Kirayə qaldığınız mənzili ala biləcəksiniz - VİDEO

Kirayə qaldığınız mənzili ala biləcəksiniz - VİDEO
Kirayə mənzillərlə bağlı yenilik

Vətəndaş kirayə qaldığı mənzilə sahib ola biləcək.

İpoteka və Kredit Zəmanət Fondu balansındakı mənzilləri uzunmüddətli kirayə verəcək və kirayənişin bu mənzilin pulunu aybaay ödəməklə sonda mənzilə mülkiyyət hüququ əldə edəcək. Beləliklə, həm ilkin ödəniş etmək imkanı olmayan, həm də gəlir səviyyəsi ipoteka kreditinin götürülməsinə yetməyən vətəndaşlar mənzil şəraitlərini yaxşılaşdıra biləcəklər.

Mənzillər hansı şərtlərlə kirayələnəcək? 

Kirayəyə mənzil götürmək üçün bir neçə əsas şərt müəyyənləşdirilib:

Mənzil kirayəyə götürən vətəndaş aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir. Yalnız bu məbləğ ödəndikdən sonra vətəndaşla fond arasında müqavilə bağlanmış hesab oluna bilər" kirayə müqaviləsi 3 ildən 25 ilədək bağlanıla bilər.

Digər şərt isə kirayəyə verilən mənzilin sığortalanmasıdır. Mənzillərin sığortalanması isə Fondun xərclərinə daxildir. İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayəyə vermək üçün yaşayış sahələrini satın alacaq. Kirayəyə yalnız 2013-cü ildən - Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilərək üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış çoxmənzilli binalarda yerləşən təmirli yaşayış sahələri verilə bilər. Kirayə mənzillər vətəndaşlara tam təmirli, elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş, istifadə üçün yararlı vəziyyətdə təhvil veriləcək.

Kirayə evlər əhaliyə nə vaxtdan və necə veriləcək?

Sənədə əsasən, müraciətlər növbəlilik əsasında elektron sistemlə qəbul olunacaq.

İqtisadi təhlilçi Vüqar Bayramov kirayə mənzil verilməsi prosesini 2019-cu ilin ikinci yarısı üçün proqnozlaşdırır. "Mümkündür ki, fond müxtəlif binalardakı satılmamış hazır mənzilləri kirayəyə çıxara bilər", təhlilçi deyir. Vüqar Bayramov düşünür ki, "evin yerləşdiyi ərazi qiymətlərin təyini baxımından önəmlidir".

Kirayə mənzilin sosial evlər və güzəştli ipoteka kreditindən fərqi nədir?

Kirayəyə mənzil götürərkən, bir illik kirayə haqqı əvvəlcədən ödənməlidir. Güzəştli ipoteka kreditində isə əmlakın dəyərinin müəyyən faizi əvvəlcədən ödənməlidir.

Mənzilə sahib olanların Azərbaycan vətəndaşı olması şərtdir. Kirayə mənzil üçün müraciət edənin vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi ödənişlər üzrə) olmamalıdır. Mənzillərə sahib olmaq üçün mövcud sənəd başqa şərtlər müəyyənləşdirməyib. Bu o deməkdir ki, ödəmə qabiliyyəti olan və borc öhdəliyi olmayan istənilən vətəndaşımız kirayə mənzillərə sahib olmaq üçün müraciət edə bilər.

Kirayəçi mənzili rəsmi olaraq başqa şəxsə ötürə bilərmi?

Qaydalar, kirayəçiyə belə hüquq verir. Fondun yazılı razılığı ilə kirayəçinin kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilər. Sadəcə kirayəçi bunu kirayə müqaviləsi bağlanan gündən 3 ildən sonra edə bilər. Məsələn, kirayə müqaviləsi bağlanandan 3 il sonra kirayəçi ödəniş etməkdə çətinlik çəkirsə və ya evlə bağlı planları dəyişirsə o zaman fondun razılığı ilə müqaviləni başqasının adına keçirə bilər. Mənzilə mülkiyyət hüququ kirayəyə verəndən başqa şəxsə keçdikdə, kirayənin qüvvədə qalması baş verir.

Bu hal kirayə müqaviləsində də qeyd olunacaq.Kirayə müddəti ərzində kirayəçi vəfat etdikdə isə kirayə müqaviləsi üzrə hüquqlar vətəndaşın vərəsələrinə keçir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə