Almaniyada qaz olmadığından evlər və məktəblər odunla qızdırılır - İQTİSADİ REALLIQ

Almaniyada qaz olmadığından evlər və məktəblər odunla qızdırılır - İQTİSADİ REALLIQ

Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışla bağlı I Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Proqram çərçivəsində ölkə vətəndaşlarının azad edilmiş ərazilərə qayıtması, onların mənzillə və iş yeri ilə təmini, onlara səhiyyə xidmətlərinin göstərilməsi və təhsil hüququnun təmin edilməsi üçün həyata keçiriləcək hədəf istiqamətlər göstərilib. Hədəf istiqamətlər sırasında infrastruktur və sosial inkişaf layihələrinin həyata keçirilməsi, iqtisadiyyatın yenidən qurulması və ətraf mühitin tarazlı inkişafı göstərilib.
Proqramda bildirilir ki, əhalinin geri qayıdışı çərçivəsində ərazilərdə dayanıqlı icmalar yaradılmalıdır. Bu isə seçiliş hədəf istiqamətlər çərçivəsində həyata keçiriləcək layihələrə kompleks yanaşma tələb edir. İlk növbədə, məcburi köçkünlər arasında sorğular aparılır və bu sorğuların nəticələrinə əsasən müvafiq planlaşdırma həyata keçirilir.

Qeyd edilir ki, əhalinin geri qayıdışı prosesi sosial-iqtisadi inkişaf dinamikası və demoqrafik meyllər nəzərə alınmaqla, sosial ədalətin qorunması prinsipinə uyğun aparılmalıdır. Proqramda işğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınıb. Buna görə, Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesinin, Şuşa rayonu mədəniyyət və turizm sənayesinin, Cəbrayıl rayonu ticarət-logistika xidmətinin, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilib.
Proqram bu istiqamətdə gözlənilən riskləri də əhatə edir və belə risklərdən ən önəmlisi kimi işğal dövründə Ermənistan ordusunun əraziləri minalaması göstərilir. Qeyd edilir ki, bu sahədə digər dövlətlərin, beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının qabaqcıl təcrübəsindən istifadə olunacaq və mümkün əməkdaşlıq imkanları nəzərdən keçiriləcək.
Bu məsələ çox önəmlidir. Çünki mina təmizləmə işlərinin ləngiməsi Böyük Qayıdış üzrə layüihələrin həyata keçirilməsini gecikdirə bilər. İlkin hesablamalara görə, Azərbaycanın azad edilmiş ərazilərində 390 min tank və piyada əleyhinə minalar və digər partlayıcı qurğular basıdırılıb. Azərbaycan Minatəmizləmə Agentilyinin məlumatına görə, 148 min hektar ərazi yüksək səviyyəli minalanmış, 675 min hektar isə az səviyyəli minalanmış sayılır.
Bu, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34 min 500 mənzilin və fərdi yaşayış evinin inşasına imkan verəcək. Bu evlərdə məskunlaşmış ailələrin övladlarının təhsil alması üçün 197 məktəb tikiləcək.
Konkret olaraq Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası həyata keçiriləcək.
Bununla yanaşı, sənayedə və aqrar sektora işləyəcək gənclərin peşə təhsili alması da unudulmayıb. Azad edilmiş ərazilərdə 8 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulur.
Azad edilmiş ərazilərdə 88 xəstəxana tipli obyektdə tibbi xidmətin təşkili nəzərdə tutulur. Bunların 49-nun ailə sağlamlıq mərkəzi və 39-nun tibb məntəqəsi kimi fəaliyyət göstərməsi planlaşdırılır. Bütün bunlar bölgəyə köçürüləcək 34 min 500 ailənin xoşbəxt və rifah içində yaşamasını təmin edəcək.

***

Albaniya Azərbaycan qazının Avropaya ixrac marşrutunun üzərində yerləşsə də, hələ ki, Azərbaycandan təbii qaz almır. Halbuki, Azərbaycan Avropaya qaz ixracı üzrə layihəsini həyata keçirməyə başladığı ilk günlərdən Albaniyanın dəstəyni görüb.
Energetika eksperti İlham Şaban Real TV-yə müsahibəsində bu dəstəyin Azərbaycanın Avropaya ixrac qaz kəməri marşrutunun seçilməsi ilə bağlı olduğunu bildirib.Bu əməkdaşlığın nəticəsidir ki, Azərbaycan qazını Avropaya nəql edən 878 kilometrli Transadriatik qaz kəmərinin 215 kilometri bu ölkədən keçir. Bu səbəbdən bu ölkənin Azərbaycandan təbii qaz alacağına inam çoxdur.Albaniyanın Azərbaycandan təbii qaz almasından sonra iki ölkə arasında ticarət dövriyyəsinin dəfələrlə artacağı gözlənilir. Hələ ki, ticarət əlaqələrinin səviyyəsi mövcud potensiala uyğun deyil. 2021-ci ildə Albaniya ilə Azərbaycan ticarət dövriyyəsinin həcmi 4,95 milyon dollar təşkil edib. Bunun 0,66 milyon dolları Albaniyadan Azərbaycana idxal, 4,29 milyon dolları isə Azərbaycandan Albaniyaya ixrac təşkil edib.
Düzdür, bu göstərici iki ölkə arasında 2017-ci ilin ticarət dövriyyəsi göstəricisini 9,8 dəfə üstələyir. Həmin il Azərbaycanla Albaniya arasında ticarət dövriyyəsi 505 min dollar olmuşdu. Lakin bununla belə ekspertlər yaxın illərdə bu göstəricinin 10 dəfələrə artacağını güman edirlər.
Çünki Albaniya ölkə iqtisadiyyatının və əhalinin enerjiyə tələbatını ödəmək üçün bütün ölkəni əhatə edən qaz şəbəkəsi qurmaq niyyətindədir. Bununla bağlı, beynəlxalq səviyyədə neft-qaz şirkətləri cəlb edilir və təchizat imkanları öyrənilir.
İlkin araşdırmala görə, bu ölkənin təbii qaza olan tələbatı 1,2 milyard kubmetrə bərabər olacaq. Təbii ki, bu tələbatın böyük hissəsinin bu ölkədən keçən Azərbaycan qazı hesabına təmin ediləcəyi ehtimalı daha yüksəkdir. Bu isə istər-istəməz iki ölkə arasında ticarət dövriyyəsinin on dəfələrlə yüksəlməsinə səbəb olacaq.

***

Spot qaz bazarındakı qiymətlərdən belə görünür ki, Almaniya sakinləri üçün qazsız soyuq qışa hazırlıq üzrə keçirilən təlimlər, edilən xəbərdarlıqlar nəticə verib.
Noyabrın 18-də Niderlanddakı TTF habında təbii qazın min kubmetrinin qiyməti 1227 dollar olub. Bu, sentyabr ayındakı qiymətdən 2,5 dəfə aşağıdır. Sentyabrda habda qiymət kəskin artaraq 3024 dollara qalxmışdı. Bu, 2021-ci ilin sonlarında və 2022-ci ilin birinci yarısında bircada müşahidə olunan qiymətlərdən 3-4 dəfə yüksək idi.
Səbəb Rusiyadan Almaniyaya gələn təbii qazın tam dayandırılması ilə bağlı idi. Əhali, xidmət sektoru və istehal sahələri xəbəri böyük narahatlıqla qarşılamışdı. Səbəb aydın idi. Rusiya qazı əvvəlki illərdə Almaniya bazarında 55 faiz paya malik idi. 2021-ci ildə Almaniya Rusiyadan 46 milyard kubmetr təbii qaz alıb. Yəni Almaniya energetika bazarı birdən-birə ciddi kəsirlə üz-üzə qaldı.
Təbii ki, rəsmi dairələr əhali sakitləşdirmək üçün müəyyən vədlər verdi - Norveçdən təbii qaz idxalının artırılacağı, Almaniya sahillərində bir neçə yeni üzən maye qaz terminalı istifadəyə veriləcəyi bildirildi.
Amma hökumət əhaliyə və biznes dairələrinə müəyyən xəbərdarlıqlar etməyi də unutmadı. Məsələn, bildirildi ki, sentyabr ayından ictimai obyektlərə isti su verilməsi dayandırılacaq. Qapalı məkanlarda - evlərdə, xidmət sektorunda və iş yerlərində havanın temperaturu 19 dərəcədən artıq olmaması tövsiyyə edildi. Həmçinin dəhlizlərin və foyelərin isidilməsi, evlərin çöl divarlarının işıqlandırılması qadağan edildi.
Enerji qıtlığının qarşısını almaq üçün nəqliyyatın iş qrafikinə də dəyişikliklər edildi. Dəmir yollarında birinci keçid hüququ sərnişin qatarlarına deyil, neft və kömür daşıyan yük qatarlarına verildi.
Təbii ki, əhali və ictimai təşkilatlar görülən bu tədbirlərin ən yaxşı halda 2023-cü ildə nəticə verəcəyini anladıqlarından qışdan sağ çıxmaq üçün alternativ yollar aramağa başladılar.
Bu məsələdə sosial şəbəkələrin xüsusi rol oynayır. Məsələn, istifadəçilərə evi isitmədən, elektrik olmadan soyuq qışı necə keçirməklə bağlı sosial reklam təqdim edilib. Həmin sosial reklama görə, soyuq evdə yalnız qalan yaşlı qadın əvvəlcə palto geyinir. Sonra pəncərələri folqa ilə örtür ki, şüşələr evi soyutmasın. Daha sonra masanın üstündə bir neçə şamı düzərək soba düzəldir. Bu sobanın düzəldilməsində metal sinidən və saxsı gül dibçəyindən istifadə edir. Daha sonra evinə qonşuları dəvət edir və bir yerdə yorğana bürünüb otururlar. Təbii ki, kiçik otaqda daha çox adam olanda soyuq hiss edilmir.
Lakin insanlar soyuq qışı yola vermək üçün daha praktik yollara əl atırlar. Məsələn, geyim və ev əşyaları satan internet-mağaza «Baur»un məlumatına görə, keçən illə müqayisdə qrelka satışı 165 faiz və elektrikli yorğan satışı isə 220 faiz artıb. Bu, isidilməyən evlərdə üşümdən yatmaq üçün vacib elementlərdir.
İnsanlar evlərini odunla qızdırmağa başlayıblar. Bunun üçün on illərlə yada düşməyən divar sobalarından və buxarılardan istifadə etməyə başlayıblar. Evlərin temperaturunu isə 18 dərəcədən artıq etmirlər və evdə qalın geyinməyə üstünlük verirlər.
Almaniyada bir çox məktəblərin qızdırılmasında da odundan istifadə edilir. Ştadtberq şəhərində isə bir qədər də irəli gediblər və istixana sobasında ağac yonqarı yandırmağı qərara alıblar. Mebel sənayesinin tullantısı sayılan yonqarlar daha ucuz başa gəlir.
Elektrik istehsalında müşahidə edilən qıtlıq yalnız təbii qaz çatışmazlığı ilə bağlı deyil. Almaniyada digər Avropa ölkələri kimi karbohihrogenlərlə yanaşı atom energetikasından da imtina ediblər və bir çox ataom elektrik stansiyaları işləmir. Səbəb kimi ekoloci vəziyyət göstərilir.
Halbuki, odundan və kömürdən istifadə atmosferə atılan karbon qazını daha da artırır və ekoloci vəziyyəti ağırlaşdırır. Lakin bu, hələ son deyil, qışın gəlməsi ilə vəzəyyətin daha da ağırlaşacığı gözlənilir. Onda Almaniya şəhərlərində nəinki odun, hətta kömürdən istifadə halları artacaq. Bu isə Avropanın ən inkişaflı iqtisadiyyat ölkəsini üçüncü dünya ölkələrinə bənzədəcək. Onda Avropa bir çox baxışlarına, o cümlədən, alternativ enerciyə tələm-tələsik keçidlə bağlı yürüdülən energetika siyasətinə yenidən baxmalı olacaq.

***

İran iqtisadi sahədə Ermənistana böyük dəstək verməyi qərara alıb və bu ölkə ilə ticarət dövriyyəsini yaxın bir-iki ilə 6 dəfə artıraraq 3 milyard dollara çatdırcağını bəyan edib. Tehran bu zaman hətta çox yaxın müttəfiqi Moskva ilə münasibətlərini korlamaqdan belə çəkinmir.
Tehran rejiminin bu istəyini İran prezidenti İbrahim Rəisi bu ayın əvvəlində Tehranda Ermənistan prezidenti Nikol Paşinyanla söhbəti zamanı bildirib. O, hətta İranın artıq bu istiqamətdə konkret addımlar atdığını da vurğulayıb. Onun sözlərinə görə, bu ilin səkkiz ayında İran Ermənistanla ticarət dövriyyəsini 43 faiz artırıb və 427,4 milyon dollara çatıdırıb.
İki ölkə arasında ticarət dövriyyəsinin artımında müşahidə edilən bu trend davam edərsə 2022-ci ilin toplam göstəricisi 700 milyon dolları keçəcək. Halbuki, 2021-ci ilin yekun göstəricisi 500 milyon dollar olmuşdu.
İbrahim Rəisi həmin görüşdə bu artımın əsas sirrini də açıqlamışdı - Ermənistan İrandan aldığı təbii qazın həcmini iki dəfə artırmağı qərara alıb. İndiyə kimi Ermənistan İrandan ildə orta hesabla 400 milyon kubmetrə yaxın qaz alırdı. Yəni bu ildən həmin həcmlər 800 milyon kubmetrə qalxacaq.
Təbii ki, bununla da Ermənistan Rusiyadan aldığı qazın həcmini 400 milyon kubmetr azaldacaq. Özü də bu iqtisadi cəhətdən elə də əlverişli deyil, çünki Rusiya təbii qazın min kubmetrini Ermənmistana 165 dollardan satır, İrandan alınan təbii qazın minkubmetri isə ən aşağı qiymətlə hesabladıqda 260 dollara düşür.
Ermənilər Rusiya qazından bu cür tədrici imtinanı İranın ixrac etdiyi 1 kubmetr qaz əvəzinə barter yolu ilə 3 KiloVattSaat elektrik enerjisi tələb etməsi ilə izah edirlər.
Bildirirlər ki, rus qazı ucuz olsa da, Moskva öz qazının əvəzinə nağd dollar tələb edir. Ermənistanın daxili qiymətləri ilə götürəndə 3 KiloVattSaat elektrik enerjisinin qiyməti 26 sentə bərabərdir. Nəql edilən əlavə qazın qiyməti və onun qarşılığında alınmış elektrik enerjisinin qiyməti hesablandıqda iki ölkə arasında ticarət dövriyyəsi avtomatik olaraq 210 milyon dollar artmış olur.
Bu öz yerində, amma bu cür yayındırıcı cavab Moskvanı qane edə bilməz. Hər halda, 800 milyon kubmetr təbii qaz Ermənistanın bütün istehlakının üçdə birindən çoxdur. Bu ölkənin təbii qaza olan tələbatı 2,3 milyard kubmetr səviyyəsində dəyərləndirilir.
Yəni bu minvalla İran Rusiya qazını Ermənistandan çıxarmağı qarşısına məqsəd qoyub və artıq bazarda 40 faizlik paya malikdir. Qalan 60 faizi də ələ keçirməsi beynəlxalq konyukturadan və Rusiya - Ermənistan münasibətlərindən asılıdır.
Rusiya dövləti tərəfindən maliyyələşdirilən «Sputnik Armeniya» portalına nəzər yetirdikdə görmək olur ki, Moskva Tehranın bu niyyətlərindən artıq bir neçə aydır ki, xəbərdardır. Hər halda, portal 5 aylıq ticarət dövriyyəsinin 33 faiz artması barədə xəbərə «Qəribə rəqəmlər» kimi kinayəli başlıq qoyub.
Təbii ki, Tehranın bu siyasəti Ermənistanın elektrik enerjisi sektoruna, xüsusilə də atom energetikasını dəstək kimi dəyərləndirilə bilər. Bu həm də İranın nəzarətində olan Cənubi Azərbaycan vilayətlərinə - Ərdəbil, Təbriz, Urmiya, Zəncan və Qəzvin ostanlarına qoyulan əsaslı investisiyaların azaldılması siyasətinə xidmət edir.
Hər halda, Ermənistandan alınan elektrik enercisi bu ostanlara veriləcək və iransayağı bu barter olmasaydı həmin enercinin istehsalı üçün regionda generasiya qurğuları yaradılmalı idi. Bu isə Cənubi Azərbaycanda yeni iş yerləri deməkdir ki, Tehran bunu istəmir.
İranla Ermənistan arasında mövcud olan qaz kəmərinin nəql gücü 3 milyard kubmetrdir ki, böyük ehtimalla, İbrahim Rəisi ticarət dövriyyəsinin 3 milyard dollara qaldırılması dedikdə, bu kəmərin tam doldurulmasını da nəzərdə tutur. Yəni bu, baş tutarsa, Ermənistan həm özünü təmin edər, həm də Gürcüstana da qaz ixrac edə bilər.
Yəni Tehran bu addımı ilə ermənilərə dəstək verməklə yanaşı, Gürcüstan bazarında da Azərbaycan qazının satışına rəqib yaratmağı planlaşdırır.
Amma bu da, təbii ki, ticarət dövriyyəsini 3 milyard dollara qaldırmağa qadir plan deyil və İranın bu istiqamətdə həyata keçirmək istədiyi digər layihə də Azərbaycanın maraqlarına ziddir.
Bu, Ermənistanın Qərbi Zəngəzurdan keçməklə çəkmək istədiyi Şimal - Cənub dəmir yolu layihəsidir. Ermənistanın bu istəyi Azərbaycanın 2005-ci ildə Şimal - Cənub Nəqliyyat Dəhlizinə qoşulmasından sonra yaranıb. O da İrana bu təkliflə müraciət edib.
Erməni analitik Arşalyus Mqdesyanın hələ bir neçə il qabaq yazdığına görə, həmin illərdə İran Ermənistanın bu istəyini qeyri - ciddi sayıb. Çünki 560 kilometrlik bu dəhlizin 340 kilometri sıfırdan inşa edilməlidir. Bu hissədə 27 körpü və uzunluğu 12 kilometr olan 5 tunel çəkilməlidir. Həmin illərdə bu dəmir yolunun tikintsi 4 milyard dollar qiymətləndirilib və Tehran bu vəsait yükünün altına girməkdən imtina edib. O vaxt imtinada layihənin Rusiyaya çıxışının olmaması da rol oynayıb. Yəni Tehran Rusiyanın təşəbbüsü ilə yaradılan Şimal - Cənub nəqliyyat dəhlizinə rəqib yaratmaq istəməyib.
Amma belə görünür ki, artıq İran Rusiyanın narazı salmaqdan çəkinmir və layihəyə sərmayə yatırmaq niyyətindədir. Bu niyyəti noyabrın əvvəlində İranın yol və şəhərsalma naziri Rostam Qasemi Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanla görüşündə bildirib. Qasemi deyib ki, İran Ermənmistan ərazisində tunellərin və yolların tikintisinə sərmayə yatıracaq. Bunda məqsəd İranın Hind okeaın sahillərindəki limanlarından gələn yüklərin daşınmasında Ermənistanın da iştirakının təmin edilməsidir.
Konkret olaraq Qasemi deyib: «İranın şimalında 200 milyon ton yük daşınır. Bunu iki ölkə arasında daşımaların inkişafı üçün əlverişli imkan saymaq olar».
Məqsəd aydındır. İran bu yüklərin bir qisminin daşınması üçün, hardasa 4 milyard dollar vəsait xərcləyərək, Ermənistandan keçən dəmir yolu inşa etmək istəyir. Halbu ki, İran Şimal - Cənub nəqliyyat dəhlizinin başa çatması üçün Azərbaycandan 0,5 milyard dollar güzəştli kredit alıb və daha 1,5 milyard dollar vəsait Rusiyadan almağa çalışır.
Ermənistanın qat-qat bahalı və rentabelsiz layihəsinə isə özü vəsait yatırmaq istəyir. Bunun da bir səbəb var - Ermənistanı beynəlxalq nəqliyyat layihələrinə qoşmaqla iqtisadi cəhətdən gücləndirmək istəyir. Və bunun fonunda Azərbaycanın iştirak etdiyi layihəni gecikdirməyə çalışır ki, Ermənistana ikinci nəfəs versin.

***

Dünya əhalisiin sayı 8 milyard nəfərə çatdı və bu, bir çox iqtisadçılarda ərzaq təhlükəsizliyi ilə bağlı narahatlığı artırdı. Onlar artan əhali fonunda dünyada davam edən ərzaq böhranın daha 10 il də davam edəcəyindən narahatdırlar.
Rusiya iqtisadçısı Andrey Qusev bildirib ki, gələn il ərzaq böhranı sadəcə dərinləşəcək. Onun sözlərinə görə, hazırda ərzaq istehsalının artım templəri əhali artımı templərindən geri qalır və bu vəziyyət 21-ci əsrin ortalarına qədər davam edəcək.
Birləşmiş Millətlər Təşkilatının bu ilin iyul ayında yaydığı hesabata görə, 2037-ci ildə Yer kürəsinin əhalisi 9 milyarda çatacaq, 2058-ci ildə isə isə 10 milyard olacaq və yalnız bundan sonra əhali sayında sabitləşmə müşahidə ediləcək.
Hazırda Yer əhalisinin 36 faizi, yəni 3 milyardı Çində və Hindistanda yaşayır. Birləşmiş Millətlər Təşkilatının proqnozuna görə, 2013-cü ildə Hindistanın əhalisi artaraq, Çini arxada qoyacaq.
Hazırda Çinin əhalisi 1,4 milyardan bir qədər yuxarı səviyyədə sabitləşib və artımı demək olar ki, dayanıb. Demoqraflar gələcəkdə Yer kürəsinin əhalisinin artımında əsas rolu Hindistanın oynayacağını düşünürlər.
Yəni Hindistanda əhali artacaq və bu, dünya ərzaq balansına təzyiq göstərəcək. İqtisadi artım hesabına Hindistan əhalisinin adambaşına ərzaq istehlakı da artacaq. Daha öncə bu, Çində yaşanmışdı və iqtisadiyyat inkişaf etdikcə əhalidə daha keyfiyyətli qidalara tələbat yaranmışdı.
Son 50 illik dövrü götürəndə, Hindistanda da adambaşına taxıl istehlakı aprtaraq 150 kiloqrama çatıb. Ət istehlakı göstəricisi isə son 50 ildə 5-6 kiloqram artıb. Buna görə də, BMT ekspertləri düşünürlər ki, yaxın illərdə Hindistan artan əhali sayını təmin etmək üçün ərzaq idxalını artıracaq. Çünki yerli istehsal artan tələbi təmin etmək imkanında deyil.
Buna görə də, yaxın on illiklər boyunca dünya üzrə ərzaq yüklərinin əsas axını Hindistanın da yerləşdiyi Asiya, Afrika və Cənubi Amerika istiqamətində olacaq. BMT-nin Ərzaq və kənd təsərrüfatı idarəsi FAO-nun hesablamalarına görə, ötən il dünya üzrə aclıq keçirənlərin sayı 828 milyon nəfər olub və onlar əsasən sözügedən regionda yaşayıblar.
Lakin dünyada xroniki, yəni ilin müəyyən vaxtlarında aclıq keçirənlərin sayı daha çoxdur və 2,3 milyon nəfər təşkil edir. 3,1 milyard insan isə sağlam qida rasionundan məhrumdur və qida vasitəsi ilə həyat üçün vacib olan mikroelementləri qəbul etməkdə çətinlik çəkir.
Beləliklə, dünyanın 8 milyard sakinindən yalnız 1,8 milyardı normal qidalana bilir. 6,4 milyard insanın həyatının ən böyük probemi ərzaqdır. Burada normal təhsil, karyera imkanları da nəzərə alındıqda 1 milyard insanın normal yaşadığı aydın olur.
Demoqraflar əsasən inkişaf etmiş ölkələrdə yaşayan bu insanlarla bağlı «qızıl milyard» sözlərini işlədirlər. Qalan 7 milyard isə bu «qızıl milyard»ın xoşbəxt həyatından xəbərsiz şəkildə yaşamaq uğrunda mübarizə aparırlar.Bu durum bəşəriyyət qarşısında yeni çağırışlar qoyur. Bəşəriyyətin böyük hissəsi həyata baxışını dəyişdirməli və sırf artım üçün yaşamaq kimi bioloji instinktdən imtina etməlidir. İnsan cəmiyyətinin hər bir fərdinin təhsildə, səhiyyədə, karyera həyatında ən yüksək meyarlara uyğun imkanlarla təmin olunmasına çalışmalıdır.

Digər xəbərlər
Bu gün
Dünən