Mədəni müxtəlifliyin unikal nümunəsi - VİDEO

Mədəni müxtəlifliyin unikal nümunəsi - VİDEO
H.A.Paşazadə ehtiram mühitinin formalaşması üçün səylərindən bəhs edib

Bu gün Azərbaycan dinlərarası, konfessiyalararası, həmçinin, məzhəblərarası həmrəyliyinin nadir nümunəsinə malik bir məkan, milli birlik, mənəvi vəhdət, dini-mədəni müxtəlifliyin unikal nümunəsidir. Bunu Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə 70 illik yubileyi ərəfəsində APA-ya müsahibəsində deyib. Şeyx qeyd edib ki, Şeyxülislam olaraq, bütün fəaliyyəti dövründə bu qarşılıqlı etimad, ehtiram mühitinin formalaşması üçün əlindən gələni əsirgəməyib. 

"Kəskin ziddiyyətlər, terror, dini və milli zəmində ekstremizm, ksenofobiya, xristianofobiya, antisemitizm və islamofobiyanın tüğyan etdiyi, dini-mədəni dəyərlərə savaş açıldığı narahat dünyamıza Azərbaycan öz nadir təcrübəsini - multikulturalizm modelini təklif edir ki, dini lider olaraq bundan böyük fəxr duyuram. Azərbaycanda 2017-ci ildə Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Bakı Beynəlxalq dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzinin də bütün fəaliyyəti bu məramlara xidmət edir. Mərkəzimiz tərəfindən İspaniyada, Almaniyada, Avstriyada keçirilmiş uğurlu beynəlxalq konfranslar bizim fəaliyyətimizin göstəriciləridir.
Azərbaycanın bu yöndə səylərinin dünya ictimaiyyəti tərəfindən dəyərləndirilməsi Şeyxülislam olaraq, məni çox sevindirir. Dünyanın tanınmış, nüfuzlu dini liderlərinin Azərbaycana səfərlər etməsi, ölkəmizin multikultural həyat modelinin özəlliklərini vurğulamaları mənim üçün olduqca mühüm əhəmiyyət kəsb edir." 


Şeyx vurğulayıb ki, Azərbaycanın ümumbəşəri önəm kəsb edən ideyaların bütün dünya ictimaiyyətinə xitabən ucaldığı ənənəvi məkan statusunu qazanması fərəhləndirici haldır və Şeyxülislam olaraq, bu böyük miqyaslı işlərdə dövlət başçının siyasi iradəsini görmək onu olduqca məmnun edir. 

"Ölkəmizdə istər Multikulturalizm, istər İslam Həmrəyliyi illərinin elan olunması ümumi hədəfə, məqsəd və mərama xidmət edir. Bununla Azərbaycan dövləti dünyada gedən proseslərə özəl, dəyərli töhfə vermiş olur. Zati-aliləri Prezident İlham Əliyev dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair Bakı prosesinin müəllifidir. Dövlət başçımızın qlobal miqyasda dəyər kəsb edən təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgəyaşayış amallarına xidmət edir. Humanitar, Mədəniyyətlərarası dialoqa dair Qlobal Forumların mütəmadi olaraq Bakıda keçirilməsi bu təşəbbüslərin sırasında xüsusi əhəmiyyət kəsb edir. BMT, İƏT xətti ilə ali tədbirlərə ev sahibliyi edən Azərbaycan hər zaman bölgədə və dünyada sülh və anlaşmaya xidmət edən mütərəqqi ideyaların dəstəkçisi olaraq çıxış edir. İstər İslam, istərsə Qərb dünyası ilə qarşılıqlı ehtirama əsaslanan beynəlxalq münasibətlərə malik Azərbaycan həm milli-mənəvi, həm də bəşəri dəyərlərin hamisi olaraq çıxış edir. Dünya iqtisadi böhran, siyasi gərginlik, mənəvi səciyyəli problemlər yaşadığı bir dövrdə bizim Prezidentimiz bütün bunların fövqündə dayanmaq qüdrəti nümayiş etdirir, Azərbaycandan bütün dünyaya multikulturalizm ideyalarını təbliğ edir, millətlər, dinlərarası dialoqu təşviq edir, ədalətə və beynəlxalq hüquqa söykənən dünya düzəninə çağırışlarını bəyan edir."

Şeyx qeyd edib ki, hələ 1988-ci ildə Azərbaycan ərazilərinə göz dikən erməni ekstremistlər Dağlıq Qarabağ münaqişəsində din amilini qabartmaq bununla təəssübkeşlər qazanmaq istəyi olub. Lakin onların bu arzusu puç edilib.

"Biz bu qüvvələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dini don geyindirmək, konflikti dinlərarası toqquşma müstəvisinə daşımaq niyyətlərini puç edə bildik. Buna məhz dini liderlərin görüşləri sayəsində nail olduq. Bunun əksi, yəni münaqişəyə dini səciyyə verilməsi böyük faciələrə gətirib çıxara bilərdi.
Dini lider, din xadimi olaraq mən hər zaman sülhün tərəfdarıyam və insan qanının axıdılmasının qarşısının alınması, müqəddəs dəyər olan insan həyatının xilası yolunda bütün imkanlardan istifadə etməni vacib sayıram. Bütün dünya, o cümlədən, ermənilərin özləri də Qarabağın Azərbaycan torpağı olduğunu gözəl bilir. Bizə ədalətli sülh lazımdır. Dövlətimizin də mövqeyi belədir, dünya birliyinin qəbul etdiyi qərarlar - BMT-nin 4 məlum qətnaməsi yerinə yetirilməli, ərazi bütövlüyümüz bərpa olunmalıdır. Bu həqiqəti nə qədər tez qəbul edərsə, sadə erməni xalqı da müsibətlərdən daha tez xilas olar, bölgədə sülh və tərəqqi bərqərar olar.
Dini liderlərin səylərinin birləşdirilməsi, dini liderlərin siyasi, ictimai xadimlərlə səylərini birləşdirməsi dünyada sülhün qorunması, münaqişə ocaqlarının söndürülməsini, nəticə etibarilə, müqəddəs dəyər olan insan həyatının qorunmasını təmin edə bilər. Dinin sülhyaratma potensialından, dini liderlərin nüfuz və imkanlarından istifadə etmək əmin-amanlığa xidmət edər. Bunu siyasət aləmi qəbul etməlidir. Dini liderlər də Uca Yaradan qarşısında məsuliyyətlərini dərk edərək, əllərindən gələni əsirgəməməlidirlər."

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə