Qarakənd səmasında sönən nur - VİDEO

Qarakənd səmasında sönən nur - VİDEO
REAL TV-də Məhəmməd Əsədov və İsmət Qayıbovun həyat hekayəsi

Ayaz Mütəllibov 20 noyabrda prezident komandasının vacib simalarını itirdikdən sonra düşdüyü vəziyyətdən danışır.

O etiraf edir ki, komandasının məhvi onun siyasi dayaqlarını ciddi şəkildə sarsıtdı. Dövlət katibini, baş prokurorunu, müdafiə və təhıükəsizlik üzrə dövlət müşavirini itirən adam ən yaxşı halda özünü itirməliydi. Bəli, bu gün yenə də 20 noyabr helikopter faciəsindən və o helikopterin vacib simalarından- Məhəmməd Əsədovdan və İsmət Qayıbovdan danışacağıq.

Kim idi Məhəmməd Əsədov?

Azərbaycanın Daxili işlər naziri vəzifəsinə o 1990-cı ilin mayında təyin edilmişdi. Ona qədər müxtəlif rayonlarda partiya katibi vəzifəsində çalışmışdı. Bu mənada geniş ictimaiyyət arasında deyil, doğulduğu Zəngilanın Baharlı kəndində, bir də işlədiyi rayonlarda nüfuz sahibi idi. Amma Daxili işlər naziri təyinatı onu bütün Azrbaycana tanıtdı. Həm də təkcə Azərbaycanamı?

Deyilənlərə görə, ermənilər hətta onun adından belə qorxurdular. Ratsiya danışıqlarında onun adı Qara polkovnik idi. Zəhmli idi, amma eyni zamanda ürəyi yumşaq. Azərbaycanın itirilən hər qarışı üçün qanını, canını verməyə hazır biriydi Məhəmməd Əsədov. O, Çaykənd, Qarabulaq, Todan, Erkəç, Mənəşli və digər kəndlərin erməni quldurlardan təmizlənməsi əməliyyatlarında şəxsən iştirak edirdi. O illərin tamaşaçıları yeganə televiziya ekranından bu nurlu simanı ən qaynar nöqtələrdə,
Azərbaycanın Ermənistanla sərhəd rayonlarında görərdi. Erməni təcavüzünə qarşı təcili tədbirlərin görülməsi üçün Moskvaya – SSRİ Daxili İşlər Nazirliyinə müraciətin də, silah-sursatla bağlı tələbin də müəllifi o idi. 1990-cı il noyabr ayının 5-də general-mayor rütbəsi alan Məhəmməd Əsədov 1991-ci ilin noyabrın 13-də müdafiə və təhlükəsizlik üzrə dövlət müşaviri postuna təyinat alır.

Təəssüf ki, o bu vəzifəni cəmi 7 gün daşıyır. Mİ-8 helikopterində kömürə dönən işıqlı simalar arasında o tək deyildi. Onunla birlikdə İsmət Qayıbov da vardı. Müstəqil Azərbaycanın ilk baş prokuroru. O illərin ictimai -siyasi sferasının əsas qəhrəmanlarından biri. Onun adı da ermənilərin “qara siyahı” sında idi. Baş prokurur Xankəndi və Dağlıq Qarabağın digər yerlərində ermənilər tərəfindən aparılmış etnik təmizləməni araşdıran istintaqa rəhbərlik etmiş, bu vəhşiliyin ermənilər tərəfindən törədildiyini subut etmişdi. Bəlkə də elə bunlar onun faciəli şəkildə ölümünün əsası oldu. Amma onun işıqlı obrazı həmişə yaddaşlardadır.

Xatırlayıram ki, 1990-cı illərdə böyüyən nəsil arasında İsmət Qayıbova oxşamaq istəyən, hüquq fakültəsinə buna görə sənəd verən nə qədər gənc vardı? Onlar İsmət Qayıbov ola bildilərmi? Çətin sualdır. 20 noyabr faciəsinin təfərrüatları kimi...

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər