Erməni vəhşiliyi dünya mediasında - VİDEO

Erməni vəhşiliyi dünya mediasında - VİDEO
Edillidəki kütləvi məzarlıqla bağlı silsilə məqalələr dərc olunub

Azərbaycanın qeyri-hökumət təşkilatları Xocavənd rayonunun Edilli kəndində növbəti dəfə aşkar olunan kütləvi məzarlıqla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Sənəddə Azərbaycan ictimaiyyətində böyük sarsıntı yaradan sözügedən məzarlığın regionda sayca üçüncü kütləvi məzarlıq olduğu bildirilir. Azərbaycan ərazisində aşkarlanan kütləvi məzarlıq məsələsi ölkə daxili ilə yanaşı, xaricdə də diqqət mərkəzinə çevrilib.

Bu barədə Türkiyə, Moldova və Fransa kimi ölkələrin mətbu orqanlarında silsilə məqalələr dərc olunub. Türkiyə mətbuatı ermənilərin bu amansızlığını bəşəri cinayət kimi dəyərləndirib. Türkiyə mediası yazır ki, cəsədlərin üstündəki geyimlər və əşyalar onların Azərbaycan hərbçilərinə aidliyini təsdiqləyir. Diqqətə çatdırılır ki, qalıqların əksəriyyətinin baş sümüklərində güllə dəlikləri aşkarlanıb. Bu fakt azərbaycanlı hərbçilərin yaxın məsafədən vurulduqlarını sübuta yetirir.

Moldovanın xəbər portallarında dərc olunan məqalələrdə, faktla bağlı Azərbaycanın Hərbi Prokurorluğunda müvafiq maddələr üzrə cinayət işinin açıldığı qeyd olunub. İstintaq zamanı Xocavənd rayonunun Edilli kəndi ərazisinə bu il fevralın 23-26-da baxış keçirilərkən kütləvi məzarlıqdan 7, sentyabrın 14-30-da isə 18 nəfərə aid insan sümük qalıqları aşkar edilərək götürülüb. İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib.

Edillidə aşkarlanan 2-ci kütləvi məzarlıqla bağlı “20 Minutes”, “Le Preogres” portallarında da məqalələr dərc olunub. Məqalələrdə Edilli kəndində işgəncə verilmiş 25 nəfərin qalıqlarının kütləvi məzarlıqdan, Birinci Qarabağ müharibəsində itkin düşən 4000 azərbaycanlı haqqında məlumat olmamasından, Ermənistanın kütləvi məzarlıqların yerini açıqlamaqdan imtina etməsindən yazılıb.

İstisnasız, Edillidə tapılan insan qalıqları Ermənistanın dövlət səviyyəsində törətdiyi cinayətlərin tərkib hissəsidir. Azərbaycan dəfələrlə kütləvi məzarlıqların xəritəsinin verilməsi məsələsini rəsmi İrəvan qarşısında gündəmə gətirsə də, nəinki kütləvi məzarlıqların koordinatlarını Azərbaycana verməkdən yayınır, həm də ən yüksək səviyyədə təkzib edir.

Qarabağda aşkarlanan insan qalıqları Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsas olsa da, kütləvi məzarlıqların sayının artmasına məhəl qoymayan beynəlxalq təşkilatlar hələ də susqunluq nümayiş etdirirlər.

Bu cür qətllərin törədilməsi Beynəlxalq Hərbi Tribunalın nizamnaməsi və Cenevrə Konvensiyasına əsasən, beynəlxalq hüquq normalarının pozulması və müharibə cinayəti sayılır. Azərbaycan ərazisində tapılan kütləvi məzarlıqlar bir daha ölkəmizin necə azğın düşmənlə üz-üzə qaldığını, Ermənistan hərbçiləri tərəfindən beynəlxalq humanitar hüquq normalarının kobudcasına pozulduğunu nümayiş etdirir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən