ƏƏSMN: Dəllallar insanların ünvanlı dövlət sosial yardımı alması üçün xüsusi şirkətlər yaradır

ƏƏSMN: Dəllallar insanların ünvanlı dövlət sosial yardımı alması üçün xüsusi şirkətlər yaradır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qısa müddətə işəgötürənlə  əmək müqavilələri bağlamış 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququnun hansı əsasla ləğv edilməsinə aydınlıq gətirib.

REAL xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdir Fazil Talıbov  APA-ya açıqlamasında deyib ki, ünvanlı dövlət sosial yardımı aztəminatlılara, gəlirləri ehtiyac meyarından aşağı olan vətəndaşlara dövlət tərəfindən ayrılmış aylıq pul vəsaitidir və nazirlik üvanlı dövlət sosial yardımının ünvanlılığını təmin etmək, ehtiyacı olan insanların ünvanlı yardıma çıxışının artırılması istiqamətində iş aparır.

F. Talıbov deyib ki, 779 vətəndaşla 855 halda 206 işəgötürən tərəfindən cari ilin yanvarın 1-dən etibarən əmək müqaviləsi bağlanıb və həmin müqavilələrə çox qısa müddətə xitam verilib. Məlum olub ki, bağlanılmış əmək müqavilələri orta hesabla 16 gün qüvvədə olub. Hətta bəzi müqavilələrə (20 belə hal) bildiriş elektron sistemə (VEMTAS-a) daxil edildikdən bir neçə saat sonra xitam verilib. Müvafiq olaraq müqavilələrə 37 halda 1 gün, 20 halda 2 gün, 35 halda 3 gün, 28 halda 4 gün, 19 halda isə 5 gün qüvvədə olmaqla ünvanlı dövlət sosial yardımı təyinatı aparıldıqdan sonra xitam verilib. Həmçinin müəyyən edilib ki, 19 işəgötürən tərəfindən 378 nəfər şəxslə əmək müqaviləsi bağlanılsa da,  həmin işəgötürənlərin heç biri 2019-cu ildə sosial sığorta haqqı ödəməyib. Həmin müqavilə bağlanılanların hamısı ünvanlı dövlət sosial yardımı təyinatı aparılanlardır: “Dəllallar məhz insanların ünvanlı dövlət sosial yardımı alması üçün xüsusi şirkətlər yaradır, vətəndaşla əmək müqaviləsi bağlayır. Nəyinsə müqabilində vətəndaşların ünvanlı dövlət sosial yardımı ilə bağlı elektron müraciətlərini sistemə daxil edirlər. Bu faktların sayı təkcə bu gün təqdim etdiyimiz rəqəmlər deyil. İki mindən artıq belə fakt mövcuddur və hazırda araşdırma aparılır, araşdırmanın nəticələri barədə tədricən məlumat veriləcək. Başqa sözlə, vətəndaş müqaviləni bağlayır, ünvanlı dövlət sosial yardımı üçün müraciət edir və ona ünvanlı dövlət sosial yardımı ayrıldıqdan sonra əmək müqaviləsinə xitam verilir. Qanunvericiliyə görə, vətəndaşla əmək müqaviləsi bağlanıbsa, ona əməkhaqqı və əməkhaqqından sosial sığorta ödənişi ödənilməlidir. Sığorta ödənişi edilmədiyi halları da ortaya çıxıb. Bu, bir daha onu təsdiq edir ki, bəzi dəllallar vətəndaşların ünvanlı dövlət sosial yardıma çıxış imkanlarını süni olaraq artırmaq üçün, aztəminatlı olub-olmamasından asılı olmayaraq, onlarla əmək müqaviləsi bağlayıb, ünvanlı dövlət sosial yardımı alandan sonra əmək müqaviləsini ləğv ediblər”.

Əgər vətəndaş işləmirsə, ünvanlı dövlət sosial yardıma ehtiyacı varsa, bu yardımı almaq üşün hansısa şirkətlə belə saxta yolla əmək müqaviləsi bağlamadan ünvanlı dövlət sosial yardıma almaq imkanına malik deyilmi? İşsiz ünvanların ünvanlı dövlət sosial yardımı alması proseduru yoxdur, yaxud bu prosedur çox qəlizdir? Nə üçün vətəndaşlar belə yollara əl atmağı məqbul sayırlar?

F. Talıbov bildirib ki, vətəndaş özündən asılı olmayan səbəbdən işsizdirsə, o halda ünvanlı dövlət sosial yardımı ayrılır: “Bunun üçün vətəndaş işsiz kimi qeydiyyatdan keçməlidir. Əgər vətəndaş işsiz kimi qeydiyyatdan keçməyibsə, əmək müqaviləsi yoxdursa, vətəndaş ilk növbədə işlə təmin edilməlidir. Bunun üçün isə vətəndaş Məşğulluq xidmətlərinə müraciət etməlidir. İnsan əmək qabiliyyətlidirsə, onun əmək potensialına uyğun əmək bazarında iş varsa, Məşğulluq xidmətləri onu işlə təmin etmək gücündədirsə, o halda ilk növbədə vətəndaş işlə təmin edilir. Digər tərəfdən, qanunvericiliyə əsasən, ünvanlı dövlət sosial yardımı almaq üçün işləyən vətəndaşın gəliri ümumilikdə ailə üzvləri üçün adambaşına ehtiyac meyarından  aşağı olmalıdır. Hazırda ehtiyac meyarı hər bir vətəndaş üçün 143 manat müəyyənləşdirilib. Tutaq ki, vətəndaş 250 manat maaş alır, ailə tərkibi isə 5 nəfərdir və digər ailə üzvlərinin gəliri yoxdur. 5 nəfərin ehtiyac meyarı 715 manata bərabərdir. Yəni, ehtiyac meyarı ailə tərkibinə görə hesablanır. Bu məbləğdən gəlir – 250 manat çıxılır və qalan fərq ünvanlı dövlət sosial yardımı kimi ayrılır”.

Nazirliyin şöbə müdiri nəzərə çatdırıb ki, dəllalların yaratdıqları şirkətlərin vətəndaşlarla bağladıqları əmək müqavilələrində də maaş az göstərilir: “Məhz ünvanlı dövlət sosial yardımı almaq üçün maaş aşağı göstərilir. Əmək müqavilələrinin bildiriş sistemində kifayət qədər məlumatlar var və bu, xüsusi monitorinq qrupları yaratmadan araşdırma aparmaq üçün kifayət edir”.

Belə şirkətlər yaradan dəllallara qarşı cinayət işlərinin açılması üçün ƏƏSMN-nin hüquq-mühafizə orqanlarına müraciət edib-etməyəcəyinə gəlincə, F. Talıbov nazirliyin apardığı araşdırmaların nəticəsindən asılı olaraq qərar veriləcəyini söyləyib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə