Mir Şahinin vaxtı (VİDEO)

Mir Şahinin vaxtı (VİDEO)

...Bu gün deyirəm sadəcə bir bayram söhbəti edək. Məsələn, xoşbəxtlikdən danışaq.

 Adətən Azərbaycanda ancaq toyxanalarda, şadlıq saraylarında yada düşən, yeni evlənənlərə “xoşbəxt olun!” deməklə bitən bu dilək nədi axı?

Əslində isə xoşbəxtliyin təbiətində fövqəladə heç nə yoxdur. Adi, ümumişlək, növbətçi bir hissdir. Yəni sadəcə varsansa, başının üstündə dammayan dam, damının üstündə müstəqil dövlət, bu dövlətin üstündə bayrağın varsa artıq xoşbəxtsən.  Belə olanda xoşbəxtliyə o qədər öyrəşirsən ki, onu hiss də etmirsən. Haqqında ümumiyyətlə düşünmürsən. Hava kimi. Su kimi. Amma elə ki, çatışmamağa başlayır, panikaya düşürsən. Vurnuxursan, itirdiyini qaytarmağa şalışırsan, heç nə istəmirsən, o aqoniyada diləyirsən, yalvarırsan ki, hər şey əvvəlki kimi olsun. Bu isə mümkün olmur. Və bax onda bir zamanlar nə qədər xoşbəxt olduğunu xiffətlə anırsan. Anlayırsan ki, ilahi, o köhnə velosipedi balkonda bağlayıb, övladlarınla birlikdə televizorda ən bəsit cizgi filminə baxa-baxa, sabah öz nimdaş avtomibilinlə valdeynlərinin qəbrini ziyarətə gedəcəyini planlaşdırma da bəxtəvərlikmiş. 

Hamam otağında kranın xarab qıfını dəyişmək də, işə gedib gəlmək də, hətta qonşu aptekdən vitamin c almaq da. Xüsusilə də bu gün, planet qolu zorlularının eksperiment canlısı tək bu və ya digər miqyaslarda, müxtəlif lülə və kolbalarda istifadə etdiyi müsəlmanların orta aqibətini yaşamadığına sevinərək. Nə yaxşı ki, sənin yaşadığın rayonun yolunu qrad, raket, bomba, mərmi yox, tutaq ki,  ağır yük maşınları dağıdıb.  Hətta nisyə dəftərİ belə bəzən xoşbəxt olmağa kifayət edir. Sən, müstəqil və rahat Azərbaycan olaraq dünyanın beş ən təhlükəsiz ölkəsindən biri sayılan Yeni Zelandiyada ibadət edərkən terrora məruz qoyulan müsəlman həmdinlərini rəhmətlə yad edə bilirsən. 

Niyə bunları danışıram? Ona görə ki, deyəsən bu günkü toxluğumuzun dünənki aclığımızdan tədricən xəbəri olmur. Həmvətənlərimiz arasında real olmayan daha yaxşının  ardına düşüb, olan-qalan rahatlığı, abadlığı qurban verməyə hazır olanlar peyda olmaqdadır. 

Bəzən hardan gəldiyimizi unuduruq. Xaraba qalmış dövlətimizin viranələrində ulayan bayquşları, son 27-28 ilin qanlı, qırğınlı olaylarını, çadır şəhərciklərində, vaqonlarda yaşayan, un, qənd, duz yardımı  maşınlarının təkərləri altına köpəklərlə birlikdə yüyürdüyümüzü, Donmuş Rusiya qavyadinası və quru İran lavaşı ilə Allaha şükürlər etdiyimizi unuduruq. Ağzımız isti yerdə olduğundan yaddan çıxarırır ki,  indi regional  güc vahidinə çevrilən, Cənubi Qafqazın ən inkişaf etmiş, ən sabit və nüfuzlu dövləti kimi möhkəmləmiş  Azərbaycan hələ srağagün parçalanmaqdaydı, vətəndaş müharibəsi qapımızın ağzına gəlib çıxmışdı...

 Əlikram Hümbətovun birisi “Erməni Biləsuvardan bu yana keçməməlidir!” deyib, özü kimilərin alqışlarını qazanırdı. Qəhrəmanov soyadlı başqa separatçı isə başının dəstəsilə şimal sərhəddimizi zurna çala-çala tapdayıb  keçirdi... Öz ölkəsində çəkiliş aparan Azərbaycan reportyorlarını isə həmin separatçının əmrilə isə həbs edərək ifadə almağa Dərbəndə aparırdılar. Aclıq tüğyan edirdi, çörək növbəsinə dan yeri ağarmamış yazılırdıq ki, evdə körpələr ac qalmasın. Və indi rahat-rahat, əmin-arxayıncasına bütün bunları unuduruq. Əlbəttə bunda demoqrafik reallıqların da öz təsiri var. 30 il bundan əvvəl olanları 30 yaşlılar hardan öyrənsin?!  Seçim çox deyil. Günümüzün gənc və yeniyetmələri, uşaq və körpələri ya ordan-burdan eşitdikləri pozuq xatirələrdən ya da həmin fəlakətli keçmişi bizə, xalqa yaşadan vicdan fərarilərinin utanmadan danışdıqları uydurmalardan bəhrələnirlər.  O müdhiş keçmişin Azərbaycanın bu günkü abad və azad gələcəyinə çevrilməsinin bir çox canlı şahidlərisə susur. Ya qorxudan, ya acıqdan, ya düşmənçilikdən, ya laqeydlikdən, ya da sadəcə əclaflıqdan. Başqa səbəb yoxdur. Axı sən gözünün qabağında öz balanın, nəvənin, kiçik qardaşının, kiçik bacının cəhənnəmə necə getdiyini görə-görə necə soyuqqanlı bir sükutla bu qorxunc  səfəri müşayiət və müşahidə edə bilərsən?! 


 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə