Mir Şahinin vaxtı - VİDEO (24.11.2019)

Mir Şahinin vaxtı - VİDEO (24.11.2019)

REAL Təhlil və İnformasiya Mərkəzindəsiz.

Mənim vaxtımdır. Bu həftə Azərbaycanın Hakim Partiyasının yaranmasının 27–ci ili oldu. Yeni Azərbaycan Partiyasının təsis edilməsi, onun fəaliyyətə başlaması, üzləşdiyi çətinliklər, təqiblər həmin dövrü yaşayan çoxu kimi mənim də gözümün qabağında cərəyan edib. Moskvadan Azərbaycana qayıdan Heydər Əliyevin Naxçıvanda siyasi fəaliyyətlə məşğul olması onun arzusu ilə baş verməmişdi. Yorğun görünən, qocaldığı, yorulduğu hər cizgisində gözə dəyən Əliyev Azərbaycana öz təbirincə desək “ömrünün sonunu vətəndə keçirmək məqsədilə” gəlmişdi. Amma mühasirədə yaşayan, Bakıdan demək olar ki, hər hansı ciddi dəstək almayan muxtar respublika onu özünə rəhbər seçməklə, taleyini etibar etməklə keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavinini sözün həqiqi mənasında rahat yaşamağa qoymadı. Əliyevlə ilk dəfə görüşəndə o artıq Naxçıvan Ali Məclisinin sədri idi. Onun sadə kabineti, içəri soyuq olduğundan çiyninə atdığı palto, hər rehtimala qarşı içəridə saxladığı və işığın tez-tez keçməsinə işarə edən kerosin lampası, nimdaş stullar və köhnə masa... hər şey yadımdadır.

O, Naxçıvan haqqında danışırdı, insanların çox mürəkkəb bir vəziyyətdə yaşadığından, ağır güzəranından danışırdı. Hansısa partiyanı yaradacağından, onun rəhbərliyinə keçə biləcəyindən söhbət belə getmirdi. Heydər Əliyevi Naxçıvan, onu blokada şəraitində necə qoruyub saxlamaq, əhalinin qaçqın düşməməsi üçün görüləsi mühüm işlər düşündürürdü. Maraqlı burasıdır ki, Yeni Azəbaycan Partiyası hakimiyyətə gəlmək məqsədilə yox, Heydər Əliyevi, Naxçıvan Muxtar Respublikasının təməlini qorumaq məqsədilə yaradılmamışdı. İndi sizə bir neçə tarixi fakt təqdim edəcəyəm və siz özünüz də asanlıqla nəticə çıxaracaqsınız ki. YAP-ın yaranmasını nələr və kimlər labüd etdi.

Beləliklə. 24 oktyabr 1992-ci ildə Naxçıvanda Heydər Əliyevin hakimiyyətdən zorla kənarlaşdırılmasına cəhd edilir. Naxçıvanın telestudiyası ələ keçirilir, Daxili İşlər Nazirliyinin binasına basqın edilir. Əhalinin ətdən divar hörərək qoruduğu Ali Məclisin sədri Heydər Əliyev isə ona iki həftə əvvəl müraciət etmiş ölkə ziyalılarının, alimlərin istəyinə həmin gün müsbət cavab verir. Çevriliş cəhdinin dəf olunduğu gün. Noyabr ayının 21-də isə partiya rəsmən təsis edilir. Yeni Azərbaycan Partiyası bir komfort, lyuks partiyası tək yaranmamışdı. Heydər Əliyevə Moskvanın böyük kini və qəbuletməzliyi var idi. Hələ Ayaz Mütəllibovun rəhbərliyi dövründə başlayan psixoloji-mənəvi təzyiqin Elçibəy iqtidarı tərəfindən daha sərt şəraitə transformasiyası baş verirdi. Ölkənin siyasi yeniyetmələr komandası böyük hərflərlə peşəkar siyasətçiyə bütün parametrlər üzrə uduzurdu. Gəlin o günləri xatırlamağa çalışaq. Əliyev hər yerdə və hər fürsətdə təzyiq və təqiblərlə üzləşirdi. Hakim partiyanın proqramının, nizamnaməsinin yazılmasında iştirak etdiyinə görə görkəmli hüquqşünas Murtuz Ələsgərov vəhşicəsinə döyülmüşdü. Mən onun xəstəxanada, reanimasiyada təpədən-dırnağa sarğı içindəki halını görmüşəm. Yeni Azərbaycan Partiyasının toplantılarını Bakıda keçirməyə rəsmən qadağa qoyulmuşdu. Siyasi təşkilat bütün toplantılarını Naxçıvanda keçirməyə məcbur olurdu. Tarix göstərdi ki, bu siyasi təşkilatın yaranması Azəbaycanın sonrası üçün həll edici rola malik olacaq. Bu təşkilatla ölkənin siyasi həyatına bir intizam, peşəkarlıq, ilk növbədə isə lider və sıravi vətəndaşlar arasında həm qaydaya, həm də nüfuza əsaslanan münasibətlər sisteminin ən ümumişlək forması gəldi. 1993- cü ildə Elçibəy hakimiyyəti iflasa uğrayanda biz iki olduqca mühüm faktın şahidi olduq. Əvvəla bir zamanlar Azərbaycanın ən kütləvi siyasi təşkilatı olmuş Xalq Cəbhəsinin adda-budda boy verən başıpozuq qalıqları göstərdi ki, hakimiyyət həvəskar cavanəzənlərin, cuvanəzənlərin başının girdiyi qab deyil. Dövlət arxasına keçib qorunmaq üçün deyil, əksinə ilk növbədə qorumaq üçündür. Ona görə də postunu qoyub qaçmış Vəzirov, postunu qoyub uçmuş Mütəllibov, postunu qoyub... o da elə uçmuş Elçibəy bir-birini müxtəlif nəqliyyat vasitələrində müxtəlif formalarda. Amma eyni məzmunda təkrar etmişdilər.

Prezident İlham Əliyevin Sumqayıt şəhərindəki çıxışı bu səbəbdən bir neçə məqamıyla maraqlı idi:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Məhz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi ucaltdı və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırdı ki, onlar da eyni addımı atsınlar. Onlara hələ bir neçə ay lazım oldu və artıq görəndə ki, Sovet İttifaqı çökür, ondan sonra bunu etdilər.

Biz bu tarixi yaddan çıxarmamalıyıq və gənclər bu tarixi bilməlidirlər. Bugünkü reallıqları düzgün təhlil etmək, bu reallıqlara düzgün qiymət vermək üçün biz bu acı dövrü yaddan çıxarmamalıyıq. Elə etməliyik ki, gənclər də bunu bilsinlər, hesab etməsinlər ki, bugünkü inkişaf, bugünkü tərəqqi göydən düşüb. Bilsinlər ki, biz buna qanımız, canımız bahasına nail olmuşuq. Biz tariximizin ən rüsvayçı səhifələrini də vərəqləməliyik. Ona görə ki, o rüsvayçı dövr təkrarlanmasın.

Bunu deyəndə, əlbəttə ki, mən, ilk növbədə, AXC-Müsavat dövrünü qeyd edirəm. 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş o antimilli dəstə Azərbaycanı uçuruma aparırdı. Azərbaycan əldən gedirdi. Yenicə bərpa edilmiş müstəqillik əldən gedirdi, ölkədə xaos, anarxiya, talançılıq, oğurluq, özbaşınalıq, böhran hökm sürürdü. Ermənilər orada torpaqlarımızı işğal edirdi, Xalq Cəbhəsi isə vətəndaş müharibəsinə start vermiş və Gəncə şəhərini bombalamağa başlamışdı. Vətəndaş müharibəsi ən ağır müharibədir. Çünki qardaş qanı axıdılır. Ona da getdilər ki, öz laxlamış hakimiyyətlərini qoruya bilsinlər. Görəndə ki, qoruya bilmirlər, Heydər Əliyevə müraciət etdilər ki, gəl, bizi xilas elə. Yalvarırdılar, mən bunun şahidiyəm. Üç dəfə təyyarə göndərmişdilər ki, bizi xilas elə, çünki artıq gəlirdilər bunları öldürməyə, yaxud da ki, yıxmağa. Qaçıb gizləndilər, bəziləri guya vəzifələrini dondurdular. O vaxt belə cəfəng ifadələr işlədilirdi. Əgər Heydər Əliyev gəlməsəydi, həm Azərbaycan dağılacaqdı, həm də, o antimilli AXC-Müsavat dəstəsi öz cəzasını alacaqdı. Yəni, Heydər Əliyevin humanistliyi onları layiq olduqları bu cəzadan xilas etdi.

Başqa cür ola da bilməzdi. Çünki baxın, bizi kimlər idarə edirdi. İndi bu tarix yaddan çıxır, amma çıxmamalıdır. Baxın, Azərbaycan xalqı hansı rəzil dövrdə yaşayırdı. Baxın, kimlər idi. Mən bir daha deməliyəm ki, yaddan çıxmasın, gənclər də bilsin. Prezident elmi işçi, zəif, iradəsiz bir adam idi. Heç vaxt heç bir idarəyə rəhbərlik etməmişdi. Hətta kiçik bir idarənin rəhbəri olmamışdı. Sadəcə, küçələrdə, orada-burada çığırıb bağırmaqla gəldi prezident oldu və ölkəni rüsvay elədi. Görün, hansı kadrlar seçildi. İndi bunu təsəvvür etmək çətindir ki, - bağışlayın sözümə görə, - belə yaramaz adamlar Azərbaycana rəhbərlik edirdi. Baş nazir, - o da elmi işçi idi. O da heç bir dissertasiya müdafiə edə bilməmişdi. Hamı yaxşı bilir, indi bu, sirr deyil, mövsümi ticarətlə məşğul olan adam Baş nazir təyin edildi. Məhz onun dövründə “otkat” sözü bizim lüğətimizə daxil edildi. Gəldi ki, ölkəni talan eləsin, onun sərvətini oğurlasın, tramvay xətlərini kəsdirsin, göndərsin İrana və pul əldə etsin. Bax, bu Baş nazir idi. Parlamentin sədri, - o da elmi işçi idi. On bir il aspiranturada oxumuşdu. Təsəvvür edin, on bir il. Dissertasiyanı müdafiə edə bilməmişdi. Rəhmətlik akademik Ziya Bünyadovun onun haqqında dediklərini mən təkrarlamaq istəmirəm. Sadəcə olaraq, bunu özümə rəva bilmirəm. Uğursuz aspirant, biliksiz, savadsız adam parlamentin sədri oldu. Ondan nə gözləmək olardı? Yaxud da ki, dövlət katibi. İstəyirdi komsomolda öz karyerasını artırsın, sonra partiya işinə keçsin və karyerist kimi hansısa bir vəzifəyə sahib olsun. Belələrinə siyasi dönük, flüger deyirlər. Onun bütün tarixi satqınlıq tarixidir. Komsomolçuları satıb, öz partiya himayədarlarını satıb, ondan sonra qoşulub Xalq Cəbhəsinə, orada da Əbülfəz Elçibəyi satıb. Bunu cəbhəçilər yaxşı bilirlər. Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi. Mən bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə.

İndi son hadisələr də göstərdi ki, o, hansı hünərə sahibdir. Yəni, bu isterika, bu paranoya, bu qorxaqlıq, - özünü lider sayan hansı adam özünə rəva bilər ki, bunu nümayiş etdirsin və ondan sonra bütün millətə bəyan etsin ki, mənə qarşı zor tətbiq ediblər. Bu, yalandır. Özünə hörmət edən, ləyaqəti üstün tutan hansı adam belə söz deyər. Bax, bu adam prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərəkatı tərəfindən yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışır.

Nazirlərə fikir verin, kimlər idi? Müdafiə naziri riyaziyyat müəllimi, savadsızın biri, demaqoq, küçə adamı. Nə ilə yadda qaldı? Şuşanı ermənilərə satdı. O, Şuşanı birinci tərk etdi. Özü demişdi ki, - o kadrlar var, tarix hər şeyi saxlayır, arxivlər var, - Şuşa əldən getsə, başıma güllə vuracağam. Yenə də meydanlarda sülənir, özünü elə aparır ki, guya heç kim bilmir, bunun keçmişi nədir. Bax, belə bir adam Müdafiə naziri ola bilərdimi? Belə bir adam bizim ərazi bütövlüyümüzü qoruya bilərdimi? Mən hələ onun biznes tərəfini demirəm. Burada yığdıqları pulları Moskvaya daşıyırdı. Orada özü üçün böyük biznes qurmuşdu. Lazım olarsa, bu barədə də məlumat veriləcək. Mən 2004-cü ildə onu əfv etdim. Çünki əsaslı olaraq ömürlük cəzaya məhkum edilmişdi. Şuşanı satana qarşı gərək o cəza veriləydi. Bax, ona görə bizim torpaqlarımız işğal altına düşmüşdür. Mən humanistlik göstərdim, onu əfv etdim.

Ondan sonra Daxili işlər naziri, nə ilə seçilirdi? Vəzifə sahibi kimi gedib canlı efirdə jurnalisti döymüşdü. Sən bir adi adam kimi əgər kiməsə qarşı nəsə eləsəydin, tutaq ki, sənə toxunublar, mən deyərdim ki, ola bilər, ləyaqətinə toxunub, emosiyalarını cilovlaya bilmir. Vəzifə sahibi ola-ola mühafizəçilərlə gəlib, jurnalisti döyüb və bununla da fərəhlənirdi. Sən gedib doğma rayonunu müdafiə edərdin. Doğulduğun Kəlbəcər əldən gedəndə, işğal altına düşəndə sən nazir idin. Qaçmısan, siçan kimi gizlənməyə deşik axtarmısan. O vaxt Naxçıvana desant göndərirdi və demişdi ki, Heydər Əliyevin başına güllə vuracağam. Naxçıvanlılar ona elə cavab verdilər ki, qorxusundan bilmirdi hara getsin. Oraya desant da getmədi. Ümumiyyətlə, o vaxt orada çevriliş cəhdi olmuşdu. İndi yenə meydanda sülənir, elə bilir ki, hamının yadından çıxıb.

Baş prokuror Gəncədə girov götürülmüşdü, Prezidentə həbs əmri vermişdi. Bu da Baş prokuror. Xarici İşlər naziri. Heç bir xarici dildə danışa bilməyən, hətta Azərbaycan dilində nə dediyini heç kim başa düşmürdü. Bax, budur xalq cəbhəsi, müsavat hakimiyyəti. Ona görə biz bu faciəvi vəziyyətlə üzləşmişdik. Əgər Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ildə Azərbaycana gəlməsəydi, Azərbaycan dağılacaqdı. Bunların da hərəsi qaçıb bir yerdə gizlənəcəkdilər, necə ki qaçıb gizlənmişdilər. Beləliklə, bizim müstəqilliyimiz XX əsrin əvvəllərində olduğu kimi yenə də yarımçıq qalacaqdı.”

Prinsip etibarilə, hər şey düzdür və İlham Əliyev əslində bu günün tarixçilərinin görməli olduğu işi görür. Burada qaragüruh demoqoqiyasının qara pozanlıq saldığı bir məqama dərhal diqqətinizi çəkmək istərdim. Əvvəla Prezident Milli Azadlıq hərəkatı adlandırdığımız dövrdən danışmır.

O elə belə də deyir: “1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş antimilli dəstə”. Bu cümləni istərmorfoloji, istər siyasi təhlil edək. Hər şey tam doğrudur. Azərbaycanın Ən yeni tarixinin salnaməçilərindən biri və hələ ki özünü, sözünü gizlətmədən danışan çox azlardan biri kimi tam təsdiq edirəm.

Xatırlayaq: 1992-ci il. AXC Martın 4-dən başlayaraq Parlamentin binasında deputatların böyük bir qrupuyla bir yerdə faktiki olaraq girov saxladığı Mütəllibovu martın 6-da gecədən xeyli keçmiş istefa verməyə məcbur edir. Ali Sovetin mayın 14-də hakimiyyətə qaytardığı Prezidenti mayın 15-də yenidən qovur. Bu dəfə tankın-topun, silahlı qüvvələrin gücünə.

Bu nədir bəs Sizcə?

Kimsə ona inqilab deyə bilər. Kimsə bəlkə də başqa bir ad tapıb qoya bilər. Amma qanunun və hüququn dilində bu prosesin adı hakimiyyətin qəsb olunmasıdır. Çevrilişdir. Hərbi çevrilişdir. Prezidentin Elçibəy iqtidarında ayrı-ayrı vəzifəli şəxslər haqqında dedikləri də tarixi həqiqətlərdi. Uzağa niyə gedək. Elə bu il, bu studiyada neçə dəfə bu barədə danışmışıq. O dövrün qiymətli kadrlarını təqdim edən İlham Ələkbərovla söhbətlərimizin bəzi fraqmentlərini yenidən xatırlayaq:

Bəs operator Rövşən Əmiraslanoğlunun müsahibəsi necə yadınızdadır?

Təsəvvür edin. Öz helikopterimizi vururuq, içində neçə nəfər həlak olur, Elçibəy iqtidarı, Rəhim Qazıyev, Əli Kərimli, Pənah Hüseynov hökuməti bu boyda hadisəni gizlədirlər, o insanların qanı sadəcə batır və yalnız ona görə batır ki, həvəskar hakimiyyət uşaq-muşaqlarının başına bəla gəlməsin. Gəlin xatırlayaq AXC- Müsavat tandeminin bu gün şanlı kimi qələmə verdiyi o günləri. Rövşən Əmiraslanoğu danışır və göstərir. Biz bir neçə dəfə baxmışıq o kadrlara, gəlin bir daha baxaq. Görünür kimlərinsə yaddaş problemi qalmaqdadır hələ.

1993-cü il, polkovnik Surət Hüseynovun rəhbərliyi ilə başlayan etiraz dalğası isə bu gün keçmişi barədə yeniyetmələrə, cocuqlara ovçu Pirim nağılları danışan qvazidemokratların başından elə basdı ki, boğuldular. Mən o zamankı baş prokuror İxtiyar Şirinovdan saxlanıldığı yerdə müsahibə almış yeganə jurnalistəm. Adam Prezidentinin, Elçibəyinin həbsinə sanksiya vermişdi. Milli Təhlükəsizlik nazirinin müavini isə şəxsən mənə pıçıldamışdı ki, Bakıya qayıdanda mütləq Ali Sovetin sədrindən, İsa Qəmbərdən xahiş edim ki, Gəncə əməliyyatını dayandırsın. Ona görə İsa Qəmbərdən ki. Daxili İşlər nazirinin kabinetindən əməliyyata o rəhbərlik edirmiş. Bir halda ki, Ziya Bünyadovun sözü ilə desək dəm okratlar özlərinin keçmiş barədə həqiqəti bilmək istəyirlər və belə də görürəm ki. bunu laaaap çox istəyirlər, buyurun, bu gündən etibarən tarix dərslərimizi bərpa edəcəyik. Və bağışlayın məni, buna qədər müəlliflik hüququ film deyilən hansısa anlayışa, qavrayışa hörmət edərək daha çox yaddaşımla kifayətlənirdim. Amma görəndə ki, gözümüzün qabağında tarix təhrif edilir, gözümün qabağında öz başını götürüb qaçanlar möhtəşəm rəşadətdən, Rüstəm Zallıqlarından danışır, bağışlayın, amma daha bitdi. Bir halda ki, əlində kadrları olanlar, çəkilişləri olanlar Cənnət nənə kimi sandıqda saxlayırlar, olsun, onların Cənnətinə, və ya cəhənnəminə ki.

Təkrar edirəm. İlham əliyev Milli Azadlıq hərəkatı barədə yox. 1992-ci ilin hakimiyyət qəsbkarlarından danışırdı. Və bu gün çıxıb demək ki, "26 il keçməsinə baxmayaraq bu iqtidar öz başı üzərində daim AXC, AXC hakimiyyəti kabusunu görür, indi isə öz qorxulu röyasının hər an gerçəyə çevrilə biləcəyini hiss edərək bundan həyacanlanmış, qorxmuş və təşvişə düşmüşdür” və ardınca da Azərbaycan Xalq Cəbhəsi haqqında Heydər Əliyevin 1990- cı ildə dediyi müsbət fikirləri sitat gətirmək doğru deyil. Çünki Xalq Cəbhəsinin üzvlərini hərəkatdan hakimiyyətin müxtəlif sahələrinə cəlb edən və sonra onların buraxdığı dəhşətli qüsurları aşkar edərək işdən kənarlaşdıran da Heydər Əliyev olmuşdu. 1990-cı ilin Xalq Cəbhəsi güruh zərurəti, güc elementi, itələmək, yıxmaq üçün keyfiyyətli material idi. Amma yalnız bu qədər. Onların hakimiyyətə gəlməsi, qeyri-peşəkarların, ömürlərində bir kəndə belə rəhbərlik etməmişlərin ölkə başına keçməsi böyük fəlakətlər edən dəhşətli risk idi.

Bu gün ortada iki tarix var. Qız Qalasına qədər və Alov qüllələrindən sonra. Biz təbii ki, Qız Qalasına da tariximizin böyük bir dövrünün zaman nişanı tək ehtiramla yanaşırıq. Amma Alov qüllələri vaxtı ilə yaşamağa öyrənməliyik. Bu yeni eradır. Bir az sonra bu təfəkkür tərzi, milli təfəkkürümüzün zaman və məkan kimi yeni kateqoriyalarını nisbətən detallı izah edəcəyik. Amma tarixə münasibət, tarixi gerçəklikləri müəyyən dəyişmələrlə indimi zamana müncər etmək mövzusunda elə bu dəqiqə də danışa bilərik. Hesab edək ki, Alov Qülləlləri vaxtından Qız Qalası zamanının olaylarına tamaşa edəcək, eyni zamanda ortaq nümunə modeli ətrafında cəmləşəcəyik. Bunun üçün yerinə düşən çox samballı və çox ciddi səbəbimiz də var.

Məsələn, bu həftə Birinci xanım Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti statusunda Rusiya Federasiyasına ilk rəsmi səfər etdi. Rusiyanın Prezidenti Vladimir Putin, Baş nazir Dmitri Medvedyev səviyyəsində keçirilən görüşlər, Birinci vitse-prezidenti Federasiya Şurası sədri Valentina Matvienkonun səfərin ilk günündən sona qədər müşayiət etməsi, qəbullara xas tam səmimiyyət və ehtiram Azərbaycana yanaşma tərzini tam nümayiş etdirir. Mehriban Əliyevanın nəciblik, lətiflik və Şərq Qadınına məxsus müdriklik kimi özünəməxsus üstünlükləri onu artıq özülüyündə xüsusi diqqət nöqtəsinə çıxarır.

Məncə Əliyevanın Putinlə görüşünə bir daha baxaq. Çünki burada incələmək istədiyimiz mətləblər var.

Əlbəttə, başlayaq ondan ki, Rusiya Prezidentinin Bizim Birinci vitse-prezidentimizi, özü də hansı səmimiyyət və hansı ehtiramla qəbul etməsi özü-özlüyündə Azərbaycana, Azərbaycan rəhbərliyinə, Əliyev yoluna, dövlətlərarası münasibətə nümayiş etdirdiyi ali jestdir. Və burada məsələ heç də yalnız Birinci vitse-prezidentin layiq görüldüyü Dostluq ordenində deyil. Elə Putin də yüksək mükafatı Mehriban Əliyevanın siyasi xarakterinin izahı kimi təqdim etdi. İkincisi, görüş qarşılıqlı təqdir və pozitiv mübadilələrlə zəngin idi. Bu isə ortada həqiqi qarşılıqlı anlaşmanın olmasından xəbər verirdi. Üçüncüsü, isə Mehriban Əliyevanın səfərinin ana xəttini, ana xətti, maraqlı, həm də fəlsəfi səslənir, məhz ana xəttini mehribanlıq və səmimiyyət təşkil edirdi. Jurnalist kimi müşahidələrim belədir ki, Birinci vitse-prezident müasir dünyanın, yeni dövrün çağırışlarının qüvvəyə hər gün daha sürətlə mindiyi indiki zamanın nəbzini ovucunda saxlamağı bacarır. Onun Azərbaycan-Rusiya Regionlararası 10-cu Forumundakı çıxışı iki ölkə arasındakı isqtisadi münasibətləri peşəkar təhlil etməsi və gələcəyə edilən anonslarla, özü də ciddi faktlara, proqnozlara edilən anonslarla yadda qaldı. Fəaliyyəti boyu siyasi-ictimai mühiti çoxdan araşdıran bir jurnalist kimi mənim diqqətimi cəlb edən bir detala da mütləq toxunmalıyam. Birinci vitse-prezident daha çox bəşəri mənəviyyat platformasına istinad edir. Onun qayğısı və diqqəti üçün fərqi yoxdur: qarşısındakı İtaliya katakombalarıdır, Qoşa Qala qapısı, Luvr muzeyidir və ya Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi. Başlıcası əbədi bəşəri dəyərlərdir.

İndi isə bayaq dediyimiz kimi Alov Qüllələri zamanından Qız Qalası dövrünə baxaq. Sovet vaxtından qalma VDNX-nın Azərbaycan pavilyonu yeni eranın həm müasir çağırışlarını, həm də ənənə eksklüzivliyini əhatə edir. Biz pavilyonda olanda öyrəndik ki, ən xırda detala qədər Heydər Əliyev Fondunun baxışından keçib. Beləliklə, biri vardı, biri yoxdu, bir zamanlar Moskvada Xalq Təsərrüfatı nailiyyətləri sərgisi var idi. Burada keçmiş Sovet respublikaları öz pavilyonları ilə təmsil olunurdu. Bizim də bir pavilyonumuz var idi. Və bu bir Sovet şablonu idi. Guyadostluq, guyaqardaşlıq, guyabərəkət və guyabolluq rəmzi. Azərbaycan tamaşaçıları yəqin ki, “Görüş” filmindən oranı yaxşı xatırlayır. Amma bu gün artıq guyasızdır hər şey.

Daha bir qeydim olacaq. Məncə, Azərbaycan pavilyonunun bir Azərbaycan evi olmaq üçün bütün imkanları var. Yetər ki, səmimi, hər hansı siyasi sətiraltısız-filansız, Heydər Əliyev Fondunun aşıladığı təmənnasız, səmimi, arxaqapısız, düşüncə və idrak kriteriyalarına xas olan tərzdə bir mühit bərpa edilsin. Məsələn, mən burada Azərbaycanın rəsmi bayramlarını bütün izdihamı və möhtəşəmliyi ilə təsəvvür edə bilirəm. Buyurun bu da bizə bir Azərbaycan evi. Qalır bircə qapısından düz daxil olmaq. Birinci- vitse-prezidentin Moskva səfərindən mənim aldığım təəssüratlar təxminən belədir.

Mehriban Əliyeva Naməlum əsgərin xatirəsi üçün yanan əbədi məşəlin qarşısında da, bədii gimnastika sarayının incə gözəlliyinə tamaşa edəndə də, statistika və iqtisadi terminlərlə zəngin forumda da, Rusiya rəhbərindən mükafat qəbul edərkən də Özü idi. Səmimi. Siyasi-ictimai-diplomatik vücuduna artıq heç nə qatmayan, təbii, müdrik, Azərbaycan xanımı, yeni dünyanın yeni çağırışların dilini dəqiq anlayan və ölkəmizin müasir imicini yalnız zənginləşdirən görkəmli sima. Biz alicənab sözünü bilirik. Alixanım sözü isə ilk dəfədir. Gəlin öyrəşək.

İqtisadiyyat Naziri Mikayıl Cabbarovla qısa bir söhbətimiz oldu.

İndi isə yenidən Qız Qalası vaxtından o yana qayıdacağıq. Adətən vətəni satanlar, dövləti satanlar ifadəsini biz daha çox məcazi mənalarda anlamışıq. Yəni prosesi hansısa piştaxta və ya kassa aparatı arxasında təsəvvür etməmişik. Uzun müddət belə olub. Amma qaragüruhun sayəsində artıq bir ticarət palatası yaranıb və bu palatada hansısa xəstələr arayış alır və satır... Sözün həqiqi mənasında vətən, dövlət alveri edirlər. Biz bu barədə elə ötən bazar günü danışdıq. Prinsip etibarilə onlar üçün elə hər gün bazardır. Bazar açıblar. İndi bazarları bağlana bilər deyə təşvişə düşüblər. Amma proses hələ indi başlayır. Sadəcə gərək dövlətə, vətənə xəyanət etməyən, sadəcə yanlış yola düşüb ayrı bir mənzil başına gedib çıxanlar qorxmasın. İkinci Dünya Müharibəsində alman əsir düşərgələrində min məşəqqət çəkən insanları da belə aldadırdılar. Nəbadə qayıdasan öz ölkənə. Səni sürgün, cəza gözləyir və sair. Əslində elə faşist yanaşmasıdır yenə. Qaragüruhbaşılar sadəcə zibilə düşənləri bu yolla qorxudurlar. Onlar arasında hətta intihara cəhd edənlər də olur. Amma nahaq yerə.

Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynovla görüşdük.

Amma bütün hallarda “Qaçaqlar, Qaçaqlarınız öz Şillerini gözləyir. Hələ ki gözləyir. Ən maraqlısı da bilirsiz nədir? Əcayib bir trenddən danışacam Sizə. Deməli, Azərbaycan dövlətinin üzərinə gedən, onun ən yüksək, ən ali şəxslərini təhqir etməkdən çəkinməyən internet səfilləri var da. Xaricdə, klaviatura arxasında oturublar. Bir təhqir maşını kimi işləyirlər. İndi sizə nədən danışım.

Günlərin bir günü bloqer Bəxtiyar Hacıyev və bloger Ata Abdullayev Ermənistanın Baş naziri Nikol Paşinyana sual vermək fürsəti qazanır. Biri Parisdə, o biri Milanda. Paşinyan sıravi azərbaycanlının intellekti və ağlı ilə toqquşur. Hər ikisində də məncə xəsarət alır. Həm Bəxtiyar, həm də Ata Paşinyana müxtəlif çəki dərəcələrində zərbələr vurur. Mənim də bu brifinq diplomatiyasına öz baxışım var. Gələn dəfə bu barədə daha ətraflı danışarıq. Amma mən Paşinyana sual verməmiş və ya verə bilməmiş bir jurnalist kimi nə Ataya, nə də Bəxtiyara irad bildirəcəm. Fikrim var idi. hə. Amma daşındım. Bilirsiz niyə? Ona görə ki, bu adamlar hər ikisi Paşinyanın arxasına yox, üzünə danışıb. Bu gün sosial şəbəkələrdə Atanın və Bəxtiyarın üzərinə gedənlərin yadına başqa bloqerləri salmaq istərdim. Xaricdə Azərbaycan Bayrağı ətrafında min meymun hoqqası çıxaranları. Onların üzərinə gedin. İşin ən eybəcəri Azərbaycan Dövlətini təhqir etməkdən çəkinməyən qaçaqmal bloqerlərinin özlərinin də Ataya və Bəxtiyara hücum etməsidir. Atanın və Bəxtiyarın həndəvərindən çəkilin. Əvvəl Orduxanlara, Tural Sadiqlilərə, Osmanqızılara, Qənməti sənin sümüyü mənimlərə cavab verin. Ondan sonra danışarsız. Hər halda mən aqressiv bir xain bloqerin Azərbaycan Prezidentinin boş maşını üzərinə getməsi əvəzinə, Azərbaycanı sevən iki nəfərin Ermənistan üzərinə getməsini gördüyümə sevindim. İndi sosial şəbəkələrdə Atanı, Bəxtiyarı redaktə etməkdənsə nümunə arayın. Fikirləşin. Atadan, Bəxtiyardan daha yaxşı nəsə edin! Əks təqdirdə, Allah xətrinə rədd olun. Ata haqqında arıca bir neçə söz deyim. Adam Harvardı bitirməyib. Heç vaxt da xüsusi intellekti ilə seçilməyib. Azərbaycana qarşı bloqer təcavüzünə qarşı tək çıxıb. Ola bilər ki, nəyisə xətalı edib. Amma onu lənətləmək, linç etmək lazım deyil. Əminəm ki, bu saat Atanı söyənlər öz atasının söyülməsindən ehtiyatlanaraq anasının yanına qaçanlardır.

Buyurun, səngər var. Sevincə, Qənimətə, Turala və başqa tör-töküntülərə cavab verin. Əgər Bəxtiyar və Atanı bəyənmirsizsə. Mövqe krizisi var cəmiyyətdə. İki üzlü və riyakarlıq infeksiyası. Buyurun baxın. Gültəkin Hacıbəyli. Bizim eradan əvvəl və bizim erada.

Qoy bu çarx növbəti verilişimiz üçün də anons olsun. Qaragüruhun iflasının səbəblərini, əsas fəsadlarını, ölkənin yeni düşüncə, yeni təfəkkür opponentliyinə hamilə olmasını izah edəcəyik. Və sonda. Unutmayaq ki qeyrəti və qeyri ət-i cəmi bir hərf ayırır. Fərqi yoxdur bu ailə qeyrətidir, yoxsa dövlət. O hərfi itirməyək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər