Bakı Bəyannaməsi imzalandı - YENİLƏNİB, VİDEO

Bakı Bəyannaməsi imzalandı - YENİLƏNİB, VİDEO
Nazirlərin üçtərəfli görüşünün yekunu ilə bağlı brifinq keçirilib

Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərin birinci üçtərəfli görüşü keçirilib.

İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev iştirak edib. Üç ölkənin nazirlərinin birinci toplantısının nəticəsi olaraq, nəqliyyat və kommunikasiya sahələrini ehtiva edən Bakı Bəyannaməsi imzalanıb.

Daha sonra, Azərbaycan, Türkiyə və Qazaxıstan Xarici İşlər Nazirləri brifinqlə çıxış edib.

Azərbaycan, Türkiyə və Qazaxıstan Orta Dəhlizin inkişaf etdirilməsində maraqlıdır deyən Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Ceyhun Bayramov, üçtərəfli iclasda bu məsələnin diqqət mərkəzində olduğunu bildirib.

Həmkarlarına işğaldan azad olunan ərazilər, 44 günlük Vətən müharibəsinin bölgədə yaratdığı yeni reallıqlar, Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarında həyata keçirilən böyük layihələr, eyni zamanda, nəqliyyat layihələri barədə məlumat verən Ceyhun Bayramov, Şərq-Qərb Orta Dəhlizin şaxələndirilməsi baxımından Zəngəzur Dəhlizinin xüsusi önəmini qeyd edib. İclasda dəhlizin reallaşmasına tam dəstək ifadə edildiyi vurğulanıb.

Brifinqdə çıxış edən Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Xəzər dəhlizlərinin xüsusi önəm daşıdığını, nəqliyyat və logistika xətlərinin inkişafının bölgəyə mühüm töhfə verəcəyini bildirib.

Mövlud Çavuşoğlu, ətrafımızdakı sınaqlardan dolayı münasibətlərimizin daha da önəm qazandığını söyləyib və bu proseslərin davamında fürsətlərin də ortaya çıxdığını bildirib. "Məqsədimiz bu fürsətlərdən xalqlarımızın, bölgəmizin xeyrinə istifadə etməkdir. Taxıl mövzusunu izləyirsiniz. BMT ilə birgə məsələni həll etmək üçün səy göstəririk. Davamlı və güvənli logistika xətlərinin önəmini bir daha görürük. Bu baxımdan milli və regional əhatəmizi artırmaq üçün önəmli sərmayələr etməyə davam edirik" deyə Türkiyə Xarici İşlər Naziri bildirib.

Brifinqdə çıxış edən Qazaxıstanın Xarici İşlər Naziri Muxtar Tleuberdı Azərbaycan, Qazaxıstan və Türkiyə arasında sıx ikitərəfli əməkdaşlığın mövcud olduğunu, habelə bu dövlətlərin regional əməkdaşlıq kontekstində, o cümlədən Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlarda qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirdiklərini deyib. Bu konteksdə Nəqliyyat və kommunikasiya sahələri ölkələrimiz arasında regional iqtisadi əməkdaşlığın təməl daşlarından biridir.

"Hazırki müzakirələr hər üç tərəfin hökumətlər səviyyəsində birbaşa əlaqələrin yaradılmasında maraqlı olduğunu bir daha sübuta yetirir. İkitərəfli ticarətin artırılması, strukturun diversifikasiyası və bununla da hər üç ölkənin bazarında tələb olunan malların təchizatı nöqteyi nəzərindən irəliləyişə nail olmaq üçün bu görüşlərin mütləq əhəmiyyəti var. Pandemiya dövründə olan ləngiməyə baxmayaraq, hazırda çox böyük potensialımız var, bununla əvvəlki göstəricilərə çatmaq, hətta irəliyə getmək mümkündür. Əlaqələrin inkişafı ilə bağlı ən böyük göstərici, fəal iqtisafdi dialoqun ən yüksək səviyyədə mövcud olmasıdır. Ümid edirik ki, Qazaxıstan Prezidenti Kasım Comart Tokayevin bu ilin avqust ayında Azərbaycana səfəri uğurla baş tutacaq və bu səfər nəticəsində Qazaxıstan və Azərbaycan arasında əlaqələr bütün sahələrdə daha da inkişaf edəcək".

Qeyd edək ki, Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin növbəti üçtərəfli toplantısının Qazaxıstanda keçirilməsi barədə razılıq əldə edilib.
 

***

10:47

Üçtərəfli görüşün nəticəsi olaraq Bakı Bəyannaməsi imzalanıb

Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşü keçirilir.

REAL xəbər verir ki, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev iştirak edir.

İclas başlamazdan öncə nazirlər birgə foto çəkdiriblər. Görüşün nəticəsi olaraq hər üç ölkənin nazirləri arasında Bakı Bəyannaməsi imzalanıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər