Səhnəmizin “Tomris”i anıldı - VİDEO

Səhnəmizin “Tomris”i anıldı - VİDEO
Amaliya Pənahovanın xatirəsinə həsr olunan tədbir keçirildi

Azərbaycanın Xalq artisti Amaliya Pənahova. Səhnədə yaratdığı obrazlarla tamaşaçıların yaddaşına dərin iz salan sənətkar. Onun səhnə həyatı bəxş etdiyi obrazlar xalq tərəfindən sevildi, seçildi. On doqquz yaşında səhnəyə atılan gənc qız ömrünün sonrakı 50 ilini Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğinə, inkişafına həsr etdi. O, 1964-cü ildən bəri teatrda, kinoda, televiziya tamaşalarında 300-dən çox müxtəlif səpkili, rəngarəng, bir-birinə bənzəməyən, Azərbaycan teatr sənətinin silinməz tarixinə çevrilən parlaq obrazlar yaratdı. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza rolları Azərbaycan teatr tarixinə qızıl hərflərlə yazılıb.

Dövlət Film Fondunda Xalq artisti Amaliya Pənahovanın anadan olmasının 74 illiyinə həsr edilən tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev sənətkarın həyat və yaradıcılığından, milli kinomuzun və teatr sənətimizin inkişafındakı xidmətlərindən danışıb. O deyib: “Gecəni belə adlandırardım – zaman, sənət və əbədiyyət. Çünki zamanın çətin, mürəkkəb yollarından Amalya xanım şərəflə çıxıb. Əsl sənət fədaisi, vurğunu olub. Bu gün əbədiyyətə qovuşsa da, milyonlarla tamaşaçının qəlbində daim yaşayacaq”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Amalya Pənahovanın yaratdığı obrazların özünəməxsusluğundan danışıb, görkəmli aktrisanın sənətinin onun sevənlərin qəlbində həmişə yaşayacağını deyib.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov Azərbaycan teatr və kino sənətində Amalya Pənahovanın bənzərsiz sənət dünyasından, yaratdığı maraqlı obrazlar qalereyasından söhbət açıb:

Böyük istedada malik aktrisa bacarıqlı rejissor kimi də özünü sınayıb, 10-dan çox teatr və televiziya tamaşasına quruluş verib. Bu tamaşaların çoxu lentə alınıb, hazırda televiziyanın “Qızıl fondu”nda saxlanılır.

Amalya Pənahovanın istedadının başqa bir cəhəti onun böyük təşkilatçılıq qabiliyyətinə malik olmasında idi. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edərək onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün səylərini əsirgəməyib. Amalya Pənahova teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə ən yüksək fəxri adlara layiq görülüb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə