Ərzaqlıq buğdanın istehsalı artacaq - VİDEO

Ərzaqlıq buğdanın istehsalı artacaq - VİDEO
Taxıl qıtlığı şəraitində qabaqlayıcı addımlarımız vəziyyəti sabitləşdirib

Ərzaq mallarının qiymətinin qalxması Azərbaycana bir növ idxal olunub. Çünki biz hələ də özümüzü tam, yəni, 100 faiz əsas ərzaq məhsulları ilə təmin edə bilmirik. Bunu Prezident İlham Əliyev Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib. Dövlət başçısı problemin həlli istiqamətində ardıcıl işlərin aparıldığını da qeyd edib.
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: 

"Məsələn bizim üçün ənənəvi olmayan heyvandarlıq sahəsində, yəni, - mən sovet dövrünü nəzərdə tuturam, o vaxt heyvandarlıq Azərbaycanda demək olar ki, az inkişaf etmişdi, - bu gün biz özümüzü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 3-5 il ərzində biz yüz faiz səviyyəsinə çıxacağıq, baxmayaraq ki, tələbat da artır. Çünki əhali artır. Amma əfsuslar olsun ki, biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir. Ancaq bugünkü vəziyyət ondan ibarətdir ki, təkcə qiymətdən söhbət getmir, eyni zamanda, taxıl qıtlığı yaşanır".
 

Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyir ki, dünyada müşahidə olunan bahalaşma fonunda, Azərbaycan idxaldan asılılığı azaltmaq üçün strategiya müəyyən edib, bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparılır.

Daxili istehsalı artırmaq üçünsə, istər ümumi iqtisadiyyatda, istərsə də kənd təsərrüfatı və emal müəssisələrinin inkişafında Azərbaycan ekstensiv inkişafın intensiv formasını tətbiq etməyi düşünür.

Bu gün dünyada yaşanan taxıl qıtlığının əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir. Müharibə nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər. Ancaq Azərbaycanda bu sahədə heç bir problem yoxdur. Ölkəmiz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alır. Bu ölkə ilə əldə edilmiş razılaşmaya əsasən Azərbaycana yetəri qədər həm taxıl, həm də gübrə ixrac edilir və ediləcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər