Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik edilir

Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik edilir

“Müəllimlərin işə qəbulu müsabiqəsinin əsas turları zamanı ümumilikdə 3260 nəfər işə qəbul edilib. Hazırda ümumilikdə 65 şəhər və rayon üzrə həmin şəxslərdən nə qədərinin əmək fəaliyyətinə başladığı ilə bağlı dəqiqləşdirmə işləri aparılır”. 

REAL xəbər verir ki, bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bildirib. Şöbə müdirinin müavini qeyd edib ki, ötən həftə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 2040 namizəd təhsil müəssisələrinə işə qəbul edilmək imkanı qazanıb. Həmin şəxslərdən təxminən 1440 nəfəri müvafiq qaydada qeydiyyatdan keçib:

“Qeydiyyatdan keçilməyən yerlər də növbəti dövrdə vakant yer kimi elan olunacaq. Növbəti turda respublika üzrə nə qədər yer qalıbsa, hər biri elan olunacaq. Elan olunacaq vakant yerlərin içərisində sosial məzuniyyət yerləri olan vakansiyalar da olacaq ki, bunlar əvvəlki dövrlərdə elan edilməyib. Sentyabrın 21-də 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə ikinci tur başlayacaq. Ümumilikdə müsabiqəyə 4000-dən çox vakant yer çıxarılacaq. Sentyabrın 23-də yerləşdirmələr aparılaraq bu barədə vətəndaşlara məlumat veriləcək. Daha sonra vakant yerlərə qəbul olan vətəndaşlar düşdükləri vakansiyada qeydiyyatdan keçə biləcəklər. Bu proses il boyu davam etdiriləcək. Ancaq sonrakı dövrlərdə bu, mərkəzləşmiş qaydada həyata keçirilməyəcək". 

M. Camalzadə deyib ki, artıq vakant yerlərə yerləşdirmə coğrafi bölgü prinsipi nəzərə alınmaqla ən yüksək bal ardıcıllığından başlayaraq təklif olunacaq: "İndi vakant yerlərin seçimi elektron qaydada həyata keçirilir. Elə bir dövr gəlir ki, biz artıq vakant yerlərin seçimini elektron formatda həyata keçirə bilmirik, çünki proses daha çevik olmalıdır. Eyni zamanda vakant yerlərin sayı o qədər çox olmur ki, elan edək. Ona görə də hər rayonda olan vakant yerlər sırf həmin rayonun sakinləri olan və ən yüksək bal toplayan namizədlərə təklif edilir. Onlar müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib, heç bir vakant yer tutmayan namizədlərdir. Müddətsiz əsaslarla işə qəbul, eləcə də müddətli müqavilənin ilk turları zamanı coğrafi bölgü prinsipini həyata keçirə bilmirik. Çünki vətəndaş yaşadığı yerdə, yaxud başqa yerdə işləməyi özü seçir. Bununla bağlı dəyişiklik nəzərdə tutulmur”. 

Murad Camalzadə bildirib ki, hazırda bağlanan müddətli müqavilələr vakant yerdisə, tədris ilinin sonuna qədər bağlanılır. Sosial məzuniyyət yeridirsə, həmin məzuniyyətin özünün müddəti olur: “Elə yerlər var ki, 4 aylıqdır, bəzi yerlər isə daha uzunmüddətlidir. Amma istənilən halda əmək müqaviləsinin müddəti iyunun 14-nə qədər bağlanılır və həmin gün müqavilə ləğv edilir. Lakin ötən tədris ilindən başlayaraq daimiləşmə müsabiqəsi həyata keçirməyə başlamışıq. Yəni, müddətli əsaslarla işə qəbul edilən şəxslər üçün aprel-may aylarında mərkəzləşmiş qaydada daimiləşmə müsabiqəsi həyata keçirilir. Müddətli əsaslarla vakant yerdə işləyənlər həmin müsabiqəyə müraciət edir. Keçid balı varsa və işlədiyi yer vakantdırsa, bu zaman həmin şəxslərlə müsahibə təşkil olunur. Müsahibədən uğurla keçən şəxslər işlədikləri yerdə daimiləşirlər. Yəni, indi müddətli işə girən şəxslərin tədris ili ərzində daimi əsaslara işə keçmək imkanı mümkündür”. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə