Prezident: Multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Prezident: Multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindəndir
"Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan beynəlxalq həmrəyliyə"

İyunun 19-da Vyana şəhərinin “Hofburq” sarayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

REAL xəbər verir ki, konfransın təşkili Prezident İlham Əliyevin irəli sürdüyü Azərbaycanın multikulturalizm modelinin təbliğinin bəşəri önəminə diqqət çəkmək, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyətini vurğulamaq məqsədi daşıyır.

Konfransın açılışında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

Məktubda deyilir: "Hörmətli konfrans iştirakçıları! Sizi - Avstriya Respublikasının Vyana şəhərində keçirilən “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda Beynəlxalq Konfransın təşkilatçılarını və iştirakçılarını səmimi qəlbdən salamlayıram.

Nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, görkəmli elm və din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi bu mötəbər konfrans dünyada cərəyan edən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dinlərin və milli mədəniyyətlərin qarşılıqlı münasibətləri kimi aktual məsələlərin müzakirəsinə həsr olunmuşdur.

Dünyada sülh, dinc birgəyaşayış, humanizm dəyərlərinin təbliği və təşviqi günümüzün vacib məsələlərindəndir. Müasir dövrün çağırışları bəşəriyyət qarşısında ciddi vəzifələr qoyur. Təsadüfi deyil ki, etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyaların azad fəaliyyəti üçün bərabər şərait yaradıldığı Azərbaycan Respublikasında multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmiz müxtəlif mədəniyyətlərin ahəngdar münasibətlərinə və humanitar əməkdaşlıq ideyalarına hərtərəfli dəstək verir, bu sahədə çoxsaylı qlobal təşəbbüslər irəli sürür. Ümumdünya Mədəniyyətlərarası Dialoq və Beynəlxalq Humanitar forumlarının, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, Dünya dini liderlərinin Zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycanın bu sahədəki fəaliyyətinin beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirildiyinin göstəricisidir. Biz müxtəlif dinlər və sivilizasiyalar arasında əməkdaşlığın genişlənməsinə, qlobal müstəvidə qarşılıqlı etimad mühitinin yaradılmasına mühüm töhfə olacaq daha bir beynəlxalq tədbirin - Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi barədə qərar qəbul etmişik.

Ölkəmizin təşəbbüsü ilə keçirilən hazırkı konfransın təşkilinə Avstriya tərəfindən dəstəyi, konfransın işi üçün yaradılan şəraiti yüksək qiymətləndirirəm. Bu tədbirin birgə keçirilməsi, eyni zamanda, Azərbaycan-Avstriya əlaqələrinin, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bariz nümunəsidir.

İnanıram ki, xoşməramlı niyyətlərə xidmət edən Vyana Beynəlxalq Konfransı konstruktiv müzakirələr ruhunda keçəcək, bəşəri dəyərlərin təbliğinə, xalqlar arasında qarşılıqlı anlaşmaya, sivilizasiyalararası dialoqun və mədəni-mənəvi inteqrasiyanın inkişafına töhfələr verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm".

 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə