xidmətləri Məkanında, ümumilikdə, Komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət təqdim ediləcək. Göstərilən xidmətlərə dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, dövlət və bələdiyyə əmlakı ilə bağlı hərracların təşkili, torpaq və qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, əmlakın qiymətləndirilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin qəbulu, hazır sənədlərin təqdim edilməsi və digər xidmətlər daxildir.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə