Bakıda növbəti bal yarmarkası keçiriləcək

Bakıda növbəti bal yarmarkası keçiriləcək

Bu ilin sentyabrın 28-dən oktyabrın 18-dək Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

REAL APA-ya istinadla xəbər verir ki,  Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək yarmarkada satışa çıxarılacaq balların keyfiyyəti və təhlükəsizliyinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edəcək.

Qeydiyyat müddəti 6-11 sentyabr tarixlərini əhatə edir. Sentyabrın 12-də qeydiyyatı təsdiqlənmiş arıçılara SMS-lə bildirişlər göndəriləcək və məhsullarını nə vaxt gətirəcəkləri barədə məlumat veriləcək. Yarmarkada iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfəri keçməməklə növbəlilik əsasında müəyyən ediləcək. Yarmarkada iştirakı təsdiqlənmək üçün hər bir arıçının minimum 20 arı ailəsi olmalıdır. İştirakı təsdiqlənmiş hər bir arıçı yarmarkaya maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxara bilər.

Bal nümunələrinin qəbulu 13-24 sentyabr tarixləri arasında “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında baş tutacaq. Yarmarkada iştirak ödənişlidir, iştirak haqqı 150 manatdır. Bu məbləğə satış üçün yer və lazımi ləvazimatlarla təmin olunma, yarmarkanın reklam işlərinin aparılması, logistika və anbar işinin təşkili və digər xidmətlər daxildir.

Bal və bal məhsulları anbara daxil olduqdan sonra keyfiyyət və təhlükəsizliyinin yoxlanılması üçün AQTA tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları tərəfindən nümunələr götürüləcək və İnstitutun müvafiq laboratoriyalarında ekspertizaya cəlb ediləcək. Ekspertizalar zamanı məhsulların təhlükəsizliyi, eləcə də keyfiyyət göstəriciləri yoxlanılacaq və yalnız qida təhlükəsizliyi göstəriciləri uyğun olan məhsulların satışına icazə veriləcək. Analizin nəticələri keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olmayan bal məhsullarının satışına icazə verilməyəcək və məhsullar “Aqrar Tədarük və Təchizat” ASC-nin Meyvəli bazarında yerləşən anbarında saxlanılacaq. Yarmarka bitdikdən sonra anbarda saxlanılmış məhsullar sahiblərinə təqdim ediləcək.

Yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun ən müasir cihaz və avadanlıqlar ilə təchiz edilmiş səyyar laboratoriyası arıçılıq məhsullarının müayinələrinin aparılması üçün vətəndaşlara xidmət göstərəcək. İstehlakçılar aldıqları balın keyfiyyətinə əmin olmaq üçün məhsulu səyyar laboratoriyaya təqdim edib, yoxlada bilərlər.

Qeyd edək ki, yarmarka təşkilatçıları yalnız yoxlanışdan keçən və yarmarka ərazisində satışı həyata keçirilən balların keyfiyyətinə və təhlükəsizliyinə görə cavabdehlik daşıyır. Yarmarka ərazisinin yaxınlığında bu və ya digər şəxslər tərəfindən satışa çıxarılacaq arıçılıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət yalnız məhsul satan şəxslərin üzərinə düşür.

Yarmarkada bu il ilk dəfə olaraq satışa çıxarılacaq hər bir məhsulun qabının üzərində ştrix-kod olacaq. Bu kod vasitəsilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq məhsul və istehsalçı barədə məlumatları öyrənə biləcəklər.

“Vətəndaşlardan yarmarkada üzərində ştrix-kod olmayan qablaşmada satılan məhsulları almamağı və belə bir halla rastlaşdıqları təqdirdə məsul şəxslərə yerindəcə məlumat verməyi xahiş olunur” , - deyə ASC-dən bildirilib.

Yarmarkaya gəlmək imkanı olmayan raytaxt sakinləri üçün yarmarka günlərində onlayn sifariş xidməti də təşkil olunacaq. Belə ki, vətəndaşlar www.bal.kendden.az saytına daxil olaraq istədikləri məhsulu onlayn şəkildə sifariş verə, ödənişi isə öz ünvanlarında həyata keçirə biləcəklər. Sifariş olunan məhsulların metronun “Nəriman Nərimanov” və “Gənclik” stansiyaları yaxınlığındakı ünvanlara çatdırılması ödənişsiz, digər ərazilərə çatdırılması isə 5 manat xidmət haqqı müqabilində həyata keçiriləcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə