Azərbaycan XİN BMT-yə etirazını bildirib

Azərbaycan XİN BMT-yə etirazını bildirib

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın öz illik hesabatı ilə yanaşı, ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimin də hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim etdiyi və bu sənədlərin BMT-nin rəsmi səhifəsində yayıldığı ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat katibi Leyla Abdullayeva REAL-a bildirib ki, burada BMT-nin İnsan Hüquqları Şurasına təqdim edilmiş illik hesabatdan söhbət gedə bilməz: "Mətbuatda məlumatı təqdim edərkən onun dəqiqliyinin yoxlanılması vacibdir. Ermənistan KİV-in bir çox hallarda müəyyən mövzuları öz maraqlarına cavab verəcək şəkildə təqdim etdiyinin dəfələrlə şahidi oluruq. Birinci hal deyil ki, Ermənistan tərəfi öz məktublarına Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz separatçı rejimin kağızlarını əlavə edirlər. Ermənistan tərəfinin BMT, eləcə də ATƏT çərçivəsində üzvlük hüquqlarından sui-istifadə edərək qanunsuz rejimin kağızlarını öz məktublarının əlavəsi kimi yaymaq təcrübəsinə cavab olaraq, təşkilatlar yayılan bu sənədlərin hər hansı bir şəkildə təşkilatın mövqeyini əks etdirmədiyini bildirirlər. Sənədə diqqətlə baxsanız, burada sənədin əlavəsinin yayılmasının BMT Katibliyinin onun mahiyyəti üzrə hər hansı mövqe bildirməsi demək olmadığı aydın şəkildə yazılır"

"ATƏT-də də eynilə bu kimi sənədlərin üzərində yayılan məlumatın ATƏT-in mövqeyini əks etdirmədiyi birmənalı şəkildə qeyd olunur. Ümumiyyətlə, Azərbaycan ərazilərini işğal edərək burada yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, o cümlədən işğal zamanı Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətlər törədən, yüz minlərlə etnik azərbaycanlının öz doğma evlərində yaşamaq hüququndan məhrum edən Ermənistan insan hüquqlarından bəhs edən hər hansı sənəd yaymağa utanmalıdır. Bu kimi addımlarla Ermənistan, ilk növbədə, öz əhalisini aldadır və işğal etdiyi ərazilərdə yaratdığı qondarma oyuncaq qurumun guya ki, tanınması görüntüsünü yaratmaq istəyir", - o qeyd edib.

XİN rəsmisi BMT-də Ermənistan nümayəndəliyi tərəfindən yayılan sənədə də toxunub: "Bu günədək Ermənistanın bu kimi təxribatlarına cavab olaraq ölkəmizin mövqeyini əks etdirən və yayılmış kağızların heç bir qüvvəyə malik olmadığını bildirən etiraz məktubları BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi dərc olunaraq yayılıb. Konkret qeyd etdiyiniz hal ilə bağlı ölkəmizin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan Hüquqları Müqavilələri Bölməsinin rəhbəri ilə görüş keçirilmiş və Ermənistanın Cenevrədəki Daimi Nümayəndəliyi tərəfindən göndərilmiş sənədə əlavə olumuş kağızların heç bir hüquqi əsasının olmadığı və belə cəhdlərin qəbuledilməz olduğu barədə etiraz bildirilmişdir".

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə