Mir Şahinin vaxtı (VİDEO)

Mir Şahinin vaxtı (VİDEO)

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtıdır. Təfəkkürdən danışacağıq. Təfəkkürün müxtəlif çəki dərəcələrindən.  Zaman dəyişdikcə xalqların, dövlətlərin əhəmiyyəti, qlobal faydalı iş əmsalı yeni reallıqlara uyğun olaraq dəyişir. Bu baxımdan Azərbaycan da istisna deyil. Ən yaxın keçmişdə enerji ehtiyatlarına görə xüsusi əhəmiyyət daşıyan ölkə indi yeni,  daha etibarlı və üstün alternativlə gündəlikdədir. Tükənə bilən enerji ehtiyatlarını əbədi resurslar əvəz edir. Söhbət enerji ehtiyatları ölkəsinin yol ehtiyatları ölkəsinə çevrilməsindən gedir. Aprelin 26-da Pekində keçirilən 2-ci “ Bir Kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda Azərbaycanın iştirakı yəqin ki bu zərurətin növbəti təsdiqi oldu. Bir misal gətirəcəm indi. Çin Xalq Respublikasının Sədri Si Cinpindən. İstərdim ki, ölkəmizin yerləşdiyi əhəmiyyət mərtəbəsinin qlobal xarakterini beynimizə vuraq. Deməli Çinin lideri deyir:  “Bir kəmər, bir yol” təşəbbüsünün 150 ölkə tərəfindən dəstəklənməsi, göstərir ki, bizim təşəbbüs bütün dünyanı əhatə edir və  bu  dünyanın inkişafında yeni mərhələdir.” . Dünyanın İnkişafında yeni mərhələ. Deməli, Azərbaycan dünyanın inkişafının yeni mərhələsində iştirak edir. Başa düşülür? Bunu nəhəng Çin şəxsən və rəsmən bəyan edir. Anlaya bilirik? Burda Cəlilabad və ya Zərdabın, Yardımlı yaxud Daşkəsənin, Bakı və Ordubadın, yəni  Azərbaycanın ayrı-ayrı regionlarının inkişafından bəhs edilmir e. Söhbət dünyanın İnkişafında, özü də həmin inkişafın yeni mərhələsində iştirak etməkdən gedir. Qədim İpək Yolu üzərində yeni dəyərlərin formalaşmasına dəstək göstərən, qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaldan meqaprojedə. Bu layihə beynəlxalq səviyyədə yüklərin daşınmasını, beləliklə də milli gəlirlərin artmasını təmin etməklə Planetin inkişafına ciddi təkan verəcək. Azərbaycan bəşəriyyətin, Yer Kürəsinin həyatının bütün sahələrinə, xüsusilə də sosial məsələlərə inkişaf baxımından ciddi təsir göstərən, bu nəhənglər nəhəngi layihədə, qlobal inkişafın yeni mərhələsində iştirak edir. Azərbaycanın lideri Forumun ali tribunasını Rusiya, Qazaxıstan, Misir, Malayziya, Pakistanın birinci şəxsləri, BMT-nin baş katibi ilə bölüşdü.  4-cü sənaye inqilabının formalaşdırdığı yeni dünya və yeni qaydalar sistemində, qlobal elitanın təfəkkür lojasında Azərbaycana ayrılan mötəbər yer artıq  onu üstün start vəziyyətinə layiq görüb. Bəşəriyyəti narahat edən məsələlərə diqqətin yönəldiyi, mövcud problemlərin həllində və dünya iqtisadiyyatının dinamik inkişafında əhəmiyyətli rola malik  layihədə Azərbaycan əməyi, Azərbaycan zərurəti var. Planetdə “Daha parlaq birgə gələcəyin qurulması” mövzusuna Azərbaycanın baxışı belədir.  

Dünyanın İnkişafında yeni mərhələ

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Azərbaycanın sürətli iqtisadi inkişafı bizə ölkəni transformasiya etməyə kömək etmişdir. Ötən on beş ildə iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Yatırılan 260 milyard dollar həcmində sərmayə bizə ölkəmizi müasirləşdirməyə və müasir infrastrukturu, o cümlədən nəqliyyat sahəsində infrastrukturu yaratmağa kömək etmişdir. Azərbaycanın çox aşağı səviyyədə xarici borcu var. Bu, bizim ümumi daxili məhsulun təxminən 19 faizini təşkil edir. Bizim ehtiyatlarımız xarici borcumuzdan beş dəfə çoxdur. Azərbaycanın builki iqtisadi göstəriciləri artımın olduğunu nümayiş etdirir. Ümumi daxili məhsul 3 faiz artıb, inflyasiyanın səviyyəsi 2,1 faizdir və iqtisadiyyatın şaxələnməsi bizim əsas məqsədlərimizdən biridir. Azərbaycanın çox böyük neft və qaz ehtiyatları var. Biz neft və qazımızı beynəlxalq bazarlara nəql etmək üçün çoxsaylı boru kəmərləri tikmişik və əsas hədəfimiz iqtisadiyyatımızı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq və inkişaf üçün dayanıqlı imkanlar yaratmaqdır. Şaxələndirməyə gəldikdə, bizim diqqətimiz əsasən sənayenin, kənd təsərrüfatının, turizmin, xidmətlər sektorunun, informasiya və kommunikasiya texnologiyalarının inkişafına yönəlib. İnfrastruktur layihələri bizim üçün çox önəmlidir və biz müasir infrastrukturun yaradılmasına sərmayə yatırmaq üçün maliyyə resurslarımızdan istifadə etdik. Azərbaycanda qazlaşdırma səviyyəsi 95 faiz təşkil edir, Azərbaycan elektrik enerjisini, neft və qazı ixrac edən ölkədir. Nəqliyyat sahəsinə investisiyaların yatırılması bizim əsas prioritetlərimizdən biridir. Üç il öncə Azərbaycan və Çin “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalayıb. Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq. Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Azərbaycanda son 15 ildə 15 min kilometr yol və avtomagistrallar çəkilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir.İnfrastrukturun inkişafına, həmçinin çox əlverişli biznes mühitinin yaradılması ilə dəstək verilir. Qeyd etdiyim kimi, 260 milyard dollar həcmində investisiya yatırılıb və bunun yarısını xarici investisiyalar təşkil edir. Bu gün Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir. Dünya Bankının ən son “Doing Business” hesabatına görə, Azərbaycan biznes mühiti üzrə 25-ci pillədədir və bir il ərzində biz mövqeyimizi əsaslı şəkildə yaxşılaşdırmışıq. İndi Azərbaycan dünyada ən çox islahat aparan on ölkə sırasındadır”.

Əliyevin çıxışı,  həm də Azərbaycanın 4-cü sənaye inqilabı zamanını yaşayan Planetə yeni keyfiyyətdə, yeni məzmunda, yeni qlobal çağırışlara uyğun olaraq Beynəlxalq Xab Prezentasiyası idi. Biz Yoluq. Amma ayıran yox, birləşdirən. Bu yollarla dövlət öz qan-damar sistemini genişləndirir. Prezidentin şaxələndirmə kimi təqdim etdiyi mənzərəyə elə özünəməxsus qan-damar  sxemi tək də baxmaq olar. Bayaq mən təfəkkürün müxtəlif çəki dərəcələrindən danışacağımı anons etdim. Ora da gələcəm. Amma istərdim ki, indi qloballıqdan eksklüzivliyə keçək. Bu barədə Prezident dəfələrlə danışıb. Elə birinci vitse-prezident də. Söhbət nədən gedir. Ən bəsiti budur: Dünyaya qaynayıb-qarışaq. Amma özümüzü, eksklüzivliyimizi itirməyək. Vəssəlam. Və mövzuya bu günlərdə İçərişəhər ətrafında baş verən sosial şəbəkə canfəşanlığından giriş vermək istəyirəm.

Şayiə maşını

 Deməli belə. Sosial şəbəkə fəalları birdən-birə aydın səmada göy guruldatdılar. Sanki Qala öz tarixi statusuna qayıdırdı. Müdafiə olunmalıydı. Guya Qoşa Qala qapısının divarları dağıdılır. Kərpiclər sökülür. Vurulmayan bir ayının dərisi ortada. Dağıdılmayan divarın dibində emosiyaların ləşkəri xeymələr qururdu. Vay dədəm vay! Nə qədər vətənpərvərimiz varmış.  Nə qədər uşaq matıyla məşhur şahmatçımız Qalaqurma yaratdı. Azərbaycandan xaricdə oturub Azərbaycan dövlətinin dibini qazımağa çağıran vətənüzinalara cavab verməyə cürətləri çatmayan, qaçıb kol dibinə girən klaviatura cəngavərləri birdən-birə meydan sulamağa başladı. Baxmayaraq ki, İçərişəhər qoruğuun rəsmiləri elə Real Tv-nin birbaşa yayımında söhbət mövzusu olan ərazini az qala millimetrinədək göstərmişdi, izah etmişdi ki, qalanın başından bir daş belə əskik olmayıb, olmayacaq, gözlərinizlə görün, baxın. Əsil vəziyyət belədir. Amma yooooox. Kimə deyirsən. İt ilindən qalma daşların şəkillərini sosial şəbəkə boyu yayan kim, məqsədli şəkildə təxribat səpələyən kim, həqiqəti yalan kimi sırımaqdan həyasızcasına çəkinməyən kim… Müxalifət şou-biznesinin parlaq, daha doğrusu par alaq ulduzları bilə-bilə ki, yaydıqları, paylaşdıqları yalandı, böhtandı, uydurmadı. Dayanmadan qızışdırırdılar. Qapqara, Qanacaqsız, Abırsız bir şayiə maşını işləyirdi.  Sosial Şəbəkənin imkanlarından istifadə edənlər yəqin ki, öz məkrli planları üçün daha bir eksperiment, test sınağı etmək istəyirdilər. İndi isə birinci vitse-prezident Mehriban Əliyevanın Qoşa Qala ətrafında yaranmış məlumat qarışıqlığına müdaxiləsi, səmimiyyətlə, alicənablıqla, daha doğrusu alixanımlıqla prosesləri idarə etməsini əks etdirən kadrlara baxaq.  Baxmayaraq ki, artıq bu kadrlar həftənin videobetselləri olub demək olar. Amma bir də baxaq. 

Mehriban Əliyeva, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti: “İçərişəhər bütün Azərbaycan üçün, bizim bütün vətəndaşlarımız üçün çox doğma və əziz yerdir. Bakımızın, doğma Bakımızın ürəyidir. Bu, doğrudan da çox dəyərli tarixi və mədəni abidədir. Mənim yadımdadır, xatırlayıram, bir zamanlar İçərişəhər UNESCO-nun qara siyahısına salınmışdı. Çünki burada bərpa işləri aparılmırdı. Bütün bu qanunlara zidd hərəkətlər olub. O zaman məhz Prezidentin göstərişi ilə İçərişəhərdə bir çox işlər, bərpa, yenidənqurma işləri aparıldı. Sakinlərin, sahibkarların məramları nəzərə alınaraq İçərişəhərin hər binasına, hər bir daşına dövlət tərəfindən böyük diqqətlə yanaşıldı. Mənim yadımdadır, Novruz bayramında cənab Prezidentlə bizim burada gəzintimiz oldu və sakinlərlə ünsiyyətdə olduq. Fəxr edirik ki, bizim Bakımızın belə İçərişəhəri var. Əlbəttə, mən əminəm ki, bu, hər bir azərbaycanlının ürəyində yaşayan bir hissdir. Təbii ki, Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq.
 
Bilirsiniz, mən indi bu sosial şəbəkələrdə, informasiya məkanında yayılan yalanlar, böhtanlar, qarayaxma kampaniyaları aparan insanlar haqqında danışmaq istəmirəm. Mən bir şeyi qeyd etmək istəyirəm. Hər insan öz vicdanı və Allah qarşısında cavab verir. Ona görə mən əminəm ki, pis niyyətlə, təxribatla, nifrət hissi ilə heç vaxt yaxşı bir nəticə əldə etmək mümkün deyil”. 

Onu da deyim ki, Qoşa Qala qapısı Mehriban Əliyevanın o gün baş çəkdiyi yeganə ünvan deyildi. Qayıdacağıq o görüşlərə də. Amma indi mətləbdən uzaqlaşmadan bəzi təfərrüatlar üzərində dayanaq. Əvvəla tarix və müasirlik, onların uzlaşdırılmasına baxışlarımızı tam dəyişməliyik. Necə ki, bunu Alim Qasımov edib və dünya miqyasında uğur qazanıb. Onun muğamın ən müasir musiqi istiqamətlərilə sintezini ayaüstə alqışlayırıq. Bunu elə-belə dedim. İndi deyəcəklərimi anlamaq asan olsun deyə. Tarixi abidədi, onun yanında hansısa mədəni-istirahət kompleksi, restoran, çay evi tikmək olmaz kimi şüarlar söyləmək əvəzinə bir az gözümüzü açıb dünyaya baxaq. Mən şəxsən Eyfel qülləsində qəhvə də içmişəm və deyim ki, o qəhvədən o Qüllənin Tarixinə bir damcı da ləkə düşməyib. Eləcə də Misirdə Piramidaların iki addımlığında öz köşklərində qarğıdalı bişirib turistlərə satan misirliləri bu dəqiqə də görmək olar. İndi sizcə, Bakıya buyurmuş turist tutaq ki, gəlib çıxdı Qız Qalasının başına. Neyləsin susayanda gedib Ceyranbatan gölünə dodaq vurub qayıtsın? Ordan da Atəşgah alovunda kabab çəkməyə yollansın?! Bu bədbəxt hardasa əyləşməli deyil? Muğam klubu, Karvansarayın immunitetini Atabəylər təsdiqləyib bəlkə? Nə qədər boşboğazlıq etmək olar axı. Hər yerindən duran əlində bir qotur telefon götürüb özünü mediya maqnat, televiziya sahibi hiss edir. Ağzına gələni danışır, yayır, birbaşa, bir ayağa, bir qola, nə bilim bir nəyə… Ay uşaq. O oyuncaq deyil. Get kitab oxu. Əl-üzünü, dişlərin yu. Mənəviyyatının kirini təmizlə. Qala Divarlarını sənsiz də qoruyan var. Qorumaq istəyirsinsə, mən gözətçi postu göstərim. Otur monitor, displey qarşısında Azərbaycanı Qurban Məmmədov, Qənimət Zahid, Sevinc Osmanqızı və adlarını çəkmədiyim və ya bir az sonra çəkəcəyim başqalarının yalanından, böhtanından, açıq-aşkar virtual həmlələrindən qoru. Buna cürətin çatmırsa, guya qala divarlarına süpər olmağa hazır qardaş və bacım, otur yerində. Heç nədən hay-küyün ilk günü elə bizim studiyada dəfələrlə deyilmişdi ki, heç kim Qala Dibi qazmır. Xüsusilə, xaos Müxalifətinin Əli Kərimli kimi plebey, cahil, savadsız fanatlarının beyinlərinin bir yarımkürəsilə Azərbaycana Suriya, Liviya, Sudan arzulayan, o biri yarımkürəsilə isə guya Qoşa Qala dibini qoruyan hissəsi səmimi deyildi. Bağışlayın məni, amma deyəcəm, bu riyakarlığın son həddi idi. Guya Siz Qoşa Qala qapısı qədri bilənsiz? Sosial şəbəkələrin başıpozuqluğundan, dərəbəyliyindən və intəhasızlağından istifadə edib onsuz da bir qəpiklik etdiyiniz söz azadlığı kimi dəyəri aparıb day lap itin quyruğunun altına yapışdırmayın da. Sizə görə adam öz peşəsindən iyrənir e. Sizin sayənizdə artıq Azərbaycanda söz azadlığını böhtanın sinonimi kimi anlamağa başlayıblar. Mehriban Əliyevanın İçərişəhər qoruğuna gəlişi bir daha təsdiqlədi ki, dövlətin göz bəbəyi kimi qoruduğu bu abidələr məbədgahının üstündə bir təhlükə varsa, o da bir qrup sözbazın yaratdığı  özünəməxsus  şayiə diversiyasıdır və yaxşı ki birinci xanım Real mənzərə ilə yerində tanış oldu. BBC-nin əməkdaşının verdiyi sual da əslində yaranmış vəziyyətdən rüsvay çıxmamaqdan ötrü düşünülmüş variant idi.

Onsuz da heç kim Qoşa qala divarının görünüşünü bağlamağa hazırlaşmırdı. Bu sualın cavabı ilə guya “Baxın! Biz haray qaldırdıq! Dövlət də etdi!” effekti almaq istəyənləri məyus etməli olacağıq. İşləmədi. Dövləti kimsə öz dar qafasıyla nəyəsə məcbur etmədi. Həqiqət yerində idi və yerində də qaldı. Fürsətdən istifadə edərək sosial şəbəkələrin qarügüruhçuluğundan, qeyri-peşəkarların burda at oynatma tendensiyasından danışmaq istəyirəm. Burda açıq şantaj metodu var. İslahatların bu mərhələsinin Azərbaycanına xas olan vətəndaş-dövlət təmasının yeni formatından irəli gələn qeyri-inzibati ünsiyyət ovqatının hara qədər olduğunu sınamaq fikrinə düşən virtual cahiliyyə anlamır ki, bu məkanda artıq əvvəlki epiklik, geniş miqyaslılıq, ctəkanda fırtına üçün əlverişli şərait yoxdur. Sosial şəbəkənin imitasiya etdiyi klaviatura-monitor hərəkatı alınmadı. Vəssəlam. Qoşa qala qapısı kompaniyası göstərdi ki,  bədxahların arzuladığı münbit elektron mühit populyarlığını itirir. İstər aprel şəhidi ailəsinin mənzil probıemi adı altında efirə buraxılan hava, istərsə də bu qala daşlı qala mahnısı müvafiq sümüklərə düşmədi. Hər iki halda ortadakı həqiqət alayarımçıq idi. Birinci halda şəhid sosial şəbəkələrin iddia etdiyi kimi aprel şəhidi deyildi, həm də onun mənzil problemindən söhbət ümumiyyətlə getmirdi, burda birinci vitse-prezident Aprel Şəhidinin adı hallanmasın deyə məsələyə müdaxilə etdi və məsələni bağladı. İkinci halın həqiqəti isə sadəcə divarın yanında tikintinin getməsi idi ki burda da heç bir qanun pozuntusu yox idi. Yenə də Birinci vitse-prezident insanların panikaya salınmasının yaratdığı ovqatı sahmana saldı. Bacılar və Qardaşlar. Məsələ burasındadır ki, Dövlət vətəndaşa yeni ünsiyyət forması təklif edib və bu mükalimənin əhəmiyyətini anlamaq lazımdır. Buyurun, biz indi Sizə Mehriban Əliyevanın daha iki görüşünü təqdim edəcəyik. Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan “Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə. Əgər dövlət öz vətəndaşınını görüşünə belə səmimi, təmiz simayla, az qala uşaq təbəssümü ilə gedirsə, gəlin bunu qiymətləndirək. Ölkənin içinə və bayırına düzlənən siyasi kursun fəlsəfəsini anlamağa cəhd edək. Prezident Çində Planetin İnkişafının yeni mərhələsində Azərbaycanın yerini müəyyən edir, burda isə dövlətin ikinci şəxsi sadə azərbaycanlı ilə ünsiyyətdə bir tərəfdən tarixi-mədəni  dəyərlərin qorunmasının zamini kimi çıxış edir, başqa bir görüşdə isə sırf millilik, böyük-kiçiklik, ağbirçəyə ehtiram. Bir sözlə xalqın özünəməxsusluğunun qorunması ön plandadır. Dünyaya qaynayıb qarış, amma özünü də itirmə.

Mehriban Əliyeva, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti: “Çox sağ olun ki, məni belə qarşılayırsınız. Əziz analar, əziz bacılar, mən sizi çox sevirəm. Mən sizin üçün əlimdən gələn hər şeyi edəcəyəm. Mən gəlmişəm sizinlə danışım, problemlərinizi öyrənim. Sizə söz verirəm, həm cənab Prezident, həm mən daim sizin yanınızdayıq. Mən bilirəm ki, siz yararsız binalarda çətin vəziyyətdə yaşayırsınız. İnanın mənə, tapşırığımla yeni yol xəritəsi hazırlanır. Bütün yataqxanalarda, bütün pansionatlarda həm nazirliyin, həm Heydər Əliyev Fondunun əməkdaşları, həm də Regionların İnkişafı Fondunun əməkdaşları bir-bir gəzəcəklər, araşdıracaqlar, insanlarla görüşəcəklər, bütün problemləri öyrənəcəklər, lazım gəlsə özüm də bütün pansionatları gəzəcəyəm. Prezident İlham Əliyevin diqqətində olan ən vacib məsələ məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılmasıdır və bu günə qədər çox böyük işlər görülüb, 300 mindən artıq insan evlə təmin olunub və təmin olunacaq. Son illərdə mən görürəm ki, müsbət dinamika var. Əgər 2017-2018-ci illərdə 6126 mənzil təhvil verilibsə, bu il təkcə 1 il ərzində 6 min mənzil təhvil veriləcək. Mən xüsusi olaraq gəlmişəm ki, sizin yaşayış probleminiz qısa bir zamanda həll olunsun, normal yaşayış şəraiti təmin edilsin. Bilirsiniz, həm Azərbaycan dövləti, həm Prezident, həm də şəxsən mən, bütün bu problemlərlə gündəlik fəaliyyətimizdə məşğul oluruq. Çıxış yolları da var. Bu günə qədər çox işlər görülüb, 300 mindən çox qaçqınımız, məcburi köçkünümüz mənzillə, evlə təmin olunub. Amma yenə də bu problem var. Biz gərək özümüz üçün proqram yaradaq ki, bütün bu məsələləri ardıcıl olaraq həll edək və bütün soydaşlarımızı normal yaşayış şəraiti ilə təmin edək. Mən bu yolda əlimdən gələn hər şeyi etməyə hazıram. Çox qısa bir zamanda normal ev şəraiti ilə təmin olunacaqsınız”.

Belə. Təfəkkürdən, onun müxtəlif çəki dərəcələrindən danışırdıq. Dövlət Çində Azərbaycanın dünyanın yeni inkişaf planının təsisçilərindən biri olmağı ona görə istəyir ki, sadə vətəndaşının, Mehriban Əliyevanın təbirincə desək, məsələn o iki gözəl balanın gələcəyi etibarlı inkişafa tam bel bağlaya bilsin. Dövlətə, düz eşitdiniz, hökumətə, iqtidara yox, məhz dövlətə opponentlik edənlərin zəkası isə geri qalıb. Gerizəka demirəm, təhqir sayarlar birdən. Amma doğrudan geridə qalıb. Yalnız zəif, bəsit və dayaz təhlil. Yalnız aşağı səviyyəyə, az məlumatlılara hesablanan, cahiliyyə kontingentinə tuşlanan plintusdibi mülahizələr. 1988-93-cü illərdə ilişib qalmış yedəyəmöhtaclar artıq yalan deməyə adi, sıradan bir iş kimi yanaşırlar. Məsələn, Əli Kərimlinin Avropada fışdırıqverən damaqçısı Qənimət Zahid üçün belə bir yalan söyləmək heç ayıb deyil. Adam utanmadan-qızarmadan rahatca fışqırdır ki, Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Federasiyasının dəvətilə Krımda diktant aksiyasında iştirak edib. Görəsən Qənimətin özü demişkən, bu əbləh yalanı Qənimət nə üçün deyir? 60 yaşı olacaq e adamın bu gün sabah. Sizə elə gəlmir ki Qoşa Qala qapısının dağılmayan divarı və Spikerin Ukraynaya çerez Rusiya olmayan səfəri, buna qədər də emal və istemal olunmuş başqa uydurma, feykxəbərlər kimi, eyni yalan fabrikinin istehsalıdır. Buna qədər də başqa yalanlar fışqırmışdı Qənimətin fışdırığı. Guya Xəzərdə qızıl dolu gəmilər batmışdı. Sindibad  qələt edib belə uydurmur vallah. Orda uzaq başı bir Ruh quşu yumurtası olardı. Vəssəlam. Quş demişkən. Keçən həftə danışdığımız və anonsunu verdiyim azad bir quşun, yuvasından uçmuşun əhvalatının ikinci hissəsinə keçirəm. Burda da təfəkkürdü prioritet. İnsan nə üçün satqın olur. Xəyanətkar olur. Beyində, təfəkkür qabında nə baş verir axı?

Məşhur azərbaycanlı qadının xarici xüsusi xidmət orqanı əməkdaşı ilə yazışmaları

Məşhur Azərbaycan Qadınının Xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsini sübut edən faktlara malik olduğumuzu elan etmişdim. Bir daha deməyi lazım bilirəm. O xanımın potensial qardaşları və ehtimali kişi dostları üçün altını qıpqırmızı xətlə cızıram: Yataq Söhbəti mənə maraqlı deyil. Amma baxır sən o yatağa kimi verirsən, nəyi verirsən və hansı qiymətə verirsən. Zəruri qeyd: O qadının hansı məzhəbə qulluq etdiyi hələ ki mənə tam məlum deyil. Çünki əvvəl elə başa düşürdüm ki, adam yataqda konkret bir dövlətə xüsusi xidmət göstərir. Amma araşdırmalarım məni ən azı çaşdırıb, ən çoxu isə deyə bilirəm ki, qızın dəqiq iki, bəlkə üç adaxlısı var. Tarix nəinki 2, hətta  3 ayrı-ayrı dövlətin agenti olan belə şəxsləri tanıyır. Bizim qəhrəmanımızın 3 dildə sərbəst danışması da ona tam belə imkan verir. Özü də zəif iradəsi, dayanıqsız vətəndaşlığı onu rahat 3 telli durnaya çevirə bilərdi. Hər halda araşdırılması vacib məsələdir. Xülasə: xüsusi xidmət və məhəbbət üçbucağı. Allah rəhmət eləsin sənə arxa qapını düşünən memar. İndi isə bizim hörmətli, məhəbbətli, Əli Kərimli demişkən uca, Cəmil Həsənli demişkən sevgili obyektimizin şanlı məktublarından bir neçə sətir. Bu sətirləri yalnız ona görə sitat gətirirəm ki, adamın bu qədər yaxın olduğu birinə hər bir sirrini, hətta dövlət sirrini verə bildiyinə qətiyyən şübhəniz olmasın. Ona da şübhəniz olmasın ki, məktubların hamısı oriqinaldır. İngiliscəsi də var. Sadəcə anlaşılsın deyə tərcüməni təqdim edirəm. Çalışmışıq ki, müəlliflərin dilini, istiliyini, məhrəmliyini orijinala mümkün qədər yaxın saxlayaq. Beləliklə, başlayaq.  
 
Kimə: Kempen, Jay M.
Göndərilib: Cümə axşamı  02 fevral 04:36:59  2012
Başlıq: Cavab: BAKILI BALAM

Təbriklər!!!!!!!!!!!! Mən çox xöşbəxtəm! Biz DC-də (yəni District of Columbia/Vaşinqton) xoşbəxt bir cütlük olacağıq. Ən azı həftədə iki dəfə sevişəcəyik (jurnalistikada minimum deyiləndə daha da çox başa düşülməlidir), Həyatda baş verən bütün gözəl anları qeyd edəcəyik, bir-birimizə sevgi və qayğı göstərəcəyik və əyləncəli bir həyat yaşayacağıq!
 
Unutmayaq ki, məktub xüsusi xidmət əməkdaşına yazılır. Başqa bir məktubda isə Kempeni oxuyaq. O sevgilisinə viza ilə bağlı xüsusi məsləhət verir. 

Kimdən: Kempen, Jay M.
 ......
Göndərilib: Bazar ertəsi axşamı 30 yanvar 09:31:50 2012
Başlıq: Cavab: IMG00010-20120115-1140.jpg

Sevgilim – vizanı yenilə və həmçinin (H1B) jurnalist vizası üçün müraciət et!)
 
Xüsusi xidmət orqanlarının mühüm əməkdaşı niyə jurnalist vizası istəyir? Ona görə ki, jurnalist vizasının digər vizalardan üstünlükləri var. İndi təqdim edəcəyim məktubdan isə baçqa müəmmalı mətləblər aydın olur: 

Kimdən: “Kempen, Jay M.”
 
Göndərilib: Bazar ertəsi, 30 yanvar, 2012  17:33 
Başlıq: Cavab: IMG00010-20120115-1140.jpg

İşə getməliyəm, canım... Bunun əvəzinə email göndər, tələbələrlə işlərin necə getdiyini eşitmək istəyirəm... Səni sevirəm!

Deməli məşhur və məchul xanımın tələbələri də varmış və Kempeni bu bir xüsusi xidmət əməkdaşı olaraq çox maraqlandırır. Və elə ona görə də bu məktubu Kempen öz rəsmi ünvanından göndərib. Ona görə ki, alacağı məlumatlar xüsusi əhəmiyyətlidir. Azərbaycanla bağlı xüsusi əhəmiyyətli. Qeyd edim ki, həmin tələbələrin də izinə düşmüşük. Onların arasında risk qrupunua aid olanlar çoxdur. Bu adamların ayrlı-ayrı ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq  etdiklərini sübut edən maraqlı arxivimiz var. Vaxtı çatanda onları da təqdim edəcəyik. İndi  isə dəfələrlə üzr istəyib təqdim edəcəyim mesajı isə yalnız ona görə diqqətinizə çatdırırıam ki, həmin xanımın o zaman əri var idi. Millətə əxlaq, dövlətə qanun dərsi keçən, ruhən, bədənən azad olan bu qadının iç üzü üçün maraqlı detaldı.  

Kimdən: Jay Kempen
 
Göndərilib: Cümə, 27 yanvar,  2012  15:32  
Başlıq: Cavab: CANIMA ZƏNG EDİRƏM

Mənim zavallım, canım... Sənə lazımdır ki, sənin Cekan sənə dəstək olsun və təsəlli versin. Mənimlə birgə getməlisən, sənin və uşaqlarının qayğısına qalan, onların tərbiyəsi ilə məşğul olan bir yol yoldaşın olmalıdır, mənim düşündüyüm şey budur.
Soyuq günlər...burada yağış yağır... DC-də gün çıxıb... mənə qovuş,... 

Burda dayanaq. Növbəti seriyada, yəni gələn bazar günü yəqin artıq məchul xanımın adını deyərik. Xüsusi təyinatlı gəlini uzun müddət pərdə arxasında saxlamayaq. Yaxşı deyil. Bir daha xatırladım ki, bu məlumatlar xüsusi xidmət orqanları əməkdaşı üçün əl altı, ümumiyyətlə altı rolinu oynayan bir qadın haqqındadır. Yalnız ona görə ki, bu qadın ruhuyla, bədəniylə adi bir xariciyə yox, xarici xüsusi xidmət ənəkdaşına qulluq edir.  İndi isə başqa bir maraqlı müəmmanın üzərindən pərdəni qaldıraq. Hörmətli tamaşaçılar, çox xahiş edirəm, təfəkkürün müxtəlif çəki dərəcələri ilə bağlı danışdığımızı yaddan çıxarmayaq. Çünki bütün bu söhbətlərin bir məqsədi var. Dövlət, onun rəhbərliyi təfəkkürün hansı səviyyəsində, Azərbaycanın müxalifəti və ya alternativ müxalifəti olmağa hazırlaşan qüvvələr isə hansı səviyyədədir. Təsəvvür edirsiz də: bu gün hansı zamanda yaşayırııq. Dövlətlərin mənimsəmə, tutma, ilhaq etmə, hətta işğal siyasəti dəyişir. Bir dövlət başqa dövlətin ərazisinə soxulmur, sadəcə onun vətəndaşına öz vətəndaşlıq pasportunu bir ləyaqət hərracında təklif edir. Əslində heç bir dövlətin daxili işinə qarışmaq yoxdur burda, heç bir anneksiyadan, işğaldan açıq söhbət getmir. Amma eyni zamanda hər iki risk var. Belə “OVİR əməliyyatları”nın qarşısını almağın bir klassik yolu var ki, öz dövlətini sevəsən, onun vətəndaşlığını heç kimə, heç nəyə, heç nəyin müqabilində dəyişməyəsən. Təsəvvür edin ki dünyanın bəzi dövlətləri belə əcaib çağırışlarla əhali, amma əslində, ərazi genişləndirmək elanı verir. Müstəqil dövlətlər isə bu ilk baxışda cazibədar görünə bilən təşəbbüslərdən öz xalqını, öz müstəqilliyini qorumalıdır.  Və ya Ukrayna boyda dövlətin cəlb olunduğu intriqa hansı gələcəyi vəd edir? Bu modul dövlət maketi sökülərək daha hansı ölkələrdə qurulacaq.  Çox istərdim ki miqyas və dərinlikləri dərk edə bilək. 4-cü sənaye inqilabı, bəşəriyyətin qlobal təhdidlər qarşısında müqavimət və adaptasiya mexanizmi...Dünya İnkişafının yeni mərhələsi mövzusunda Pekin forumu... Azərbaycanın liderinin yeni dünya təfəkkürü və... opponentliyə iddia edənlərin qara güruh qafası. Özünü Azərbaycan Xalq hərəkatı adlandıran bir bölük ahıl, qoca və yaşlı, məzmunca köhnə, formaca nəzəri bulvar pijamalısı oturub özü üçün evcik-evcik oynayır. Hər biri də kişilikdən, mərdlikdən danışır və rəqibini bu məziyyətlərdən məhrum olmaqda ittiham edir. 

Yəqin bir az gözlənilməz, bəlkə də yersiz göründü. Amma tələsməyin. Kiçik bir girişdən sonra hər şey öz yerini tutacaq. Deməli, qaçaqmalçı xaos müxalifətçisi Qurban Məmmədov Keçmiş Daxili İşlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə yaradılmaqda olan hərəkatı ələ keçirməyə cəhd edir. İsgəndər Həmidovla artıq münasibətləri tam pozulub. Çünki hərəkatın rəhbəri olmağa sabiq nazir özü iddiaçıdır. Nemət Pənahlının isə İsgəndər Həmidovla münasibətləri Qurban Məmmədovun provakasiyası ilə əvvəlcə kobud surətdə pozulub. Sonra İsgəndər Həmidov bəzi xeyirxah adamların köməyilə Qurban Məmmədovun onun haqqında nə düşündüyünü öyrənir. Nemət Pənahlıya qarşı haqsızlıq etdiyini boynuna alır və hətta azadlığın köhnə aşiqindən üzr də istəyir. Həftənin birinci günü, yəni sabah artıq Nemət Pənahlının Xalq Hərəkatına üzvlüyü məsələsi aprelin 29-da yenidən müzakirə ediləcək. Daha doğrusu edilməlidir. Amma edilməlidirmi? Əfsanəvi nazir, ondan da çox əfsanəvi əməliyyatçının menyusuna. İsgəndər bəy, sizə sonuncu dəfə kömək edirəm. Yaxşısı budur daha rahat və qocafəndi bir işlə məşğul olun. Məsələn, memuar yazın. 

İndi isə şərəfli Nemət Pənahlı dost və silahdaşı İsgəndər Həmidov haqqında. Ümumiyyətlə özünün yaradıcılıq planları barədə. O neyləmək fikrindədir və bu hərəkat adlandırılan növbəti güruha niyə qoşulur?

İndi isə təfəkkür fərqlərinə baxın. Çin. Qlobal iqtisadi inkişaf prosesinin tərkib hissəsi olmaq ləzzəti və məsuliyyəti. Və İsgəndər Həmidovun, Nemət Pənahlının, Əli Kərimlinin, Qənimət Zahidin Sevinc Osmanqızının, Güktəkin Hacıbəylinin qafa, beyin səviyyəsi.  Bax budur iqtidarın opponentlərinin içi, beyni, zəkası. Elə həmin məntiqlə bir az da hərəkət edək.  Məsələn, bütün dünya Bakını, möhtəşəm Formula-1 yarışlarını görür, Əli Kərimli və onun səviyyədaşları isə kanalizasiya lyukunu. Hərə öz alnı boyda səcdəyə layiqdir. Baxır kim başını hara qoyur. Hər halda milli təfəkkür söhbətini pozitiv notlarla bağlamaq üçün Sizi  Elektron Hökumətin İnkişaf mərkəzinə dəvət edirəm. Gələn ay təqdimatı olacaq. Beləliklə, buyurun, gələcəyə xoş gəldiniz! Baxın və əmin olun ki, Çin bizi dünyanın inkişafı layihəsinə elə belə dəvət etmir. 

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə