Pekində Syanşan Forumu işə başlayıb - VİDEO

Pekində Syanşan Forumu işə başlayıb - VİDEO
Müdafiə Naziri Zakir Həsənov forumda iştirak edir

Çinin paytaxtı Pekində 9-cu Syanşan təhlükəsizlik dialoqu işə başlayıb.

Çin Milli Müdafiə Nazirliyi, Hərbi Elmlər Assosiasiyası və Çin Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən forumda dünyanın 23 dövləti müdafiə naziri, 17 ölkə nazir müavini səviyyəsində təmsil olunub, habelə ümumilikdə 1300 nümayəndə, o cümlədən beynəlxalq və regional təşkilatların rəhbər şəxsləri, yüksək rütbəli hərbçilər tədbirə qatılıb.

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti forumda iştirak edir.

Açılış mərasimində çıxış edən Çinin Milli Müdafiə naziri Vey Fenxe bildirib ki, bu ilki forum "Beynəlxalq düzənin qorunması və Asiya-Sakit okean regionunda sülhə yardım" mövzusuna həsr olunub. Asiya-Sakit okeanı regionunda təhlükəsizliyin təminatının dünya üçün əhəmiyyətindən danışan Çin rəsmisi, ölkəsinin bu istiqamətdəki mövqeyindən danışıb. Vey Fenxe Çinin hərbi strategiyasının müdafiə yönümlü olduğunu, özünə qarşı hücum olmayacağı təqdirdə başqalarına hücum etməycəyini deyib.
Mərasimdə çıxış edən Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Syanşan forumunu yüksək səviyyəli nüfuzlu beynəlxalq tədbir kimi qiymətləndirib.

Qeyd edək ki, 2006-cı ildən keçirilən ənənəvi Syanşan Forumu yüksək rütbəli hərbçilərin, dövlət rəsmilərinin, tədqiqatçıların, ekspertlərin iştirakı ilə dünyada, xüsusəndə Asiya-Sakit okean regionunda təhlükəsizlik məsələlərinin müzakirəsi üçün platforma rolunu oynayır. İki gün davam edəcək forumda "Böyük ölkələrin münasibətləri və beynəlxalq düzən", "Asiya-Sakit okean regionunda təhlükəsizlik risklərinin idarə olunması", "Təhlükəsizlik konsepsiyalarında yeniliklər”, “Asiya-Sakit okeanı regionunun təhlükəsizlik quruluşu",

"Terrorizm əleyhinə beynəlxalq əməkdaşlıq" və digər mövzularda bölmə iclasları keçiriləcək. Bundan başqa, forum çərçivəsində gənc alimlər və zabitlər üçün müvafiq mövzularda seminarlar, simpoziumlar təşkil olunacaq.

Səfər çərçivəsində Müdafiə naziri Zakir Həsənovun Çinin müdafiə sənayesi kompleksinə daxil olan şirkətlərinin nümayəndələri ilə görüşlərində iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə