Mir Şahinin vaxtı - VİDEO (15.09.2019)

Mir Şahinin vaxtı - VİDEO (15.09.2019)

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtıdı.

Salam. Baxmayaraq ki, REAL-ın əməkdaşları efir məzuniyyətinə çıxmadılar və yəqin buna görə də biz yeni mövsüm, köhnə mövsüm söhbəti eləməyəcəyik. Amma televiziyada yeni mövsüm anlayışı varsa biz də bu qaydaya riayət etməliyik. Formal olsa da. Bu axşam vaxtınızı çox alacam. Həm söhbətimiz çoxdu, həm də həmsöhbətimiz. Çalışacağıq ki, yeni televiziya mövsümündə həm də yaxın ayların ümumi müzakirə prioritetlərini elan edək. Bu gün qərara gəldik ki, millətin, xalqın güc sektorunu əhatə edək.

Məsələn, Müdafiə Naziri Zakir Həsənovla müsahibəmiz var. O hərbi gücümüz, TURAZ Qartalı Azərbaycan-Türkiyə birgə təlimlərinin yekunları və əldə edilmiş nəticələr, ümumi döyüş hazırlığımız, habelə Nikol Paşinyanın Qarabağı Ermənistanın tərkib hissəsi adlandırması barədə bu yaxınlarda ona verilmiş sualı cavabsız qoymamasının səbəbləri barədə, eləcə də peşə borcunu yerinə yetirərkən həlak olmuş pilotumuz Rəşad Atakişiyevin qəzasının təfərrüatları, sosial şəbəkələrdə ikinci Şəhidlər Xiyabanı salınır? mövzularında başlanan panik mərəkə barədə bütün suallara ətraflı cavab verəcək.

Prezident Administrasiyası Xarici Məsələlər Şöbəsinin müdiri Hikmət Hacıyevlə söhbətdə siz Azərbaycanın gücünün böyük bir hissəsini alan işğal olmuş ərazilərimiz ətrafında son vəziyyəti, Ermənistan rəhbərliyinin provakativ davranışları, ATƏT-in Minsk Qrupu həmsədrlərinin son əcayib bəyanatına dövlətin rəsmi münasibətini biləcək, Avropa İttifaqı ilə Azərbaycan arasında indiyədək üstüaçıq qalan sazişin imzalanmamasının əsl səbəbini öyrənəcək, AŞPA-nın Prezidentinin Azərbaycana səfərilə doğrudanmı Azərbaycan bu qurumu bağışladı yaxud, Avropa Şurası ölkəmizə bundan sonra daha diş qıcamayacaq ki? suallarına cavab alacaqsınız.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovla söhbətdə Azərbaycan vətəndaşı və dövlət arasındakı münasibətlərin detallarına gedəcəyik. Əli Əhmədov müxalifətin həm laqqırtı, həm laykırtı, həm də gerçək hissəsinə mesajlar göndərir. Azərbaycandakı siyasi proseslərə xaricdən təsir mövzusunda məncə kifayət qədər açıq söhbət etmişik.

Təhsil Naziri Ceyhun Bayramov ilə dialoqumuz zamanı bu təhsil ilinin əvvəlkilərdən əsas fərqini ortaya qoyan məqamlar üzərində dayanmışıq. İctimai nəzarətdən tutmuş ödənişli təhsil mövzusuna qədər, süni intellektin tətbiqindən, nöqsanlara yol vermiş müəllimlərin cəzalandırlma mexanizminədək demək olar ki bütün həssas nöqtələrə toxunmuşuq. Bir sözlə Təhlil Axşamının samballı olması üçün həvəslə işləmişik. Məncə faydalı qənaətlərlə, lazımlı xəbərlərlə karınıza gələcəyik.

Dağlıq Qarabağ da daxil olmaqla işğal edilmiş ərazilərimiz, müharibə zərurəti və ya məsələnin hərbi həll yolu kimi mövzulara Müdafiə naziri ilə müsahibədə də toxunmuşuq. General polkovnik Zakir Həsənovla TURAZ Qartalı Türkiyə-Azərbaycan təliminin bağlanış mərasimindən sonra görüşə bildik. Nazir bir sıra mühüm, o cümlədən son zamanlar sosial şəbəkələrdə xüsusi, özü də pis niyyətlə hallandırılan bütün suallara cavab verdi. Nikol Paşinyanın aqressiv bəyanatlarıyla bağlı suala niyə cavab verməməsinin səbəblərini də soruşduq. Şəxsən məndən ötrü açıq sual qalmadı. Müsahibəyə baxın.

Güc, qüvvət mövzusunun müzakirəsini davam etdiririk. “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eləyə bilməz!” deyən Nizami Gəncəvinin məntiqindən çıxış edərək təhsil naziri Ceyhun Bayramovla görüşdük. Azərbaycanda bu məhərrəm mövsümü göstərdi ki, dövlətin gücü yalnız silah deyil. Həm də bilikdir. Sentyabrın 15-i isə xüsusi gündür. İlk dərs, bilik günü. Amma bu il sentyabrın 15-i istirahət gününə təsadüf etdiyindən ilk zəng sabah çalınacaq. Çox istərdim ki, bu zəng həm də xəbərdarlıq zəngi olsun. Mövhumat və cəhalətin hər il yeni vüsətlə dövlətin üzərinə gəldiyi bir zamanda təhsildən başqa istinad yerimiz yoxdur. Biz uşaqlarımızı 10-12 il sonranın dünyasına hazırlamalıyıq. Süni intellekt insanın alternativinə çevrilir. Dördüncü sənaye inqilabı bizim Azərbaycana da çatıb. İlham Əliyev Azərbaycanı o standartlara, o çağırışlara hazırlayır. Bir-vaxtlar sevə-sevə bəslədiyimiz “ala bula boz keçilərimizi” yutyub canavarları ləzzətlə yeyir. Nazirimizlə də təxminən belə mövzularda danışmışıq. Maraqlı, ətraflı, təmkinli, həm də həyəcanlı söhbət alındı.

Falaqqadan süni intellektə. Böyük yoldur. Çətin və doğru yoldur. Amma bu gün kimlərsə yenidən falaqqaya qayıtmaq istəyir. Əlif zəbər ə, bey zəbər bə tey zəbər tə. Onların da öz həqiqətləri, 12-ci İmam kimi xüsusi zəkaları var. Onların məqsədi və hədəfi onlardan ötrü heç də mücərrəd deyil. Bununla heç də hansısa dindarın imanını qıdıqlamaq, aşağılamaq istəmirəm. Sadəcə olaraq Azərbaycan dövlətinin dünyəvi məzmununu xatırladıram. Və xüsusi qeyd təklif edirəm. Bundan sonra bəzi xarici dövlət başçılarının Azərbaycana səfərlərinin proqramını tərtib edərkən dəqiq əmin olmaq lazımdır ki, məqsəd Nizaminin türbəsini ziyarətdir, yoxsa menyuda başqa məzarüstü ziyafətlər də var. Azərbaycan elə dövlətlərlə həmsərhəddir ki, onların ərazisindən şəffaf məhsullar da daxil olur. 10 milyonluq multikultural ölkə İran və Türkiyə kimi müsəlman ölkələrindən də, Rusiya Federasiyasının dövlətimizlə həmsərhəd olan müsəlman subyektlərindən də güclü təsirə, dini küləklərə məruz qalır. Azərbaycan dövlətinin müstəqilliyi həm də minbərlərdə qorunmalıdır. Bunu xütbə oxuyanlarımız etməlidir. Başını əyib alnını Azərbaycan torpağına qoyan hər bir dindar etməlidir. Bizim qibləmiz Məkkədə ola bilər. Amma qiblədən də artığımız, vətənimiz Azərbaycandır. Biz Suriyanın, Liviyanın taleyindən yaxşı başa düşürük ki, min bir gecə nağılları ilə fanatik dindarların minbər gecəsindən doğan qara ay parçası bəzən qəbzəsiz qılınc kimi dövlət polisinin qarnına soxulur. Bu həftə Azərbaycanın dövlət maraqlarını təhdid edən son dərəcə ciddi çağırışlar müzakirə edildi. Təşkilatçı partiya da sanki təsadüfən Ana Vətən deyildi. Belə də demək olardı. Ana Vətən çağırır! Fəzail Ağamalının təşəbbüsü ilə, Yeni Azərbaycan partiyasının dəstəyi və yaxından iştirakı ilə təşkil edilən Dəyirmi Masada dövlətimizin xaricdən məruz qaldığı təsir və təzyiqlər müzakirə edilirdi. Əvvəlcə kiçik bir arayış verim. Azərbaycanda sabitliyi pozmağa çağıran ayrı-ayrı antidövlət fərarilər xarici ölkələrin ərazisindən İnternet resurslarından istifadə etməklə ölkədaxili qaragüruhun da ovqatına hesablanan addımlar atır. Bunu edənlər kimlərdir. Qurban Məmmədov, Qənimət Zahid, Orduxan Temirxan, Sevinc Osmanqızı, Tural Sadiqli... Dəyirmi Masa ətrafına yığılanlar arasında bu adamlara ya birbaşa, ya da dolayısı ilə dəxli olanlar da var idi. Məsələn Sərdar Cəlaloğlu “bir payız axşamı” avantürasının müəllifi Qurban Məmmədlinin qardaşı idisə, Azərbaycandan qaçıb xaricə sığınmaq istəyənlərin qeydiyyatı və oturum icazəsinə birbaşa baxan birinin yaxın qohumu da burdaydı. Sərdardan fərqli olaraq bu adam doğrudan dövlətə sədaqətlidir. Ona görə də əminəm ki, o sözün coğrafi mənasında uzaq qohumunu vətəndaş həyəcanını çatdırıb artıq. İnanıram. Daha doğrusu inanmaq istəyirəm. Məsələnin bu tərəfinə, yəni qohumların məsuliyyət məsələsinə gələn həftələrdən birində qayıdacağam. İndi isə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovla müsahibəni sizə təqdim edirəm. Söhbətimizin mövzusu Azərbaycanın daxili proseslərinə xaricdən müdaxilə və bu zaman dövləti fərarilərdən istifadə praktikasıdır.

Əli Əhmədov hesab edir ki, belə görüşlərin dövlətə, vətəndaşların siyasi təfəkkürünün mükəmməlləşməsinə faydası olacaq. Nikbindi bir sözlə. Amma mən o qədər də optimist deyiləm. Çünki ölkə müxalifətinin xəritəsi o qədər qarışıqdır ki, burada qara güruh kimdir, ağ, yəni ali siyasi müxalifət kimdir, bəlli deyil. Qaragüruh konkret olaraq Əli Kərimlinin ətrafında birləşir. Onların konsepsiyası söyüş, təhqir və təhdiddir. 1992-ci iln mart ayında Ali Sovetin qarşısında deputatlara qapaz vuran, parlament binasının pəncərələrini qıran siyasi yarlıqlı kütlənin demontaj olunmuş, yeni mutasiyası. Onlar dəqiq bilirlər ki, heç vaxt iqtidara gələ bilməyəcəklər. Çünki peşəkarlıqları yoxdur, savadları yoxdur, tərbiyələri yoxdur. Silahları təhqir və söyüşdən ibarətdir. Əslində onlardan ötrü söz azadlığı elə söyüş azadlığıdır. Yenilik də var. Əli Kərimli və İlqar Məmmədov debata çıxacaqmış. Uşaqlar çəkilün, dala durun indi Makedi=onla Namiq vurışəceylər!” Yeri gəlmişkən, sosial şəbəkələrdə bir sorğuya rast gəldim. “Ana Müxalifət lideri olmağa kim layiqdir?” İlqar Məmmədov ciddi fərqlə irəlidədir. Deməli Qaragüruh o qədər bəsirətsiz, o qədər həvəssiz, yalnız söyüş və təhqirə o qədər aludədir ki, özünün lideri Əli Kərimlinin uduzmasına dözür. Baxmayaraq ki, mən bu fikirdə deyiləm. Neçə illərdir müxalifətdə təkbaşına nəsə etməyə çalışan, tərəfdarlarının böyük bir qrupunu vaxtaşırı itirən, faktiki olaraq ömrünün son 26 ilini mübarizədə qoyan Əli Kərimlini İlqar Məmmədov necə yenə bilir axı? Hanı Əli Kərimlinin Məhsulları, məsulları??? 26 ildir e. Bir igidin Lermontov ömrü e. Nəsə. 26 il demişkən. 26 ildir ki bu siyasi molekullar ora-bura çovuyur, gah istidən genişlənir, gah soyuqda sıxılır, heç nəyə çevrilə bilmir ki bilmir. Bircə fakt deyəcəm ki, bu siyasi təfərrüatların istinad bazalarının heç nəyə yaramazlığı dəqiq aydın olsun. Adətən özünü azadlıq hərəkatı, müxalifət qüvvələrinin başında gedən liderlər kimi təqdim edənlər dövlətə təsir göstərmək istəyəndə neynirlər? Zavodlarda, fabriklərdə çalışanlara, iş adamlarına müraciət edərək onları zabastovkalara, tətillərə çağırırlar. İndi siz təsəvvür edə bilirsizmi belə bir çağırış ola bilər və ya effekt verə bilər? Adama deyərlər ki, get ə burdan! Mənim evimə çörək aparacaqsan sən? Bax elə bircə bu fakt göstərir ki, ölkədə qaragüruhun inqilabi addımı üçün kiçik bir şans belə yoxdur. Onu da unutmayaq ki, son illərin inqilab projeləri müsəlman ölkələrində qalib gəlmir. Qalib gəlsə də, dövlətə, millətə, xalqa qalib gəlir. Bu layihələr bir qayda olaraq eyni senari qrupları tərəfindən işlənir. Keçmiş sovet məkanı üçün işlənən, daha doğrusu redaktə edilən inqilab platforması Suriya modelinə uyğunlaşdırılıb. Azərbaycanın qaragüruhu da eyni ramedici çubuğu altında oynadılır. Məsələn, Suriya inqilabı da sosial çağırışlarla başlamışdı. Su çatışmazlığından şikayət edən kəndlilər ilk dəfə etiraz aksiyasına çıxdılar və bundan sonra ölkədəki proseslər idarəolunmazlaşdı. Bu gün qaragüruhun inqilab platformasında mövcud olan 4-lük əslində eyni maketin küncləridir. Qaragüruhun bazası Bakıda Əli Kərimlinin ətrafındadır. Amerikada Osmanqızı öz xüsusi xidməti ilə alma dişləyir. Qənimət Avropada Zahidlik edir. Arif Məmmədov isə SSRİ Müdafiə nazirliyinin hərbi institutunun məzunu kimi öz işini görür. Onun işi də bilirsiz nədir. Suriya inqilabında Kamral Əl Xəraninin rolu. Arif Məmmədov Həbəş dilini sərbəst bilir. Ərəb baharının keçdiyi bütün ölkələrdə tətbiq olunmuş, əksəriyyətində öz dırnaqarası bəhrəsini vermiş təlimin Azərbaycan dilinə tərcüə edilməsi. Hər şey bu qədər sadə və bəsit. Arif Məmmədov elə bilir ki, çox peşəkar dipolmatdır və kimsə ona deyə bilməz ki gözün üstə qaşın var. Yox. Deyə bilərik və bilirik. Hətta nəinki qaşı var. Qaşının tatu olduğunu da, rənglədiyini bilirik. Vəzifədə olduğu dövrdə onun Heydər Əliyev, İlham Əliyev haqqında dediyi tərifnamələri buradan elan edəcəyik hələ. Gözləyin. Hansı reputasiyaya malik olduğunu, işdən qovulacağını bildiyindən hansı tələsik addımlar atdığını, dövlətin diplomatik nümayəndəliyə ayırdığı vəsaitdən özünə hansı küçədə necə böyük malikanə tikdirdiyini, səfirliyin beş maşınını özünə, ailəsinə necə işlətdiyini sizə faktlarla göstərəcəyik. Və yeganə galdır ki, Arifə bir işarəylə kifayətlənməyəcəyik! Bu adamın nə qədər qeyri ciddi birisi olduğunu və məhz elə buna görə də ərəb inqilabının təhrif olunmuş tərcüməsini belə fərsiz şəkildə qara güruha çatdırdığını göstərəcəyik sizə. Təsəvvür edirsiz: Hamı onu Zülümov adlandırırmış. Bilirsiz niyə görə?Adamın bir köhnə portfeli varmış. Həmkarlarının, hətta rəhbəri olduğu əməkdaşların barəsində çuğul məlumatları toplayırmış. Özündən vəzifəcə kiçiklərlə şit və düşük zarafatlarına görə adını... Özü yaxşı bilir... Qragüruhun ərəb dili tərcüməçisi. Əl Xərainini bərbad kopiyası. Bu adamlar Azərbaycanda sosial müstəvidə hərəkat başlamaq istəyirdilər. İlham Əliyevin yeni islahatlar paketinə mane olmaq üçün hansı hoqqalardan çıxmadılar. Yeni məsələ isə Uşaq Pullarının artırılması tələbilə məlumatsız kütlənin yadına nəyisə salmaq idi. Əslində müxtəlif adlar altında Azərbaycanda uşaqlara yönəli ünvanlı pul verilməsi arxa plana atılırdı. Dövlətin 1 milyard 600 milyon matdan artıq pulunu şantaj yoluyla onun əlindən almaq, bununla da Azərbaycan bazarlarını pul basqınına məruz qoymaq kimi aqibətə çalışmaq idi məqsəd. Mənə aydın oldu ki, burada uşaqların pulu yox, böyüklərin oyunu var. Həmkarım, həmişə soyuqqanlı yanaşması və riyazi məntiqilə seçilən İbrahim Məmmədlinin təbirincə desəm məqsəd bu idi: əsas hədəf isə təbii ki, ölkədə sosial sabitliyə ciddi töhfə verən və pozitiv sosial gözləntini təmin edən pensiya və əmək haqqının artımı siyasətini və yaradılmış mexanizmi pozmaqdır. Odur ki, “əməkhaqqı və pensiyaların artırılması” tərəfdarları Prezidenti süni uşaqpulu problemilə şantaj edənlərə cavab verməlidirlər. Ona görə ki, süni uşaqpulu problemi məhz əməkhaqqı və pensiya artımı siyasətinə qurulmuş tələdir.” Belə. Və bütün bunlardan sonra yenidən Park in otelinə qayıdıram. Millət vəkili Fazil Mustafa məncə antiAzərbaycan fərarilərin təqdimatının dəqiqliyi üçün dilimizə uğurlu bir ifadə gətirdi. Sosial mühacirlər. Bu insanların siyasi mühacirətə heç bir dəxli yoxdur. Onların bütün mövcudluqları, yalnız maddi istək və tələblərdən yaranmış mədə manifestinə əsaslanır. Onların Azərbaycanda da dayaqları var təbii ki. Məsələn, Qurban Məmmədlinin çıxışlarını izləyənlər onun dilindən dəfələrlə eşidiblər ki, bu hüquq avantüristi Azərbaycan xalqını bir payız axşamı küçələrə çıxıb Azərbaycanda qanuni hakimiyyəti devirrməyə, hətta yabadan, baltadan, beldən istifadə etməyə çağırır. İstinad etdiyi də xalqın üsyan hüququdur. Guya BMT-nin belə bir sənədi var. Elə onun qardaşı Sərdar Cəlaloğlu da eyni məntiqlə çıxış edir. Eyni təxribata istinad edir. Baxmayaraq ki qardaşını müdafiə etmədiyini hər vəchlə nümayiş etdirməyə çalışır. Qardaşıma görə məsuliyyət daşımıram deyir. Amma onunla eyni platformanı bölüşür. Sərdar Qurban təkcə qardaş deyil, həm də silahdaşlardı. Eyni mahnını ayrı-ayrı klarnetlərdə çalırlar. Cəlaloğlu öz havasını ağ CİYƏRİNDƏ tapmalıdır. Yoxsa başına gələr. Özü də hardan maliyyələşdiyini təkcə Qüdrət Həsənquliyev deyil, elə mən də bilirəm... Pul əl çirkidi, amma Sərdar əlini təmizləməkçün gərək mənəviyyatına sürtməsin.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə