Təhlükəsiz borc yastığı - VİDEO

Təhlükəsiz borc yastığı - VİDEO
Xarici borcun ÜDM-dəki payı 10 faizə endiriləcək

Azərbaycan xarici dövlət borcunun ümumi daxili məhsuldakı payını azaldaraq 10 faizə endirmək niyyətindədir.

Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib. Ölkə başçısının sözlərinə görə, bununla da dövlətin ümumi daxili məhsul istehsalından əldə etdiyi gəlirlərin daha az hissəsi xarici borca xidmətə yönəldiləcək.

Beynəlxalq standartlara görə, ölkənin xarici borcunun ümumi daxili məhsulun 50 faizini ötməsi ölkə iqtisadiyyatı üçün təhlükəli sayılır. Rəqəmlər göstərir ki, Azərbaycan bu təhlükədən çox üzaqdır 2021-ci ilin sonuna ölkənin birbaşa xarici borcları ümumi daxili məhsulun 13,5 faizinə bərabər olub. Bu göstəricisinə görə, Azərbaycan Cənubi Qafqazdakı digər qonşularından çox fərqlənir. Məsələn, 2021-ci ildə Gürcüstan 57,1 faizə bərabər göstəricisi ilə təhlükə həddinə yaxınlaşıb, Ermənistan isə 60,25 faizlik göstəricisi ilə bu həddi keçib.

Təbii ki, bu həddi keçən ölkələr büdcə vəsaitlərinin çox hissəsini xarici borca xidmətə yönəltməli olurlar və nəticədə, daxili iqtisadi inkişaf üçün vəsait qıtlığı yaranır. Buna görə də xarici borcların büdcə xərclərinə nisbətinə də müəyyən hədd qoyulub. Beynəlxalq standartlara görə, ölkələrin birbaşa xarici borclarının dövlət büdcəsi gəlirlərinin 40-60 faizi arasında dəyişməsi daha əlverişli sayılır.

Azərbaycan bu sahədə də əlverişli vəziyyətdədir. 2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 26 milyard 396 milyon manat, yəni 15,5 milyard dollar olub. 2021-ci il 31 dekabr tarixinə birbaşa xarici dövlət borcu isə 7 milyard 393 milyon dollar təşkil edib.

Yəni xarici borc dövlət büdcəsi gəlirlərinin təxminən 47 faizinə bərabər olub. Ölkə başçısının xarici borcun ümumi daxili məhsuldakı payının 10 faizə salınması ilə bağlı müəyyən etdiyi hədəfə çatıldıqdan sonra bu göstərici daha da aşağı düşəcək.

Lakin bu heç də Azərbaycanın xarici borclardan imtina etməsi olmayacaq. Azərbaycanın iqtisadiyyatı və dövlətçiliyi inkişaf etdikcə, ölkə istər-istəməz, qabaqcıl beynəlxalq təcrübələri cəlb etmək üçün xarici borcları artırmağa məcbur olur. Amma ölkə iqtisadiyyatının inkişaf sürəti xarici borcu həmişə üstələyib.

Məsələn, 2003-cü ildə Azərbaycanın xarici borcu 1 milyard 757 milyon dollar olub və ölkənin ümumi daxili məhsulu 7 milyard 277 milyon dollar təşkil edib. Nəticədə, xarici borcun ümumi daxili məhsulda payı 22 faizə bərabər olub. Yəni son 19 ildə Azərbaycanın xarici borc 4,2 dəfə artsa da, dollar ifadəsində ümumi daxili məhsul 7,5 dəfə böyüyüb.

Nəticədə, Azərbaycan hətta 2014-cü ildə baş vermiş texniki devalvasiyadan sonra belə, xarici borcun ümumi daxili məhsuldakı payını beynəlxalq standartlara uyğun olaraq, 50 faizdən aşağı səviyyədə saxlaya bilib. Daha sonra iqtisadiyyatın sürətlə böyüməsi sayəsində bu göstərici 20 faizdən də aşağı salınıb. Ölkə başçısının hökumət qarşısında müəyyən etdiyi vəzifələr sayəsində bu uğurlu siyasət bundan sonra da davam etdiriləcək.

REAL

Digər xəbərlər
Bu gün
Dünən