Tramp Suriya qərarını vermək üçün bütün səfərləri təxirə saldı

Tramp Suriya qərarını vermək üçün bütün səfərləri təxirə saldı
ABŞ liderinin Suriya ilə bağlı vacib qərarlar verəcəyi gözlənilir

ABŞ prezidenti Donald Tramp Suriyadakı vəziyyətlə əlaqədar Latın Amerikasına səfərini təxirə salıb.

Real TV “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bildirib.

Onun sözlərinə görə, Tramp Suriyadakı vəziyyətlə bağlı Vaşinqtonun atacağı addımlara rəhbərlik etmək üçün ölkədə qalmaq niyyətindədir.

“Prezident əvvəlcədən müəyyən edildiyi kimi Amerika dövlətlərinin səkkizinci sammitində iştirak etməyəcək. D.Tramp Birləşmiş Ştatlarda qalacaq. ABŞ rəhbəri Suriyadakı gərginliyin aradan qaldırılması və dünyada sülhün bərqərar olması üçün lazımi qərarların qəbul edilməsi ilə bağlı bütün planları təxirə salıb”, - deyə Sara Sanders bildirib.

Qeyd edək ki, ötən həftə sonu Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silahdan istifadə nəticəsində azı 70 nəfər ölüb. Ölənlərin sayının artacağı deyilir.  Duma şəhəri Şərqi Qutada müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsidir.

ABŞ, Avropa İttifaqı və Böyük Britaniya hadisəyə görə Suriya hökumətinin əsas dəstəkçiləri Rusiya və İranı da ittiham edib.

Bundan sonra D.Tramp Suriyada Əsəd rejiminin Şərqi Qutada kimyəvi silahdan istifadə edilməsi ilə bağlı sərt açıqlama verib. Tramp 48 saat ərzində Suriya ilə bağlı vacib qərar verəcəyini bəyan edib.

“Suriya ilə bağlı bütün məsələləri müzakirə edirik. Kimyəvi silahla hücumu qınayıram. ABŞ Silahlı Qüvvələrinin komandanlığı ilə Suriyadakı vəziyyəti müzakirə edirik. Hərbi cəhətdən planlarımız çoxdur. Bu barədə tezliklə xəbər veriləcək”, - deyə D.Tramp bildirib.

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər