Hindistanda çirkli hava təhlükəsi - VİDEO

Hindistanda çirkli hava təhlükəsi - VİDEO
Paytaxt Dehlidə dərslər dayandırılıb

Hindistanın paytaxtı Dehlidə bir neçə gündür çirkli hava müşahidə olunur.

Havanın çirklilik səviyyəsi Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi səviyyədən 9-10 dəfə yüksək olub. Paytaxtda hava çirkliliyi indeksi 460-a çatıb, bəzi yerlərdə isə 500-dən çox olub.

Havadakı duman görmə məsafəsini xeyli azaldıb. Hökumət şəhər sakinlərinə mümkün qədər açıq havada olmamağı tövsiyə edib. Paytaxdakı orta məktəblərdə dərslər iki günlük dayandırılıb. Bundan başqa, hakimiyyət orqanları nömrə nişanlarının sonuncu rəqəminin tək və ya cüt olmasından asılı olaraq fərdi avtomobillərin şəhər daxilində hərəkətini 2 həftəlik məhdudlaşdırıb.

Hindistan Meteorologiya Departamenti çirkli hava şəraitinin həftə sonunadək davam edəcəyi barədə məlumat yayıb.

Qeyd edək ki, Hindistanın paytaxtı dünyada havası ən çirkli şəhərlərdən biri hesab olunur. Xüsusən payız-qış aylarında havanın çirkliliyi daha yüksək olur. Mütəxəssislər buna ətraf ştatlarda mövsümün sonlarında məhsulu yığılmış əkin sahələrinin fermerlər tərəfindən yandırılması nəticəsində yaranan tüstünün, paytaxtda avtomobillərin karbon emissiyasının və açıq sahələrdə aparılan tikinti işləri nəticəsində yaranan tozun səbəb olduğunu bildirirlər.

Bundan başqa, “Divali” milli bayramı vəziyyəti bir qədər də ağırlaşdırır. Bayram günləri bütün ölkə ərazisində alov festivalı keçirilir, şamlar və fənərlər yandırılır, pirotexniki vasitələr partladılır və atəşfəşanlıq təşkil edilir.

Bu səbəbdən Dehlini tüstü bürüyür, havada zərərli maddələrin miqdarı normadan dəfələrlə artıq olur. Həkimlər 20 milyon əhalisi olan paytaxtda xeyli sayda sakinin hava çirkliliyi səbəbindən tənəffüs orqanlarında problemlərin yarandığını bildirirlər.

 

REAL TV-nin Asiya bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə