Qazaxıstandan ilk medal sədaları - VİDEO

Qazaxıstandan ilk medal sədaları - VİDEO
R. Hüseynov gümüş, E. Əzizli bürünc mükafat qazanıb

Qazaxıstanda güləş üzrə dünya çempionatı start götürüb. Paytaxt Nur-Sultanda reallaşan yarışın ilk günündə mübarizəyə qoşulan yunan-Roma güləşçilərimiz aktivlərinə 2 medal yazdırıblar.

82 kq çəki dərəcəsində qüvvəsini sınayan Rafiq Hüseynov finaladək itkisiz irəliləyib. Təsnifat mərhələsində Moldova təmsilçisini məğlub edən Rafiq, ardınca Ukrayna idmançısını da üstələyib. 1/4 finalda yerli güləşçiyə də gücünü göstərən pəhləvanımız, yarımfinalda iranlı həmkarına da eyni aqibəti yaşadıb. Karyerasında ilk dəfə dünya çempionatının finalına vəsiqə qazanan Hüseynov baş mükafat uğrunda Gürcüstan güləşçisiylə üz-üzə gəlib. Gərgin keçən mübarizədən məğlub ayrılan təmsilçimiz gümüş medalı boynundan asıb.

55 kq-da qurşaq tutan Eldəniz Əzizli ilk görüşdə hindistanlı rəqibinə vaxtından əvvəl qalib gəlib. Dünya çempionu 1/4 finalda monqolustanlı həmkarını cəmi 1 dəqiqə 21 saniyəyə yolundan kənarlaşdırıb. Ancaq finalın bir addımlığında yerli pəhləvana uduzan güləşçimiz bürünc medal uğrunda yarışıb. Burada isə ABŞ təmsilçisini cəmi 39 saniyəyə məğlub edən Əzizli, fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Xatırladaq ki, mübarizəyə qoşulan digər təmsilçilərimiz Elman Muxtarovla Sənan Süleymanov erkən mərhələlərdə çempionatla vidalaşıblar.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər