Çində Payız Bayramı - VİDEO

Çində Payız Bayramı - VİDEO
Çin xalqı ənənəvi bayramını qeyd edir

Çində ənənəvi bayramlardan olan “Payızın ortası” bayramı və ya başqa adla Ay festivalı qeyd edilir.

Şərq ölkələrinin Ay təqvimi ilə 8-ci ayın 15-ci gününə təsadüf edən bu festival Çində qeyd olunan ənənəvi bayramların əhəmiyyətinə görə üçüncüsüdür. Bu bayramın yaranması Tan sülaləsinin hakimiyyətinin ilk dövrlərinə, yəni 7-ci əsrə gedib çıxır. Bayramın yaranmasına dair bir neçə fərqli rəvayət var.

Bunlardan ən geniş yayılmışı mahir oxatan Xou və onun gözəl xanımı Çan ilə bağlıdır. Rəvayətə görə ölümsüzlük şərabi içən Çan Ayda yaşayır, yer kürəsini 10 günəşin istisindən xilas edən Xounun isə öldükdən sonra ruhu Günəşdə yaşamağa davam edir. Onlar hər il 8-ci ayın 15-ci günü görüşürlər. İnanclara görə, Həmrəylik xarakteri daşıyan bu bayramı ailə üzvləri, yaxın qohumlar, dostlar bir yerə toplaşaraq qeyd edirlər.

Bu festival həm də “Ay çörəyi” bayramı adlanır. Buna səbəb bayram günlərində ayabənzər un məmulatlarının, şirniyyatların hazırlanması və paylanılmasıdır. Bayram günlərində adətən ay çörəyi yeyilir, gecə bütün ailə, yaxın qohumlar birlikdə Ay seyr edir. Çinlilər hesəb edir ki, məhz bu gecə Ay ən parlaq halda olur. Bayram günlərinin diqqət çəkən məqamlarından biri də fənər şoularının, xalq oyunlarından ibarət səhnəciklərin təşkilidir. Bundan başqa, müxtəlif mərasimlər, şənliklər təşkil olunur. Bura həmçinin kütləvi nikah mərasimlərini də aid etmək olar. Elə bu ilki bayramda da 200 cütlüyün nikah mərasimi keçirilib.

Ay festivalı günlərində həm də məhsul bayramı qeyd olunur. Kənd təsərrüfatının, əkinçiliyin geniş yayıldığı Çində insanlar bol-bərəkətli məhsul yığımını elliklə qeyd etməyə üstünlük veriblər. Yaz-yay aylarının əziyyətinin bol məhsul əldə etməklə başa çatması insanların sevincinə, bu sevinc isə müxtəlif şənlikləri əhatə edən məhsul bayramın yaranmasına səbəb olub.

Qeyd edək ki, bayram günlərində insanların valideynlərini, doğmalarını ziyarət etmək və 3 günlük bayram tətilindən istifadə edərək gəzməyə getmək istəyənlərin sayının çoxluğu səbəbindən nəqliyyatda sıxlıq müşahidə olunur. Proqnozlara görə, bayram vaxtı dəmir yolu ilə gündəlik daşınan sərnişinlərin sayı 11,5 milyon nəfərə çatacaq. Hava limanlarında cədvəldən kənar uçuşların sayı da artırılıb.

Payız bayramı müxtəlif adlar altında və adət-ənənələr əsasında Koreya, Vyetnam, Sinqapur, Malayziya, İndoneziya, Filippin və digər ölkələrdə də qeyd edilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə