Mir Şahinin vaxtı - VİDEO ( 30.06.2019)

Mir Şahinin vaxtı - VİDEO ( 30.06.2019)

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin Vaxtıdır.

Bu həftə müsəlman dünyası və dünyagörüşündə ən müxtəlif səviyyələrdə çox ciddi hadisələr baş verdi. Məsələn, müsəlman respublikası olan Yəməndə BMT-nümayəndəliyinin yerləşdiyi bina atəşə tutuldu. Başqa bir müsəlman respublikasında, Azərbaycanda isə Birləşmiş Millətlər Təşkilatının mühüm BMT-nin mühüm toplantısı-Dövlət Xidmətləri Forumu oldu, ardınca isə UNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası başladı. Bir az gözlənilməz başlanğıcdır yox? Amma baxın, hər ikisi müsəlman respublikasıdır. Yəmənin əhalisi isə Azərbaycandan 3 dəfəyə qədər artıq, müstəqillik yaşı da xeyli çoxdur. Amma Sanada BMT atəşə tutulur. Bakıda isə bir həftə ərzində iki planetar tədbir keçirilir. Niyə? sualının cavabı çox sadədir. Azərbaycan etibarlı dövlətdir. Onun mühafizəsi və müdafiəsi etibarlı əllərə və bəşəri parametrlərə hesablanan sağlam idraka arxayındır. Həm BMT, həm UNESKO eqidası altında keçirilən tədbirlərə az sonra qayıdacağıq. Amma indi dövlətin etibarlı müdafiəsi üzərində dayanmaq istərdim. Bu həftə Azərbaycan silahlı qüvvələrinin bayramı oldu. Daha doğrusu bizim bayramımız oldu, onlar isə yenə də işlədilər. Dövlətdə ən ağır və ən çətin iş başında, hərbi xidmətdə, növbədə, səngər və cəbhədə oldular. Ali Baş komandan İlham Əliyevin hələ Heydər Əliyevin 1971-ci ildə sovet Azərbaycanında gələcək müstəqil dövlətin hərbi təfəkkürü və düşüncə vahəsi tək yaratdığı, bu günlərdə isə Prezidentin birbaşa nəzarəti altında yenidən qurulmuş Cəmşid Naxçıvanski adına liseydəki çıxışı isə qısa və konkret oldu. Necə deyərlər. Sırf hərbi.

“Bu gün ordumuz ən yüksək səviyyədədir“

Birinci vitse-prezident Mehriban Əliyevanın da Ordu, əsgər, döyüşçü bayramı münasibətilə xalqa ünvanladığı təbrikdə düzlənilən missiya eynidir. “Ordu bizim dövlətçiliyimizin, təhlükəsizliyimizin, sabitliyin dayağıdır.” Deməli, Azərbaycan bütün bu beynəlxalq tədbirləri. Forum və görüşləri ona görə qəbul edə bilir ki, respublikaya ən müxtəlif ünvanlardan, ölkələrdən minlərlə insan ona görə arxayın gəlir ki, burda dinclik var, sabitlik var.

İndi isə BMT-nin Dövlət Xidmətləri Forumuna qayıdaq. Birləşmiş Millətlər Təşkilatı hələlik alternativi olmayan, bir sıra hallarda simvolik, bəzən hətta formal təsir bağışlasa belə öz profilinə görə ən mütəşəkkil millətlər arası koordinasiya mərkəzidir. Azərbaycan respublikası 29-cu ildir bu birliyin üzvüdür. Bu müddət ərzində hətta BMT Təhlükəsizlik Şurasınını sədri də olmuşuq. Hər dəfə təkrar etməli olsam da bir məsələ üzərində yenidən dayanmaq istəyirəm. Azərbaycan son illər öz daxili və xarici siyasətini planet sakini və yerli vətəndaş arasında uzlaşdırılmış bir xəttlə aparır. Və artıq tam məsuliyyətlə demək olar ki, Əliyevin siyasi kursu milli maraqları bəşəri maraqların tərkib hissəsi tək qəbul etdirmək, eləcə də bəşəri maraqları milli maraqlarda əritmək kimi xüsusiyyətləri özündə əks etdirir. Elə ona görə də BMT Dövlət Xidmətləri Forumunun Bakıda keçirilməsi məntiqi nəticədir. Mükəmməl ASAN xidmətin yerləşdiyi ölkə BMT-nin bu forumu üçün əla məkandır. Elə ona görə də Birinci vitse prezident Mehriban Əliyevanın çıxışında bir öyrətmənlik tonu da var idi. Birləşmiş Millətlər Təşkilatının eqidası altında keçirilən, BMT Baş katibinin müavininin iştirak etdiyi forumda Azərbaycan nümunə göstərir. Təşəbbüs irəli sürür. Və dünya bu təcrübədən bəhrələnmək üçün qeydlər aparır:

 

İndi isə başqa bir çıxışa diqqətinizi çəkim. BMT-nin Dövlət Xidmətləri forumunun yekunlarına dair hesabatı təqdim edən keyfiyyətin idarə olunması və dövlət sektorunda islahatlar üzrə beynəlxalq ekspert NİK THİYS.

 

“Bizim cəmiyyətimizdə tərəqqi gələcək nəsillərə bir çox mənada nələri və necə öyrətməyimizdən asılı olacaq”

Sitat Böyük Heydər Əliyevdəndir. Və ona kim müraciət edir? Bu yerli ideoloq, hakimiyyətyönlü bir partiya funksioneri olan özümüzükü deyil, BMT-nin Dövlət Xidmətləri Forumunun yekunlarına dair hesabatı təqdim edən keyfiyyətin idarə olunması və dövlət sektorunda islahatlar üzrə beynəlxalq ekspertdir. Deməli Azərbayan bir örnək, bir nümunə olaraq qəbul edilir. Onun banilərindən misallar çəkilir. Misal isə o zaman çəkilir ki, götürülən fikir artıq sınanmış, dəfələrlə sınanmış əməlin düşüncə düsturudur. Bütün bəşəriyyət üçün ümumişlək olan, universal düstur. Həftəni və ümumiyyətlə Bakının apardığı daxili və beynəlxalq kursu diqqətlə izləyən müşahidəçi dərhal görür ki, Azərbaycan hövzə siyasəti yürütmür və o yalnız neft-qaz təyinatlı məsələlərdə aparıcı dövlət deyil. Məsələn, yadınızdadırsa OPEK-in Baş Katibi Barkindo neftin qiymətinin dünya bazarında sabit qalmasında İlham Əliyevin təşəbbüsünü və rolunu müstəsna adlandırmışdı. Amma enerji sektoruna ümumiyyətlə aid olmayan sahələrdə aparılan işlər nümayiş etdirir ki, Bakının şaxələndirmə adlandırdığı çox tərəfli siyasət əlkəni çoxdan məhəlli, regional mahiyyətdən çıxararaq onun dəyərini qlobal miqyasa daşıyıb. Bura təkcə maddi yox, elə mənəvi istiqamətlər də aiddir. Məsələn, iyun ayının 30-da işə başlayan UNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sesiyası bəşəri və planetar hədəfləri əhatə edir. Azərbaycanın mövqeyi bir az əvvəl qeyd etdiyimiz kimi təkcə Qafqazın bir parçasına məsul olan ölkənin yanaşması deyil. Biz bütün planetə görə məsuliyyət daşıyırıq.

Bir ovuc uğursuz

Müqayisə edə bilirik? Yaxın tariximizdəki məhzun, bədbəxt, tar-mar, yiyəsiz, ildə bir dəfə çevriliş baş verən banan respublikasının, daha doğrusu Yusif Səmədoğlu demişkən badımcan respublikasının bu gün oynadığı həlledici rolu kim təxmin edə bilərdi? Yəqin ki, bu saat dünyanın harasındasa hansısa başqa bir Mir Şahin efirə çıxırdı və deyirdi. BMT-nin Azərbaycandakı nümayəndəliyi atəşə tutulub. Bu gün isə Bakı Beynəlxalq Mərkəzlərdən biridir. Böyük Respublikadır. Mühüm qərarların qəbul edilməsində iştirak edən ölkədir. Biz indidə və keçmişdə yaşamırıq. Biz Azərbaycanın gələcəyində yaşayırıq. Nə qədər qəribə səslənsə də. Amma keçmiş də ola bilərdik. Ona görə ki, bu gün bir ovuc uğursuz, qarımış müxalifət güruhu var ki, hələ də saatları 90-91-ci ildə yatıb. Onların epoxası mexaniki küçə vərdişlərinin, mitinq refleksinin ağız sularının, Şarikov fəlsəfəsinin it-pişik mübarizəsinin detallarını, damcılarını daşıyır. Yer kürəsinin gözü Yaponiyada, bunlar elə bu ölkənin birinci 3 hərfindən YAP-a boylanırlar. 26 ildir ki, yerlərində sayan, heç bir yeniliyə açıq olmayan, hətta şüarlarını da elə 90-cı ildən geri qaytararaq, yenidən dişləri arasında çeynəyib içəri tüpürən marginallar. Azərbaycanda müxalifətin ənənəvi parçası niyə uğur qazana bilmir? Ona görə ki, müxalifətin hakimiyyətə gəlmək üçün heç bir hazırlığı yoxdur. İndiyədək onlar hansısa çıxıçı kağıza yazıb üzündən oxumurlar. Onlar mitinqdə qətnamə qəbul edib növbəti görüşədək orada irəli sürülən bəndləri yerinə yetirmək kimi borca girmirlər. Onlar yalnız narazıların sayına stavka edir, onların artacağına bel bağlayır, bu baş vermədikdə isə Ruiyada yaşayan azərbaycanlıları aksiya üçün Bakıya çağırırlar. Onların mənəvi dəstəyi yoxdur. Maddi dəstəyi isə ən primitiv üsullarla ələ almağa çalışırlar. Bu həftə Əli Kərimli saxlandı. Ona xəbərdarlıq edib buraxdılar. Nəyə görə, ona görə ki. Əli kərimli və dalına düşənlər cəmiyyətə yeni əxlaq, daha doğrusu əxlaqsızlıq adəti təlqin etmək istəyirdilər. Müxtəlif vaxtlarda asayişi pozduqlarına görə məhkəmələrin kəsdiyi cərimə məbləğlərini adını xeyriyyə marafonu qoyduqları mərasimdə pul yığıb, dolayısı ilə xalqın sadəlövh, əksər hallarda məlumatsız hissəsinə ödətdirmək istətirdilər. Söhbət burda məbləği böyüklüyündən, kiçikliyindən getmir. Yeri gəlmişkən bu və ya buna yaxın yollarla pul yığmaq cəhdləri təzə deyil. Müxalifət qaçaqmalçıları çoxdan Avropanın müxtəlif ölkələrində oturub, tv-yə, radioya bənzər koğuşlar yaradıb ordan başlarını bayıra çıxarıb bum bun, pul-pul deyə səslər çıxarırlar. Artıq iflasa uğramış bu şarlatanlara Azərbaycanda o qədər də fikir vermirlər. Deməli pul da. Qrant da ala bilmirlər. Ona görə ki, qrant verən Məşədilər görür ki, mal verdikləri pula dəymir. Seçki proseslərinə partiya olaraq qatılmağın perspektivsizliyi və həm də faydasızlığı bu siyasi məxluqları hədəfsizləşdirib. Və bəllidir ki, bu gün bu formal siyasi qurumlar istəsələr belə Milli Məclis uğrunda partiya-partiya mübarizə apara bilməzlər. Belə olan halda bir zamanların Vaqif Musayev gedişi də işə yaramır. Yəni varlı-imkanlı birini tapıb Partiya siyahısında ilk yerə oturtmaq, ardına düşüb getmək mümkün olmur. Belə olanda ən asanı ianə toplamaq, nəzir yığmaq, səni and verirəm yanındakı o göyçək qızın canına istinad etmək zərurətə çevrilir. Əli Kərimli yaxşı baş düşür ki, hər dəfə Keşiş Qapon kimi dalına saldıqlarını güdaza verdiyinə görə etimadsızlaşmaqdadır. O fənd də işləmir ki, Milli Şura və Xalq Cəbhəsinin funksionerləri guya həbsdən qorxmur, çəkinmir və fədakarlıq etməyə həmişə hazır olacaqlar. Təbii ki sual yaranır. Onda niyə Əli Kərimli həbsə düşməkdən qorxur, xırda xuliqanlıq belə onun rəngini avazıdır. O saat hay-küy salır. Hər bir-iki saatlıq saxlanmadan dərhal sonra Lenin balkondan əl yelləyən kimi 3 cüt bir tək adamının qarşısına çıxır. Maraqlı daha bir sual. Əli Kərimli onun zibilinə görə həbsə düşən tərəfdarlarına ayda 500 dollaradək yardım göstərməsi barədə məlumat sızdırır. Belədirsə, onda marafon nəyə lazımdır? Yoxsa Əli Kərimli əlində olan çirkli pulları bu yolla leqallaşdırmaq istəyir?! Ki guya camaat verib?

Bir məsələ də diqqətimi çəkir. Fikir verirsinizsə, Əli Kərimlinin saxlanması zamanı onun bəlalı başına toplaşanların sayı azalmaqdadır. Məsələn, Şəhidlər Xiyabanında saxlanılarkən 25-30 nəfər idisə, bu dəfə heç 15 nəfər də deyil. Özünü 100 minlərin lideri hesab edən bir i üçün acınacaqlı mənzərədir. Əli Kərimlinin demokratiya yox, demoqrafiya problemi var. Yeni insanlar doğmalıdır, doğulmalıdır... o da belə tez başa gələn iş deyil axı. Və nəhayət Əli Kərimli və dalındakılar başa düşdülər ki. dövlət onların olmayan toxunulmazlıqlarını tanımaq niyyətində deyil. Humanizmi dürüst başa düşmək lazımdır. Heç bir qanunsuz hərəkət cavabsız qalmır. Əli Kərimli dəfələrlə bunu öz dərisində hiss edib. Yəqin bunu da hiss etməmiş deyil ki, əvvəllər Əli Kərimli tutuldu xəbəri daha böyük ajiotaja səbəb olurdu. İndi artıq oxucu, dinləyici, tamaşaçı öyrəncəlidir. Əli tutuldu, Əli buraxıldı. Kərimli tutuldu, Kərimli buraxıldı. Bir sözlə hasil etdiyim qənaət. Qanunun qətiyyətini sınamağa ehtiyac yoxdur. Dövlətin başı qlobal tədbirlərə nə qədər qarşısa da özünü, asayişini qorumaq kimi peşəkar xüsusiyyəti üstündədi. Pul yığmağa heç kim qadağa qoymur. Elə bu həftə Yeni Azərbaycan Partiyasının bir sıra üzvləri Silahlı Qüvvələrə yardım fonduna öz maaşlarının yarısını keçirmək təşəbbsüsü ilə çıxış etdilər. Buyurun. Kim nə deyir ki? Amma bir də var ki, sən etibardan sui-istifadə edərək pul toplayıb onu qanunsuzluğa investisya kimi yatırırsan. İnsanları kütlənin emosianal hissəsinin boğazından kəsərək sənə verdiyi pula dadandırıb öz məsuliyyətsizliyinin bədəlini ona ödədirsən. Nə yaxşı oğlanmış bunlar? Prezident maaş qaldırır, minimum əmək haqqı, təqaüd artırır buradan da bir şarlatan çıxır ortaya ki, sən o yanındakı göyçək qızın canı. Göyçək oğlanlar! Pulu qazanmaq lazımdır. İşlə məşğul olmaq, dövlətin inkişafında iştirak etmək lazımdır. Xlestakov kimi özünü aldatmağın sonu Azərbaycan variantında Şeyx Nəsrullahlıqdır. Ölülərin yeni versiyası yəqin belə olur. Siz özünüzü diriltməyə çalışırsız. Bu həftə vəfat etmiş əfsanəvi istiqlal tədqiqatçımız Şirməmməd Hüseynov necə deyirdi? Bu vətən də, bu millət də, bu dövlət də bizimdir. Bəz sizin olan nədir? Ermənistan Əli Kərimlinin müdafiə etdiyi Hacı Taleyi yaşıl inqilabın lideri sayır. Əlikram Hümbətovun yanına qoyur. Bəs biz nəyi deyirik. Biz də elə bunu deyirik də. Hardan başlasanız da İrəvanda bitirsiniz. Çünki ideologiya hakimiyyətə yox, dövlətə müxalifətçilikdir. Hörmətli tamaşaçılar, özü də bu həmişə belə olub. Məsələn yadımdadır ki, 1991-ci ildə Azərbaycan hakimiyyəti bəzi yaşayış məntəqələrində əməliyyat aparır, pasportları qaydasında olmayan erməniləri Çaykənddən, Buzluqdan, Mənəşiddən çıxarırdı. Bu zaman hakimiyyəti bilirsiz nədə günahlandırırdılar. Erməniləri deportasiya etməkdə. Onların hüquqlarını pozmaqda. Bilirsiz kim günahlandırırdı? İsa Qəmbər. Əli Kərimli... və başqaları. Ola bilər ki, tamaşaçılarımız üçün anlaşılmazdı bəzi məsələlər. Ona görə də yaxın tariximizə ekskursiya edəcəyik. Qonağım operator Rövşən Əmiraslanovdur. O zaman aparılan təmizləmə əməliyyatını lentə alıb.

Bax indiki müxalifətçilər bu prosesi ermənilərin hüquqlarının pozulması adlandırırdılar. Bu prosesin qarşısını alırdılar. Rusiya kütləvi informasiya vasitələrinə erməniləri müdafiə etmək çağırışlı müsahibə verirdilər. Hörmətli tamaşaçılar. Bu gün özünü gələcəyin ağ atlıları kimi ələmə verən bu adamları yaxşı tanımaq üçün keçmişini izləyiyn. Diqqətlə baxın. Heç kimlə fərdi düşmənçiliyimiz yoxdur. Siz onları tanımalısınız. Ona görə ki, bu insanlar Azərbaycanı bir dəfə yıxıblar, dağıdıblar. Sonradan hansı zülümlər bahasınasa dövlətləşmişik. Hakimiyyətdə olarkən gənc, daha çevik, beyinləri daha sağlam olan bu adamlar indi, üstündən 30 il keçəndən sonra, bütün vərdişlərini itirəndən sonra, hay-hayı gedib vayları hayların ümidinə qalandan sonra, hə düz eşitiniz, onlarla haylar eyni mənbədən maliyyələşirlər, demək olar ki, möhlətləri çoxdan çıxandan sonra nə edə bilərlər? Bir dəfə də olsun adi menecer treninqlərinə qatılmayan, kiçik bir səyyah qrupunu hansısa təpədə müşayiət etməyən zavallı qrup rəhbərlərini yaxşı tanımalıyıq. Buyurun İlham Ələkbərovla söhbətimizi davam etdiririk. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə