Serbiya və Kosova rəhbərləri görüşüb

Serbiya və Kosova rəhbərləri görüşüb

Serbiya və Kosova rəhbərləri arasında Avropa İttifaqının ali nümayəndəsi Cozef Borelin də iştirak etdiyi görüş keçirilib.

Görüşün sonunda jurnalistlərə açıqlama verən C.Borel Serbiya ilə Kosovo arasındakı problemlərin həlli ilə bağlı heç bir razılaşmanın əldə edilmədiyini deyib.

“Təəssüf ki, bu gün razılaşma əldə edə bilmədik. Amma bu, məsələnin sonu deyil. Hər iki lider danışıqlar prosesin davam etdirilməsi ilə bağlı razılaşdılar və müzakirələr yaxın günlərdə davam edəcək.” - deyə Borel qeyd edib.

Hər iki ölkə rəhbərinin dialoqları davam etdirmək niyyətində olduğunu vurğulayan C.Borel bu görüşdə heç bir irəliləyiş əldə edilməsə də, Kosovo hökumətinin şəxsiyyət vəsiqəsi və avtomobil nömrələri ilə bağlı qərarını təxirə saldığı tarixədək - sentyabrın 1-dək müzakirələr üçün vaxtın olduğunu bildirib.

“Biz şəxsiyyət vəsiqələri və avtomobil nömrə nişanları ilə bağlı gərginlik görürük. Dünya ictimaiyyəti yeni konfliktlər istəmir və hər hansı bir münaqişəyə görə tərəflər məsuliyyət daşıyacaq“- deyə Avropa İttifaqının ali nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, Kosovo hökuməti keçən ay Kosovoda Serbiyaya məxsus şəxsiyyət vəsiqələrinin və avtomobil nömrə nişanlarının tanınmayacağını açıqlayıb. Daha sonra sözügedən qanunun qüvvəyə mindirilməsi sentyabrın 1-nə qədər təxirə salınıb.

Qeyd edək ki, Serbiya və Kosovo rəhbərləri arasında son görüş 2021-ci ilin iyulunda keçirilib.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər