Mir Şahinin vaxtı (VİDEO)

Mir Şahinin vaxtı (VİDEO)

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtıdı.

Yolumuz yola doğrudur. Daha doğrusu doğru yola. Tez-tez rast gəldiyiniz, amma adətən detallı izahını, başasalmalarını ətraflı eşitmədiyiniz Əliyev Yolundan danışacağıq. Mənə elə gəlir ki, bəzi beyinlərdəki anlaşılmazlıqlar, ağzıgöyçəklərin tutarqalandığı məsələlər məhz bu yolun ardıcıl elmi izahının verilməməsilə bağlıdır. İstər YAP mənsəblilərinin, istər onların abırlı yedəkçilərinin bir qayda olaraq ağız ifadəsi kimi istifadə etdiyi Heydər Əliyev Yolu söz birləşməsi haqqında milli əqidə, ümumxalq idologiya platforması tək danışmaq istərdim. Bu həftə 96 yaşını qeyd etdiyimiz Heydər Əliyevin Yolu nədir, haradır və bu yolun yolçusu olmaq nə deməkdir. Təsnifatlandırmağa çalışaq: REAL Təhlil və İnformasiya mərkəzində hesab edirlər ki, birincisi, Heydər Əliyev Yolu ilk növbədə Azərbaycanın dövlət müstəqilliyini əbədi qorumağı tələb edir. Dövlət müstəqilliyi vətəndaş müstəqilliyindən, dövlət azadlığı vətəndaş azadlığından öndə gəlməlidir. Çünki vətəndaşın müstəqillik və azadlığı dövlətin müstəqillik və azadlığının törəməsidir. İkincisi, bu yol Azərbaycanda yaşayan bütün millətlərin, azlıq və çoxluq kontekstindən kənar hər kəsin və hamının birgə vətəni, onların azərbaycanlılığını ehtiva edir. Vətənin müdafiəsi hər bir vətənlini, Azərbaycanlını böyük bir amalın tərəfdaşı olmaq mükəlləfiyyətinə şərik edir. Heydər Əliyev yolunun üçüncü komponenti vətəndaş sülhü və milli xoşgörəlikdir. Məhz bu prinsip ölkədə barış və qarşılıqlı anlaşma mühitinin bərqərar olmasını təmin edir. Dördüncüsü, dillər, dinlər və mədəniyyətlər arası münasibətlərin ideal təmas formatı Əliyev yolunun milli-mənəvi platformasının mühüm pilləsidir. Azərbaycan həm də hər bir fərqliliyin özünü tam rahat hiss etdiyi, hiss etməli olduğu məkandır. Azərbaycanın hakim dili isə ölkədəki bütün digər işlək dillərin mövcudluğuna, gələcəyinə mane olmamaq şərtilə, əksinə onların immunitet artımına təkan olmaqla zəmanət verir. Həm də daşıdığı hegemonluqdan səlahiyyət yox, həm də məsuliyyət vahidi kimi istifadə edir. Beşincisi: Heydər Əliyev Yolu rüşvəti, korrupsiyanı rədd edir iqtisadi demokratiyanı dövlətin dayanıqlı inkişafının təməl prinsipi sayır. Qeyd etməliyik ki, bir qayda olaraq siyasi azadlıqlardan daha çox bəhs edildiyindən azad dövlətin bu mühüm baza prinsipi az afişalandırılır. Amma Heydər Əliyev ideoloji baş xəttində bu müqəddərati punktun sadə təfsiri belə idi: bazar iqtisadiyyatı. Əslində, azad bazar və azad söz azad dövlətin mahiyyətini tam təqdim edə bilir. Ona görə də altıncı bənd kimi, REAL Heydər Əliyev Yolunun söz və mətbuat azadlığı kursunu təqdim edir. Azad söz və mətbuat azadlığı Azərbaycana yüksək inkişaf üçün lazımdır. Çünki ölkənin bütün problemləri barədə açıq danışılmalıdır ki, onların çevik və birdəfəlik həlli tapılsın. Araşdırmalarımız göstərir ki, bəzən bu sahədə meydana çıxan problemlər elə mətbuat və digər ifadə platformalarının düzgün istiqamətləndirilməməsindən yaranır. Əliyev yolunun yeddinci, beynəlxalq siyasət bəndi Azərbaycanın dövlət müstəqilliyinə xələl gətirməyən və onu yalnız gücləndirən fəaliyyətlər toplusundan ibarətdir. Bura həm sağlam və faydalı qonşuluq, dostluq, qardaşlıq siyasəti daxildir. Bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq da ilk növbədə Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsi məqsədini ehtiva etməlidir. Səkkizinci və təsnifatlandırmamızda sonuncu praqraf yeni çağırışlara adekvat olmaq, mütəhərrik olmaq, çevik reaksiya vermək xüsusiyyətidir. Bizcə, 4-cü sənaye inqilabı zamanında bu bənd hətta ən birinci yerə də iddia edə bilir. Əlbəttə, sadaladıqlarımız ilk cəhdin düşüncə təfsilatlarıdır. Yəqin ki, Əliyev irsini öyrənənlər digər elmi, siyasi dəlillər və arqumentlərlə bu yolun daha anlaşıqlı və əhatəli izahını təqdim edə bilərlər. Və elə burdaca prezident İlham Əliyevin Heydər Əliyev Fondunun 15 illiyinə həsr olunmuş çıxışına keçmək istəyirəm.

Heydər Əliyev Yolunun davamı və eyni zamanda yeni Əliyev Yolu kimi aşkar görünən xətt çoxlu təzə elementlərlə zənginləşir. Burda biz İlham Əliyevin keçmiş, indi və gələcək zaman arasındakı mürəkkəb əlaqələr sistemini tam dəqiq tənzimlədiyinin şahidi oluruq. Mən İlham Əliyevin çıxışından bir neçə parçanı təqdim edəcəyəm:

Heydər Əliyev Yolu

İlham Əliyev Azərbaycan Respublikasının prezidenti: “ Bütün dövrlərdə Heydər Əliyev öz xalqına ləyaqətlə xidmət etmişdir. Həm sovet dövründə, həm müstəqillik illərində Azərbaycanın inkişafı üçün çox böyük fədakarlıq göstərmişdir. Təkcə onu demək kifayətdir ki, sovet dövründə - 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə ən geridə qalmış respublikalardan birindən ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Məhz o illərdə çox möhkəm sənaye potensialı yaradılmışdır, infrastruktur layihələri icra edilmişdir. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərir. Heydər Əliyevin yüksək şəxsi keyfiyyətlərini və Azərbaycanda əldə edilmiş nəticələri nəzərə alaraq, 1982-ci ildə o, Moskvaya dəvət olundu, yüksək vəzifəyə - Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bu vəzifədə də uğurla çalışırdı, o cümlədən Azərbaycanın inkişafı ilə bağlı verdiyi tapşırıqlar, qəbul etdiyi qərarlar o vaxt da ölkəmizin inkişafına xidmət göstərirdi”.

İlham Əliyev əslində Heydər Əliyev Yolunun mükəmməl təqdimatını edir. Tarixə səyahət, yolüstü dayanmalar, təhlil və çıxarılan nəticələr. İndi isə, Azərbaycanın tarixinin ən təhlükəli hissəsi barədə hasil edilmiş qənaət.

İnkişafa açılan yol

İlham Əliyev Azərbaycan Respublikasının prezidenti: “Azərbaycanda o vaxtki vəziyyət bizim yadımızdadır. O vaxt - 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi, gənc, müstəqil dövləti uçuruma aparırdı. Xaos, anarxiya, özbaşınalıq, total böhran hökm sürürdü, talançılıq, rüşvətxorluq baş alıb gedirdi, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Siyasi, iqtisadi, hərbi böhran gənc dövlətin dayaqlarını sarsıdırdı. Azərbaycan xalqı bu xəyanətkar hakimiyyətə bir il dözə bildi. Bir ildən sonra onlar tarixin arxivinə göndərildi. O vaxt torpaqlarımız işğal altına düşdü. Şuşa, Laçın, Kəlbəcər rayonlarının işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı.

Azərbaycan öz inkişaf yolunu Heydər Əliyevin simasında görürdü və müraciət edərək onu dəvət etdi. Heydər Əliyevin o vaxt 70 yaşı var idi, ömrünün böyük hissəsi geridə qalmışdı. Ancaq xalq sevgisi, xalqa olan məhəbbət və böyük məsuliyyət hissi onu bu dəvəti qəbul etməyə sövq etdi. Beləliklə, müstəqil Azərbaycanın müstəqil həyatı başladı. Çünki tam qətiyyətlə deyə bilərəm ki, 1993-cü ilə qədər bizim dövlət müstəqilliyimiz şərti xarakter daşıyırdı. Atributlar var idi, ancaq ölkə müstəqil siyasət apara bilmirdi. 1993-cü il dönüş nöqtəsi oldu. Məhz Heydər Əliyevə xalq tərəfindən göstərilən inam, etimad imkan verdi ki, ölkə bu ağır vəziyyətdə, vətəndaş müharibəsinin fəsadlarından ləyaqətlə çıxa bilsin və belə də oldu. Sabitlik yaradıldı, inkişafa yol açıldı, bütün sahələrdə, ilk növbədə, siyasi sahədə islahatlar icra edilməyə başlandı”.

Məhz elə bu səbəbdən də İlham Əliyevin bu günkü reformator yanaşması, islahatlar paketi onun bəzi dövlətlərdə böhrandan sonrakı zərurət olaraq tətbiq edilən, naçarlıqdan irəli gələn təcili-yardım effektinin oxşarı deyil, siyasi genetikadan doğan, idarəçiliyin əsas mahiyyətinin ortaya qoyduğu reallıqdır. Amma islahatlar müəllifinin başqa bir dövrün təəssüratıarını daşıyan bioqrafiyası da var. Əliyevdən Əliyevə keçid dövrü.

 

Xalqın seçimi

İlham Əliyev Azərbaycan Respublikasının prezidenti: “2003-cü ildə prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasətini davam etdirəcəyəm və xalq Heydər Əliyev siyasətinə səs verdi. O vaxtdan bu günə qədər Azərbaycan böyük və uğurlu yol keçdi, müstəqillik daha da möhkəmləndi. Azərbaycanda sabitlik təmin olunub, sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmləndi. Bu gün Azərbaycan dünya miqyasında çox müsbət nüfuza malik olan bir ölkədir. Dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu dəstək BMT Təhlükəsizlik Şurasında keçirilmiş səsvermədə özünü büruzə verdi, 155 ölkə bizi dəstəklədi. Yəni, bu da tarixi nailiyyətimizdir. Bir çox beynəlxalq təşkilatlar bu dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətə əsaslanan, bizim mövqeyimizi müdafiə edən qərar və qətnamələr qəbul etmişdir, o cümlədən BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur.

Münaqişə ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqda yaşamış və yaratmışdır. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq”.

Bizim fikrimizcə, İlham Əliyevin islahatların alternativsizliyini və yeni reforma anonslarını özündə birləşdirən çıxışı növbəti dönəm üçün proqramdır.

İslahatlar və gələcək

İlham Əliyev Azərbaycan Respublikasının prezidenti: “Biz bundan sonra da islahatlar yolu ilə gedəcəyik. Çünki bir daha demək istəyirəm, əldə edilmiş nəticələr, hesab edirəm ki, tarixdə qalmalıdır. Biz bunu bilməliyik ki, haradan gəlmişik, hara çatmışıq. Ancaq bu, tarixdir, biz gələcəyə baxmalıyıq. Bu gün iqtisadi sahədə aparılan islahatlar bütün mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, bizim tərəfdaşlarımız Azərbaycana böyük kreditlər verirlər. Nəyə görə? Ona görə ki, bizə inanırlar. Birinci növbədə görürlər ki, islahatlar səmərə verir, digər tərəfdən Azərbaycanın uğurlu gələcəyinə inanırlar. Əgər belə olmasaydı, milyardlarla dolları Azərbaycana kredit şəklində verərdilərmi? Əlbəttə ki, yox.

İqtisadi sahədə aparılan islahatlar hər bir vətəndaşın həyatında öz əksini tapmalıdır və tapır. Biz əməkhaqlarını, pensiyaları, müavinətləri nəyin hesabına artırırıq? Ona görə ki, daha da səmərəli işləyirik, ona görə ki, büdcə daxilolmaları artır və artacaq. Biz hələ islahatların növbəti mərhələsinin başlanğıcındayıq və bu ilin dörd ayının yekunları deməyə əsas verir ki, çox böyük nəticələr əldə edilir. Bu, bizə imkan verir ki, sosial sahəyə həm maddi təminat, həm də islahatlar baxımından daha böyük diqqət göstərilsin".

Yeri gəlmişkən, hər il may ayının 10-da Prezident Hesabat çıxışı edir. Bu çıxışıın Nazirlər Kabinetinin qrafik iclaslarında, ənənəvi bayram müraciətlərində, müsahibələrdəki hesabat məzmunundan bir təməl fərqi var. İlham Əliyev hər il Heydər Əliyevin ad günündə daha detallı və daha geniş hesabat verir. Onun ruhu qarşısında. Böyük Heydər Əliyevə. Əliyevin Azərbaycan Prezidentinə verib getdiyi iki əmanət var, onlardan birincisi dövlətdir. Müstəqil dövlət. İkincisi isə vətəndaş. Prezident hər dəfə özü başda olmaqla hamının borcunun vətəndaşa xidmət etməli olduğunu ata irsi tək qəbul edir və çatdırır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində İlham Əliyev Azərbaycanın sosial dövlət mahiyyətini bir daha izah etdi.

Dayanıqlı uğurlu inkişaf

İlham Əliyev Azərbaycan Respublikasının prezidenti: “Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir. DOST Agentliyinin yaradılması bu istiqamətdə atılmış çox önəmli islahatdır. Növbəti illərdə bu agentliyin fəaliyyətinin genişləndirilməsi əminəm ki, vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndiriləcək. Beləliklə, bu sahə ilə bağlı bizim siyasətimiz daha da geniş miqyasda və məqsədyönlü şəkildə icra ediləcəkdir. Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Əlbəttə buna nail olmaq üçün, ilk növbədə, iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bir-biri ilə bağlı olan məsələlərdir. Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə işlər uğurla gedir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilir. Bildiyiniz kimi, özəl sektor ümumi daxili məhsulumuzda təqribən 80 faiz təşkil edir. Beləliklə, iqtisadi artım, iqtisadi sahədə aparılan islahatlar, büdcə daxilolmalarının artımı, əlbəttə ki, sosial sahəyə böyük diqqət göstərmək üçün imkan yaradır. Deyə bilərəm ki, bu ilin dörd ayında vergi və gömrük orqanları təqribən 400 milyon manata yaxın əlavə vəsait toplayıblar - 270 milyon manat vergi orqanları, 100 milyon manatdan bir qədər çox gömrük orqanları. Yenə də şəffaflıq, yenə də islahatlar hesabına. Bu əlavə maliyyə resursu imkan verir ki, biz pensiyaları, maaşları, sosial müavinətləri artıraq və bunu edirik. Bildiyiniz kimi, bu yaxınlarda çox ciddi sosial paket hazırlanıb təsdiqləndi və 3 milyona yaxın insan bu imkanlardan bəhrələnib. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq, minimum əmək haqqının, minimum pensiyanın artırılması gündəlikdə duran məsələlərdir. Məşğulluğun inkişafı - yəni, qeyri-qanuni məşğulluqla mübarizə nəticə verir və beləliklə, ölkəmizin iqtisadi və sosial siyasəti bir-biri ilə uzlaşır. Bu, belə də olmalıdır. Ancaq biz bunu tam şəkildə icra etsək, ölkəmizin dayanıqlı uğurlu inkişafı təmin olunacaqdır.

Sosial sahədə bir önəmli təşəbbüs də Özünüməşğulluq Proqramıdır. Mən çox şadam ki, vətəndaşlar bu proqrama çox böyük maraq göstərirlər. Biz artıq bir neçə ildir ki, bu işlərlə məşğuluq. Son dövrdə bu sahədə daha fəal iş aparılır və şadam ki, müraciətlərin sayı artır. Mənim təşəbbüsümlə biz Dünya Bankı ilə bu məsələni müzakirə etdik. Biz onları da bu işlərə cəlb etdik. Dünya Bankı da öz maliyyə resurslarından istifadə edərək bu sahəyə vəsait ayıracaq və beləliklə, bu il təqribən 10 minə yaxın vətəndaş Özünüməşğulluq Proqramı ilə əhatə olunacaq. Gələcəkdə bu işin miqyası artmalıdır. Bu, həm məşğulluğun artırılmasına xidmət edəcək, eyni zamanda, ölkə iqtisadiyyatına böyük töhfə olacaq. Özünüməşğulluq Proqramının qeyri-neft sektorunun, kənd təsərrüfatının, xidmət sektorunun inkişafı üçün çox böyük əhəmiyyəti var.

Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək.

Mən çox şadam ki, burada işləyənlərin demək olar, hamısı gənclərdir və gənclər üçün yaradılan şərait gələcəyə qoyulan sərmayədir. Çünki gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər, öz töhfələrini verəcəklər. Gənclər bilikli, savadlı, vətənpərvər və qayğıkeş olmalıdırlar. Əminəm ki, siz burada vətəndaşlara çox yüksək xidmət göstərəcəksiniz.

Sizi bir daha bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, tezliklə növbəti DOST mərkəzləri yaradılsın. Sağ olun".

Görüşə bir az sonra yenidən qayıdacağıq. Azərbaycanın ikinci müdafiə naziri, daha doğrusu Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə DOST- agentliyinin inzibati binasını gəzib dolaşacaq, həm də faydalı bir söhbət edəcəyik. Gözləyin.

Sizinlə Azərbaycanda alternativi olmayan bir yoldan danışırıq. Bu yol böyüyü də kiçiyi də, bir dəqiqə əvvəl İlham Əliyevin ruh yüksəkliyilə təqdir etdiyi gənclərin fəallığını nəzərə alaraq desək gənci də və əlbəttə ki, yaşlını da, lap qocamanı da əhatə edir. Mayın 9-da Qələbə Günü Prezident və Birinci xanımın ikinci dünya müharibəsi veteranlarıyla görüşü bu baxımdan məntiqi zənciri tam bağlayır. Burda biz Mehriban Əliyevanın siyasi dəst-xətti üzərində də dayanmağı lazım bilirik. Ona görə ki, onun proseslərə hər hansı şəkildə qatılması dərhal gərginliyi azaldır, bir sıra məqamlarda isə tamam yox edir. Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondu isə insanların adət etdiyi bir zamanlarkı alicənablıq, mərhəmət və yanımcıllıq stereotiplərini kökündən dəyişib. Uzun müddət Azərbaycanda əl tutmaq, yardım etmək kimi jestlər az qala Qaçaq Nəbi, Koroğlu dadaçatması, yardımı kimi anlaşılırdı. Az qala varlının əlindən var-yoxunu alıb kasıb-kusuba paylamaq kimi qaçaq-quldur texnologiyası. Heydər Əliyev Fondu sadə insanın düşüncəsinin Əl Tutmaq Əlidən qalıb əl işi psixologiyasını xeyirxahlığın avtomatlaşdırılmış rejimdə çalışan konveyrə transfarmasiyasına nail ola bildi. Razılaşaq ki, bu gün Qafqaz Müsəlmanları idarəsi dini-ruhani təfəkkürdə hansı rolu oynayırsa, Heydər Əliyev Fondu da milli-mənəvi təfəkkürdə eyni işi yerinə yetirir. Fikir verirsinizsə, hər iki təsisatın əhatə dairəsi Azərbaycandan qat-qat artıqdır. Bu baxımdan Heydər Əliyev Fondu Azərbaycanın sinir sistemi üçün son dərəcə vacib bir elementdir ki, vətəndaşlar onun faydasını getdikcə daha artıq, daha sistemli şəkildə hiss edirlər. Təsadüfi deyil ki, Preizidentin islahatlar kursunun tərkib hissəsi tək qiymətləndirilən dövlət-vətəndaş münasibətlərinin inzibatdən insaniyə doğru səmimiləşdirilməsi vacib məsələ olaraq Heydər Əlioyev Fondunun fəaliyyət sferasının qırmızı xəttidir. Sosial siyasətdə dövlət kursunun mənəvi bağlılıqla üzvi surətdə uzlaşdırılması öz bəhrəsini verir. Heydər Əliyev Fondu həm mərhəmət, həm qayğı, həm sosial məsuliyyət bölgüsü, həm də dövlət-vətəndaş təmasında bir ana, bir bacı funksiyasını ideal şəkildə əlaqələndirir. Bir vacib qeydim də olacaq. Məncə Mehriban Əliyevanın Azərbaycan siyasətinə gətirdiyi xüsusi bir məziyyət var ki, onun adı ürək qızdırmaqdır. Vətəndaş hakimiyyətin inzibati, ciddi, müəyyən mənada qaraqabaq qəbulundan daha çox Qayğı və Mərhəmətin Mehriban simasına etibar edir. Bir sözlə ortada Əliyev yolunun məntiqi mənzilbaşı olaraq əldə olunmuş etibarlı dövlət-vətəndaş tandemi var. Burda əsas etimad limiti xalqın öz idarəolunma üsuluna tam etibarı ilə bağlıdır. Və elə Azərbaycanın qüdrətlənməsini bir rəqib, bir opponent olaraq həzm edə bilməyən qüvvələr də məhz Azərbaycana güc gəlmək, onu yenərək önə çıxmaq üçün güclərini artırırlar. Şəxsən mən onları başa düşürəm. Ortada ən yaxın keçmişin zəif, düşkün, qeyri-ciddi, səndələmələrdən dizləri çopur olmuş dövlətciyi deyil, güclü, iradəli, hədəfi bəlli, möhkmə istinad divarlarına malik bir Azərbaycan var.

Top başdan diyirlənir

Mən şəxsən Azərbaycanın uğurlarına da, onun nailiyyətlərindən hikkələnən həsədkarların kininə də öyrəşmişəm. Məsələn bilirəm ki, Formula 1 yarışları ərəfəsində Qərbin qurşaqdan aşağı dövlətləri Bakının küçələrində qulağı sırğasız it axtaracaq. Avroviziya müsabiqəsi olacaqsa mütləq hansısa yarı gey, yarı rətli bəy-xanım azadlıq üçün oxuyaq deyə mayka cıracaqlar, və ya xoş məramlı oyunlarda mütləq bir kəndirbazlıq edəcəklər ki, kimsə bu kəndirdən özünü assın, ya da Avropa Oyunlarında bir Avropa kimi böyük hesabla Azərbaycana uduzduqlarını etiraf etməyə kişilikləri çatmadığından meydana, topa lənət oxuyacaqlar. Bu mənzərələr məndən ötrü elə anlaşılandır ki. Təsəvvür edin ki, qonaqpərvər Azərbaycan mənəviyyatına nə qədər anlaşılmazdır bu. Tutaq ki Bakıda Arsenal-Çelsi oyununuk keçirilməsinə nail olursan. Özü də tam qanuni, hüquqi yollarla. Amma sənin pərvərinin qonağı açacağın geniş ürəyə, səxavətli süfrəyə, bəzəkli qonaq otaqlarına həqarət edirlər. Guya hansısa insan haqlarının pozulmasını qabardırlar. Davakarlıqları ilə bütün dünyada ad-çıxarmış, daha doğrusu ad batırmış ingilis azarkeşlərinin Bakıda hansı davranış sərgiləyəcəyini proqnozlaşdırmaq, onların burda daha sakit və təhlükəsiz mühitə hazırlanması üçün müəyyən profilaktiki tədbirlərə cəlb etmək əvəzinə Azərbaycanın imicinə çamur atırlar. Erməni milliyyətindən olan bir oyunçunun Mxitaryanın Azərbaycana gəlişi ətrafında süni ajiotaj yaratmaq əvəzinə Britaniya Xarici İşlər Nazirliyi neçə illərdir ki, Azərbaycanda fəaliyyət göstərən, bu ölkənin inkişafını öz inkişafı bilən BP-dən rəy ala bilərdilər. UEFA finalının Azərbaycanda keçirilməsinin əsl səbəbini unutdurmağa çalışırlar. Axı bu oyunun keçirilməsi bir günün qərarı deyil. Final oyununun Bakıda oynanılması məhz ilk növbədə təhlükəsizlik, qonaqların ideal qarşılanması və yerləşdirilməsi kimi şərtlərin tam uyğunluq standartlarına əsasən verilmiş qərardır. Avropa Oyunlarının da, Avroviziya musiqi yarışması da, formula 1 yarışları da ən ali təşkilatçıları səviyyəsində dünyada ən yaxşı təşkil olunmuş tədbirlər kimi etiraf olunub. Mayın 29-da, Azərbaycan özünün əsas dövlət bayramından bir gün sonra qəbul edəcəyi Arsenal-Çelsi oyununu da tarixə məhz belə uğurlamaq əzmindədir. Yeri gəlmişkən, həm Çelsi, həm də Arsenal Bakıda olub. Heç birini də burda heç kim yeməyib, dişləməyib, elə onların öz azarkeşləri də Bakıda ən dinc mühit gördüklərini etiraf ediblər. Azərbaycandakı bəzi təkhüceyrəli siyasi düşüklərin diş vurduğu bu qarayaxmacı sonda elə onların özləri qaytaracaqlar. Həmişə olduğu kimi yenə də. Bakıda başını soxmağa kanalizasiya lyuku axtaran o qədər antiqiqiyenik məxluq var ki. Biz Qərbdən gözləyirik ki, Azərbaycanın pozulmuş ərazi bütövlüyündə, xalqın əsəblərində Paşinyan rəqsini sifariş verənlər nəhayət dayansın. İlahi ədalət deyilən bir hissi zorlamaqdan çəkinsinlər. Onlar nə edir? Azərbaycanın əldə etdiyi etibar və uğur finalına dava salmaq istəyir. Deməli məsələ heç də ingilislərin ənənəvi qızğın fanat dünyagörüşündə deyil. Burda top başdan iylənir, daha doğrusu diyirlənir. Biz qonağa Azərbaycanın Yuxarı başında, təqvimimzin istiqlalının lap yanında yer vermişik. Qonaq isə özünü aparıb başqa yerə bağlamaq istəyir. Amma nahaq. Oyun da olacaq. Nəticə də olacaq. İngilis bayrağı yəqin səmtinə də əsməyə macal tapacaq. Amma biz növbəti dəfə anlayacağıq ki, yalan danışmazlar iradını, tövsiyəsini çoxdan artıq uşaqlara demirlər. Yalanı böyüklər danışır. Sevinc Osmanqızının və başının dəstəsinin timsalında biz bunu gördük. Vurulmayan ayının dərisindən, göstərilməyən yatağın mələfəsindən az qala bir əcayib bayraq da tiksinlər. Guya biz üzrxahlıq tələb etmişik. Guya yataq səhnəsi göstərəcəyikmiş? Guya guya... Mən beynəlxalq dərəcəli üzədurmanı ilk dəfə görürdüm. Elə Qərbdən istiqamətlənən qütbü qarışıqlar, Sevinc Osmanqızı kimilər fəsiləsidi Çelsi-Arsenal oyununda başqa oyun axtaranlar. Bağışlayın məni, amma Sevincin adına oxşaya bilər deyə, mən artıq sendviş panel sözündən də çəkinməyə başlamışam. Belə çıxır ki, mediya azadlığı yalnız yalan və böhtan püskürən üfunətlilərə aiddir?! Mən araşdırma apara, öz qənaətimi çatdıra bilmərəm də? Deməli dövlət çevrilişinə çağirmaq olar, terrorçunun şəklini profilə vurmaq olar, dövlətin rəmzlərini, qanunlarını, xalqı, hamını ana söyüşü ilə təhqir etmək olar, yalançı təhqiqatlarla uydurma rəqəmlər yaymaq olar, amma hansısa qeyri peşəkar peşəkorun, peşəşilin xüsusi xidmət orqanlarıyla işləmək ehtimalını araşdırmaq olmaz hə? Axı mediya azadlığının bir işığı da mənə düşür. REAL heç kimdən üzr istəməyi tələb etmir. Bu bir daxili mədəniyyətdir. İç böyüklüyüdür və üzr istəməkdə heç bir qəbahət-filan yoxdur. Verin məni məhkəməyə sübut edin ki yanlışdır. Bunu mən edə bilərəm. Və ya Mən edə bilərəm. Necə? Bax belə. Məsələn bu il mart ayının 31-də mən efirdə, 2017-ci ilin may ayında istintaq altında vəfat etdirilmiş kapitan Süleyman Kazımovun ailəsinin hisslərinə toxunmuşam, şərəfli bir zabitimizə, öz adını son nəfəsinədək qoruyan, ölsə də ləyaqətini itirməyən bir hərbi qulluqçumuza, Süleyman Kazımova vətən xaini demişəm. Məhkəmənin bəraət verdiyi, onun günahsız ölümünə səbəb olmuş şəxslərin cəzalandırıldığı halda. Anası Leyla xanımın ürəyinə toxunmuşam. Bütün bir kəndin, Biləsuvar rayonunun, rəşadətimizin, şəhadətimizin Mübariz İbrahimov zirvəsinə xələl gətirmişəm. Bütün bunlara görə Süleymanın anası Leyla xanımın simasında bütün incitdiklərimdən üzr istəyirəm. Bax belə. Mən üzr istədim. Çəkinmədim. Xeyli yüngülləşdim. Amma adlarını ümumi isim kimi həmişə kiçik hərflə yazacağım və bunu səhv kimi qəbul etmədiyim Qənimət Zahid, Qurban Məmmədov, Sevinc Osmanqızı və başqa belələri Azərbaycanın şərəfini birdəfəlik boşqab yerinə satan və ya ölkəni qoyub qaçaraq xaricdə boşqab dibi yalayan birdəfəliklər bunu edə bilməzlər. Onlar üzr istəyə biləcək qədər deyillər. Onlar üçün hansısa ucqar zəmidə bir işıldaböcəyin ölümü belə dövlətə arzulanan zülmətin anonsudur. Məsələn, mən belələrindən fərqli olaraq Gürcüstan və Azərbaycan münasibətlərinin həssas nöqtəsində yerləşən Keşikçi məsələsinə belə yanaşıram ki, iki xalqın dostluq və qardaşlıq münasibətlərinə heç bir ibadət mane olmamalıdır. Ona görə ki, Allah ibadət fürsətini də insanları bir-birinə, sonda isə yaradan olaraq özünə dost etmək üçün xəlq edib. Və mən Əsli-Kərəm dastanından bilirəm ki, Kərəm nədən yana bilər. Ona görə də insanların milli hiss və duyğularında kim nə ifa edirsə, nə vaxtsa Əslinin saçları ilə kül süpürə biləcəyini göz önünə alsın. Burda Kərəmin milliyyəti yoxdur. Aqibəti var. Və ya İstanbulda mer seçkilərinin yenidən keçirilməsi barədə Türkiyə Rəsmiyyəsinin qərarını tam anlayıram. Şəhər olsa da öz siqlətilə əlahiddə bir dövlət, ölkə mahiyyəti daşıyan İstanbul sıradan bir şəhər deyil. Seçkilərin yenidən keçirilməsi barədə rəsmi qərar da Ərdoğanın Türkiyənin Tam müstəqilliyi, milli iradəsini özünə qaytarmaq istiqamətində apardığı mübarizənin qanuni tərkib hissəsidir. 2016-cı il çevrilişə cəhdini yaşayan qardaş dövlətin içinə rəxnəni seçki qutusundan da salmaq olardı. Niyə təftiş edilməsin. Niyə yoxlanılmasın. Seçki qutusudur da , Kəbə evi deyil ki. Türkiyə dövləti bu gün əsl istiqlal davası aparır. Onun Rusiya ilə s-400 danışıqları da kiməsə adi silah sövdələşməsi kimi görünə bilər. Amma mən burda da özünü tam müstəqil etmək cəhdi müşahidə edirəm. Türkiyənin hava hücumundan müdafiə qüvvələri yoxdur. Unutmayaq bir zamanlar Heydər Əliyev Süleyman Dəmirəldən Xocalı sakinləri üçün helikopter istəyəndə Türkiyənin rəhbəri acizanə surətdə rədd cavabı vermişdi. Demişdi ki, yoxdu, verə bilməz. Dünən bu müstəqillik Qardaş Azərbaycana helikopter verməyə belə çatmırdı, bu gün Türkiyə bizə raket verə bilər. Tank, bomba verə bilər. Ərdoğan indi Türkiyənin milli iradəsini özünə qaytarmaq kimi möhtəşəm missiya yerinə yetirməkdədir. Məsələ kiminsə sosial şəbəkədə açdığı status qovğasından milyon dəfələrlə ciddidir. Türkiyə və Azərbaycan haqqında eyni vətəndaş məfkurəsindən çıxış edərək danışmalıyıq. Kimi və nə qədər sevib sevməməyimizdən asılı olmayaraq. Qardaş olmaq azdır. Dost olmalıyıq. İndi artıq DOST-dan danışmağın, ətraflı danışmağın tam vaxtıdır. Dayanıqlı Operativ Sosial Təminat agentliyində yeni vətəndaş şüuru üçün lazım olan xeyli yeniliklər var. Başlıcası isə rəqabətlər müstəvisinin yenilənməsidir. Yəni tutaq ki, indi xidmətlər arasında rəqabətə start veriləcək. Əgər indiyədək Azərbaycan ASAN-la qürrələnirdisə, daha bir qürur ünvanı DOST olacaq. Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Bababyevlə bu çox qəribə, çox müasir və pozitiv binaya qalxaq. Buyurun ardımca qəlin. Qalxmaq əla hissdir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə