ABŞ və İsrail səfirləri Qubaya səfər edib - VİDEO

ABŞ və İsrail səfirləri Qubaya səfər edib - VİDEO
Qırmızı qəsəbədə yəhudilərin ənənəvi evinin bərpası layihəsinin açılışı olub

Qubada dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə yəhudilərin ənənəvi evinin bərpası layihəsinə start verildi. Layihənin açılış mərasimində ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberqer, İsrail səfiri Corc Dik, Heydər Əliyev fondunun departament rəhbəri, millət vəkili Soltan Məmmədov, Quba rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyev və digər rəsmi şəxslər iştirak etdi. Çıxış edənlər bildirdi ki, “Qırmızı qəsəbədə yəhudilərin ənənəvi evinin bərpası layihəsi” Heydər Əliyev Fondu, ABŞ və İsrailin ölkəmizdəki səfirlikləri eləcə də Dağ Yəhudilərinin İrsi Mərkəzinin təşəbbüsü ilə həyata keçirilir. Qeyd olundu ki, Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycanın tarixi, mədəniyyəti və milli dəyərlərinin dünyada təbliği ilə yanaşı, həm ölkəmizdə həm də Azərbaycandan kənarda müxtəlif dinlərin qardaşlığı, xalqların birliyi və dostluğu ilə bağlı çoxsaylı layihələr həyata keçirib. ABŞ səfiri Li Litzenberqer Azərbaycanda mədəni müxtəlifliyin bariz nümunəsi olacaq və turistlərinin diqqətini çəkəcək layihədə iştirak etməkdən məmnunluğunu ifadə etdi.

Millət vəkili Soltan Məmmədov qeyd etdi ki, bu gün Azərbaycan bütün regionda sülh, əməkdaşlıq, dostluq, multikulturalizm dəyərləri və birlik siyasətini təbliğ edir. Depuatat hesab edir ki, qazandığımız və regionda nümayiş etdirdiyimiz bu dostluq siyasəti xalqımızın həmrəyliyi və beynəlxalq əməkdaşlarımızla olan sıx münasibətlərimizin nəticəsidir.

Sonda qonaqlar layihənin startını bildirən stendin açılışını etdilər və Qırmızı qəsəbə ilə tanış oldular.

REAL

Digər xəbərlər
Bu gün
Dünən