Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

Bu barədə REAL-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevin sədrliyi ilə keçirilən iclasda ölkəmizin müvafiq dövlət orqanlarının nümayəndələri ilə yanaşı, ölkəmizin aparıcı ali təhsil müəssisələri, akademiyaları, elm ocaqlarını təmsil edən görkəmi hüquqşünaslar və media nümayəndələri iştirak ediblər.

Elmi-Məsləhət Şurasının iclasını açan Baş prokuror əvvəlki iclasdan ötən dövr ərzində ölkəmizin ictimai-siyasi həyatında, hüquqi dövlət quruculuğunda baş verən əhəmiyyətli hadisələr haqqında məlumat verib.

Bildirilib ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin bərpası, mühüm infrastruktur obyektlərinin istifadəyə verilməsi istiqamətində mühüm layihələr icra edilib, Zəngilan rayonu Ağalı qəsəbəsinə vətəndaşlarımızın köçməsi ilə Qarabağa böyük qayıdışın təməli qoyulub, Şərqi Zəngəzurun iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq Zəngilan Beynəlxalq Hava Limanının təntənəli açılışı olub, birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı və dəstəyi ilə təhsil, sosial, incəsənət və digər sahələri əhatə edən irimiqyaslı tədbirlər həyata keçirilib.

Ötən müddət ərzində ölkəmizin hüquq ictimaiyyəti və hüquq sistemimizin inkişafı baxımından mühüm hadisə kimi Azərbaycan Prezidenti İlham Əliyevin 19 may 2022-ci il tarixli fərmanı ilə “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsinin təsis edilməsi xüsusi qeyd edilib.

Daha sonra sədr Kamran Əliyev tərəfindən Şura üzvlüyünə yeni qəbul edilmiş qeyd edilən PHŞ-in icraçı direktoru Samir Mahmudov və Vəkillər Kollegiyasının nümayəndəsi, Mediasiya Şurasının Etika Komitəsinin sədri, 20 saylı Vəkil bürosunun rəhbəri İlhamə Həsənova təqdim edilib. İclasa dəvət edilən Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev tərəfindən “Hüquq mühafizə orqanlarının fəaliyyətində Avropa Şurasının İşgəncə, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsinin (CPT) standartları” mövzusunda təqdimat keçirilib.

Tədbirdə “Prokurorluq orqanlarında peşə hazırlığı metodik vəsait”, “Jurnalistlər üçün hüquqi terminlər lüğəti”, “Media üçün 555 sual və cavab”, “Dövlət qurumlarının Mətbuat xidmətlərinin media ilə qarşılıqlı əlaqələri üzrə metodiki tövsiyə”, “Kibercinayətlərin istintaqına dair metodik vəsait”, “Maraqlar toqquşması” adlı vəsaitlər ictimaiyyətə təqdim edilib, eyni zamanda, Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin veb-saytının təqdimatı keçirilib.

Həmçinin, iclasda hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr arasında Baş Prokurorluqda keçirilən “Hüquq viktorinası” adlı müsabiqənin qaliblərinə sertifikatlar təqdim olunub.

İclasın yekun mərhələsində gündəlikdə duran məsələlər, o cümlədən müxtəlif hüquqi məsələləri özündə ehtiva edən mövzular üzrə Elmi-Məsləhət Şurasının üzvləri tərəfindən geniş müzakirələr aparılıb.

Digər xəbərlər
Bu gün
Dünən