Azərbaycan-Çin partiya əməkdaşlığı - VİDEO

Azərbaycan-Çin partiya əməkdaşlığı - VİDEO
YAP-ÇKP münasibətlərinin 20 illiyi ilə bağlı konfrans keçirilib

Çinin paytaxtı Pekində Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əlaqələrin qurulmasının 20 illiyi münasibətilə "Xalqların rifahı naminə" mövzusunda konfrans keçirilib.

REAL TV-nin Asiya bürosu xəbər verir ki, iki partiya arasında dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsinə dair keçirilən konfransda çıxış edən Çin Kommunist Partiyasının Beynəlxalq Əlaqələr şöbəsinin nazir statusunda rəhbəri Sun Tao hər iki ölkədə uzun illərdir hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının səmimi dostluq və etibarlı tərəfdaşlıq əlaqələrinin olduğunu deyib.

Ötən 20 ildə iki partiya arasında sıx təmaslar qurulub, qarşılıqlı səfərlər həyata keçirilib, təcrübə mübadiləsi aparılıb. "Tarix göstərir ki, iki partiya arasında yaxınlaşma, əməkdaşlığın dərinləşməsi dövlət başçılarının iradəsi sayəsində mümkün olub. Hər iki partiya xalqa söykənərək, dövlətin inkişafı üçün çalışır", - deyə Sun Tao bildirib.

Sun Tao Çin Kommunist Partiyasının yaxşı dost və tərəfdaş kimi Yeni Azərbaycan Partiyasının dövlət idarəçiliyi konsepsiyasını yüksək qiymətləndirdiyini deyib.

Görkəmli dövlət xadimi Heydər Əliyevin və Prezident İlham Əliyevin lideri olduğu Yeni Azərbaycan Partiyası ölkənin inkişafı üçün siyasi və iqtisadi islahatlar aparıb. Biz Yeni Azərbaycan Partiyasının bu istiqamətdə qazandığı uğurlara sevinirik. Tarixi İpək Yolu Çin və Azərbaycana sarsılmaz dostluq əlaqələri bəxş edib. Müasir dövrdə isə "Bir kəmər, bir yol" təşəbbüsünün həyata keçirilməsində ölkələrimiz sıx əməkdaşlıq edir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Hadi Rəcəbli Azərbaycanın Çin Xalq Respublikası ilə ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət verdiyini, əlaqələrin bütün sahələrdə dərinləşməsində və genişlənməsində maraqlı olduğunu deyib.

İki ölkə arasındakı sıx əməkdaşlıq münasibətləri hakim partiyaları arasında fəal əməkdaşlığın formalaşmasına münbit şərait yaradıb.

Qeyd olunub ki, Çinin dövlət başçısı tərəfindən irəli sürülmüş "Bir kəmər, bir yol" təşəbbüsü ikitərəfli münasibətlərimizin genişləndirilməsinə və dərinləşməsinə yeni imkanlar yaradıb. Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olaraq, reallaşdırdığı irimiqyaslı nəqliyyat-infrastruktur layihələri ilə onun həyata keçirilməsinə öz əhəmiyyətli töhfəsini verməkdədir.

Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin cari il aprelində Pekində keçirilmiş 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı ölkələrimizin sözügedən təşəbbüsü birgə reallaşdırmağa sadiqliklərinin bir daha təsdiqi kimi dəyərləndirilməlidir.

Hadı Rəcəbli Azərbaycanın əldə etdiyi uğurlardan, iqtisadiyyatın inkişafından, əhalinin sosial rifah halının yüksəlməsindən, beynəlxalq aləmdə artan nüfuzundan danışıb.

Konfransda digər çıxış edənlər hakim partiyaların müxtəlif istiqamətlərdə fəaliyyətindən, ölkələrimizin və partiyaların münasibətlərindən danışıblar.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə