Dayanıqlı zəfər büdcəsi - VİDEO

Dayanıqlı zəfər büdcəsi - VİDEO
Müdafiəyə ayrılan vəsaitlər büdcə xərclərinin 15,9 faizini təşkil edəcək

Gələn ilin dövlət büdcəsiində müdafiə məqsədi ilə ayrılan vəsaitlərin artırılması nəzərdə tutulur.

Milli Məclisdə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə görə, gələn il ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsinə 5,3 milyard manat ayrılacaq. Bu, gələn il 33,3 milyard manata bərabər olacaq ümumi büdcə xərclərinin 15,9 faizini təşkil edəcək.

2022-ci ilin büdcə göstəriciləri ilə müqayisə etdikdə müdafiə məqsədləri ilə ayrılmış xərclərinin həm mütləq göstəricisinin, həm də artan büdcə xərclərindəki payının artığını müşahidə etmək mümkündür.

Belə ki, bu ilin dövlət büdcəsində müdafiə məqsədləri üçün 5,08 milyard manat nəzərdə tutulub ki, bu, 32,3 milyard manata bərabər ümumi büdcə xərclərinin 15,7 faizi deməkdir. Yəni gələn il üçün müdafiə xərclərinin özü də mütləq ifadədə 4,2 faiz artırılıb.

Lakin gələn il bu göstəricinin artırılacağı ehtimalı daha yüksəkdir. Məsələ, bundadır ki, Azərbaycan büdcə layihələnməsində ehtiyatlı davranıb və neftin qiymətini bir barel üçün 50 dollardan götürüb. Lakin əksər analitiklər gələn il dünya bazarında neftin barelinin qiymətinin 85 - 105 dollar arasında dəyişəcəyini düşünürlər. Buna görə də Dövlət Neft Fonduna daxilolmaların səviyyəsindən asılı olaraq, büdcə xərcləri, o cümlədən müdafiə xərcləri artırıla bilər.

Təbii ki, Azərbaycan müdafiə xərclərini artırmaqla, Ermənistanda revanşist qüvvələrin bütün ümidlərinin üstündən xətt çəkir. Ermənistan bu il dramı süni şəkildə möhkəmləndirməklə, həmçinin hərbi xərcləri 40 faiz artırmaqla 1,3 milyard dollarlıq bir hərbi büdcə barədə açıqlama yayıb. Lakin Ermənistan sahibkarları artıq üsyana qalxıblar və dramın süni şişirdilməsinin qarşısını almağa çağırırlar. Onlar Ermənistan iqtisadiyyatını xilas etmək və ixracı bərpa etmək üçün dramı əvvəlki məzənnəyə qayıtmaq istəyirlər.

Yəni yaxın gələcəkdə Ermənistanın hərbi büdcəsi yenə də milyard dollardan aşağı səviyyəyə düşəcək. Amma bu şişirdilmiş rəqəmin özü belə Azərbaycanın 3,1 milyard dollara bərabər müdafiə büdcəsindən 2,4 dəfə aşağıdır. Buna görə də, Ermənistanın əksər hərbi analitiklərinin rəyləri revanşistlər üçün heç bir ümid yeri qoymur.

Azərbaycan gələn ilin dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərin bərpasına ayrılan vəsaitləri artırmağı qərara alıb. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün dövlət büdcəsindən 3 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.

Gələn il bu istiqamətdə xərclənən vəsaitlər axır ki, öz bəhrəsini verəcək və məcburi köçkünlərin öz doğma yurdlarına kütləvi qaytarılmasına başlanacaq. Təbii ki, bu, Qarabağın yüzə yaxın yaşayış məntəqəsinin dağıdaraq 30 il xaraba vəziyyətdə saxlamış erməni revanşistləri çox məyus edir. Təsadüfi deyil ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki böyük qələbəsindən sonra onlar dərhal iddia etməyə başladılar ki, Azərbaycanın həmin əraziləri sürətlə bərpa edə bilməyəcək, buna nə vəsaiti, nə də iqtisadi gücü çatmayacaq.

Amma son iki ildə görülən işlər və 2023-cü ilə planlaşdırılan dövlət büdcəsi göstərir ki, Azərbaycanın planları getdikcə güclənən dayanıqlı iqtisadi inkişafa, xüsusilə qeyri-neft sektorunun inkişafına əsaslanır. Gələn il üçün proqnozlaşdırılan 30,7 milyard manat büdcə gəlirinin 47 faizi qeyri-neft sektorunun payına düşəcək. Son 10 ildə bu istiqamətdə ciddi irəliləyiş əldə olunub. Əgər 2012-ci ildə büdcə gəlirlərində qeyri-neft sektorunun payı 26,9 faiz olmuşdusa, 2014-ci ildə bu, 34 faizə, 2018-ci ildə isə 40,5 faizə qalxıb. Bu ilin büdcəsində bu göstərici 46,8 faiz təşkil edir.

Göründüyü kimi, Azərbaycanın dövlət büdcəsinə qeyri-neft sektorundan daxilolmalar ardıcıl və dayanıqlı şəkildə artır. Bu isə Azərbaycanın dövlət büdcəsinin neftdən sonrakı dövrdə də ölkənin müdafiə gücünün ardıcıl artırılmasına xidmət edəcəyini göstərir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən