Həyat enerjisinə təhlükə saçan içkilər - VİDEO

Həyat enerjisinə təhlükə saçan içkilər - VİDEO
Ölkədə enerji içkilərinin satışında qadağalara ehtiyac var

Enerji içkilərinin sağlamlığa vurduğu ziyanla bağlı bir sıra ölkələrin ardınca İngiltərədə də enerji içkiləri ilə bağlı qadağalar tətbiq olunacaq. Bu ölkənin Səhiyyə Nazirliyinin hazırladığı qanun layihəsinə görə enerji içkiləri 16 yaşdan aşağı olan şəxslərə satılmayacaq.

Əhvalını yüksəltmək, enerji almaq həvəsi ilə Azərbaycanda da bu içkilərdən istifadənin geniş vüsət aldığını nəzərə alsaq, mövzunun günümüz üçün vacibliyi bir daha anlaşılar.

Hazırda satışda müxtəlif adlarda onlarla enerji içkisi var ki, onların qiyməti tərkibindəki kofein və karbohidratların miqdarına, həmçinin böyük və kiçikliyinə görə 1-4 manat arasında dəyişir. Bəs enerji içkiləri orqanizmə necə təsir edir?

Ərzaq Məhsullarının Təhlükəsizliyi üzrə Avropa İdarəsi 2009-cu ildə enerji içkilərinin tərkibindəki maddələri araşdırıb. Aydın olub ki, içkinin tərkibindəki taurin və qlyukuronolakton 18 yaşadək gənclərdə diabet xəstəliyinin kəskinləşməsi kimi fəsadlar verir. 

Həkimlərin sözlərinə görə, enerji içkisinin tərkibindəki kofein stimulverici preparat kimi əsəb sistemini oyadır. Maddənin təsiri üç saatdan beş saatadək çəkir. Kofein həm də aludəlik yaradır.

Bir çox enerji içkilərinin tərkibində çoxlu miqdarda B vitamini olduğuna görə ürək döyüntüsünü artırır, əllərdə və ayaqlarda titrəməyə səbəb olur.

Tərkibindəki qlyukuronolakton maddəsi böyrəyə ciddi mənfi təsir edir, beyin şişi təhlükəsi yaradır. Dozadan artıq qəbul edilən içki taxikardiya, psixi oyanma, nevroz, depressiv vəziyyətə gətirib çıxarır. Həkimlər xəbərdarlıq edir ki, xüsusilə ürək-damar, qan təzyiqi xəstələri bu içkilərdən tamamilə uzaq durmalıdırlar.

Təəssüf ki, enerji içkilərinin qəbulu ilə bağlı verilən tövsiyyələrə baxmayaraq, indi gənc və yaşlı nəsil, hətta uşaqlar arasında da bu içkilərə meyl artmaqdadır. İçkilərin satışında elə bir məhdudiyyət qoyulmadığından, azyaşlı uşaqlar da enerji içkilərini asanlıqla ala bilir.

Ölkənin qida təhlükəsizliyinə cavabdeh olan əsas qurum – AQTA-da da bu məsələnin həlli ilə bağlı ciddi təhlil aparılır.

Agentliyin sədrinin REAL TV-yə verdiyi açıqlamaya görə, enerji ickilərinin tərkibi ilə bağlı yaxın zamanda xüsusi tənzimləmə işi həyata keçiriləcək. Tərkibində kofeinin miqdarı normadan artıq olan təhlükəli enerji ickilərinin istehsalı, idxalı və satışı qadağan olunacaq. Eyni zamanda, qanuni sənəd hazır olduqdan sonra bu içkilərin satışı ilə bağlı da qadağalar tətbiq olunacaq. 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, son onillikdə bütün ölkələri bürüyən “enerji içkisi bumu”na əsasən aparılan araşdırmalara görə, bu içkilərdən istifadənin çoxalması xüsusilə gənclərin sağlamlığına ciddi təhlükə yaradıb.

ABŞ-da 2010-2011-ci illər ərzində 5000-dən çox tələbə gəncin enerji içkisi ilə alkoqolun qarışığından zəhərlənməsi halı qeydə alınıb. 

1 yanvar 2018-ci il tarixindən Rusiyada zəif alkoqollu enerji içkilərinin istehsal və satışına qadağa qoyulub. Bu qanunun tətbiqinə İrkutskda 2016-cı ilin dekabrında 78 nəfərin “Boyarışnik” içkisi ilə zəhərlənməsi zamanı dünyasını dəyişməsi səbəb olub. 

Ərzaq məhsullarının təhlükəsizliyi üzrə Avropa Agentliyinin məlumatına görə, 2011-ci ildə Avropa İttifaqının 16 ölkəsində 18 yaşdan yuxarı insanların 30 faizi, 10-18 yaş arası yeniyetmələrin 68 faizi, 10 yaşlıların isə 18 faizi enerji içkilərindən daimi istifadə edənlər olub. 

Hazırda Fransa, Tayvan, Danimarka, Norveç, Uruqvay və İslandiyada, eləcə də, ABŞ-ın bir neçə ştatlarında enerji içkiləri qadağan olunub. Macarıstanda isə enerji içkiləri 2012-ci ildən zərərli ərzaqlar siyahısına salınıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə