Neftdən gələn 160 milyard dollar - VİDEO

Neftdən gələn 160 milyard dollar - VİDEO
"Əsrin müqaviləsi" büdcə xərclərimizi dollar ifadəsində 33 dəfə artırıb

Düz 28 il öncə - 1994-cü ilin 20 sentyabr tarixində Azərbaycanla 7 ölkəni təmsil edən 11 neft şirkəti arasında imzalanmış «Əsrin müqaviləsi» ölkə iqtisadiyyatında yeni eranın başlanğıcını qoydu.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının işlənməsi ölkəyə neft yataqlarının işlənməsi üzrə yeni texnologiyaların gətirilməsinə imkan yaratdı. Həmçinin, ölkə iqtisadiyyatı çoxşaxəli inkişaf üçün iri maliyyə imkanları əldə etdi.

«Əsrin müqaviləsi»nin imzalanması 1990-cı illərin sonlarında Azərbaycanı MDB məkanı üzrə ən çox xarici sərmayə yatırılmış ölkəyə çevirmişdi.

«Əsrin müqaviləsi» çərçivəsində ilk neft 1997-ci il noyabrın 7-də əldə edildi və Azərbaycan 1999-cu ildən başlayaraq mənfəət nefti əldə etməyə başladı.

«Azəri», «Çıraq» və «Günəşli» yataqlarının işlənməsinin operatoru olan BP şirkətinin Xəzər bölgəsində beynəlxalq münasibətlər və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Real TV-yə bildirib ki, Azərbaycanın əldə etdiyi mənfət nefti bu illər ərzində ölkəyə böyük valyuta gəlirləri gətirib.

Azərbaycanın əldə etdiyi neft gəlirləri sayəsində ölkə büdcəsinin xərcləri dollar ifadəsində kəskin artmağa başladı. Məsələn, 1998-ci ildə ölkə büdcəsinin gəlirlər dollar ifadəsi ilə 680 milyon dollar ətrafında idi. Azərbaycanın əldə etdiyi böyük neft gəlirləri bu göstəricini sürətlə artırmağa imkan verdi. 2003-cü ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri artıq 1 milyard 465 milyon dollara yaxınlaşdı. 2011-ci ildə isə Azərbaycanın dövlət büdcəsinin xərcləri 19 milyard dolları çatdı. Yəni 12 il ərzində dövlət büdcəsinin gəlirləri dollar ifadəsində 33 dəfədən çox artdı. 2014-cü ildə baş vermiş texniki devalvasiyaya baxmayaraq, 2022-ci ildə də Azərbaycanın dövlət büdcəsinin xərcləri 19 milyrd dollardan artıqdır və bu, böyük neft gəlirləri hesabına təmin edilir.

«Əsrin müqaviləsi» Azərbaycana iri maliyyə axınları ilə yanaşı neft hasilatı sahəsində yeni istehsal mədəniyyəti də gətirdi.

Azərbaycanın «Əsrin müqaviləsi» ilə başlanan yeni neft erası uğurlu olub və bu illər ərzində Azərbaycanın neft sənayesinin inkişafına 90 milyard dollar sərmayə yatırılıb. Bunun 85 milyrad dolları dəniz yataqlarının mənimsənilməsinə, perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilib.

«Əsrin müqaviləsi» imzalananda «Azəri- Çıraq - Günəşli» yatağının çıxarıla bilən neft ehtiyatları 511 milyon ton qiymətləndirilirdi. Ötən 28 il ərzində yataqdan 500 milyon tona yaxın neft çıxarılıb və indiki qiymətləndirmələrə görə, yataqda çıxarıla bilən 500 milyon tona yaxın neft var. Göründüyü kimi, Azərbaycan bu müqaviləni bağlamaqla, nominal olaraq, heç nə itirməyib və əksinə, ölkənin çoxşaxəli inkişafına imkan verən 160 milyard dollar qazanıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər