“Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq”

“Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq”

"2018-ci il ölkəmiz üçün uğurlu olmuşdur, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycan hərtərəfli və dinamik inkişaf etmişdir. Ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü beşillik proqram başa çatmışdır, bu il dördüncü proqram qəbul olunacaq".

REAL-ın məlumatına görə, prezident İlham Əliyev bu barədə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı danışıb. 

Keçən il bölgələrə 24 dəfə səfər etdiyini deyən dövlətimizin başçısı ölkəmizdə ictimai-siyasi vəziyyətin sabit olduğunu, xarici siyasət sahəsində də bir sıra uğurların əldə edildiyini, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını bildirdi, Ermənistan istisna olmaqla qonşu ölkələrlə əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan Tərəfdaşlıq Prioritetləri sənədinin əhəmiyyətini vurğuladı, Azərbaycanın bu ildən Qoşulmama Hərəkatına sədrlik edəcəyini dedi, Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyada ölkəmizin mövqeyinin əksini tapdığını bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq: "2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanılıb, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur. 2018-ci ildə üçüncü peykimiz orbitə buraxılıb, Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, TANAP layihəsi işə düşüb, Ələt Beynəlxalq Ticarət Limanı fəaliyyətə başlayıb. Ötən il ümumi daxili məhsul 1,4 faiz olub. Qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatları 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri yaradılıb".

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə ediblər.

Yekun nitqində 2019-ci ildə qarşıya qoyulan vəzifələrin icra olunacağına əminliyini ifadə edən Prezident İlham Əliyev bildirib ki, vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. Dövlət başçısı həmin sahələrdə şəffaflığın, dürüstlüyün təmin edildiyini, korrupsiyaya qarşı güclü mübarizənin aparıldığını, sağlamlaşdırma prosesinin getdiyini və artıq gözəl nəticələrin əldə edildiyini vurğulayıb. Bu il də infrastruktur layihələrinin icra ediləcəyini deyən Prezident İlham Əliyev qazlaşdırma, içməli su təminatı, kənd və magistral yolların salınması, meliorativ tədbirlərin görülməsi, məcburi köçkünlərin, şəhid ailələri və Qarabağ əlillərinin, həmçinin hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

Bu il yeni məktəblərin, tibb müəssisələrinin, olimpiya-idman komplekslərinin, “ASAN xidmət” mərkəzlərinin, xalça fabriklərinin tikiləcəyini deyən Prezident İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı əlavə addımların atılacağını, xaricdə yeni ticarət evlərinin açılacağını qeyd edib, ölkədə yeni sənaye parklarının və məhəllələrinin yaradılmasının əhəmiyyətinə toxunub, kənd təsərrüfatında, həmçinin turizm sahəsində islahatların nəticə verəcəyinə əmin olduğunu bildirib.

 

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə