Dövlət başçısı: Mən çox şadam ki, Azərbaycanda könüllü hərəkatı geniş vüsət alır

Dövlət başçısı: Mən çox şadam ki, Azərbaycanda könüllü hərəkatı geniş vüsət alır

"Mən çox şadam ki, Azərbaycanda könüllü hərəkatı geniş vüsət alır. Bu, doğrudan da onu göstərir ki, siyasətimiz həyatda öz əksini tapır". 

REAL xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında deyib.

Dövlət başçısı bildirib: "Bir daha təkrar etmək istəyirəm ki, könüllülər hərəkatı “ASAN xidmət”dən başlamışdır. Ondan sonra həmin “ASAN xidmət”də sənin kimi fəaliyyət göstərən gənclər mötəbər beynəlxalq idman yarışlarında da böyük işlər görmüşlər. Bilirsən ki, bütün oyunlarda iştirak etmiş könüllüləri mən şəxsi Fəxri diplomla təltif etmişəm. Çünki doğrudan da onların fəaliyyətini mən elə oyunlar gedən vaxt izləyirdim. Görürdüm ki, bizim gənclərimiz nə qədər böyük məhəbbətlə, peşəkarlıqla, nəzakətlə bütün qonaqlara xidmət göstərirlər, yol göstərirlər, kömək edirlər. Bilirsiniz, bu, artıq tərbiyədir. Bu proqramdan keçən gənclər artıq gələcək həyatda da belə olacaqlar. Xalqımıza xas olan, əsrlərboyu yaşatdığımız milli-mənəvi dəyərlər də bu prinsiplər üzərində qurulubdur. Mən bu barədə dəfələrlə demişəm ki, bizim gənclərimiz xalqımızın əsrlərboyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar, necə ki, biz qoruyuruq. Məhz o təqdirdə biz öz milli mənliyimizi, ləyaqətimizi saxlaya bilərik, qoruya bilərik. Hansısa başqa bir mühitdə əriməyəcəyik. Ona görə xalqımıza xas olan xüsusiyyətlər könüllülər hərəkatı ilə üst-üstə düşür. Artıq minlərlə, bəlkə də on minlərlə könüllümüz var. Mən onu da bildirməliyəm, nisbətən bu yaxınlarda göstəriş vermişdim ki, dövlət orqanlarında da könüllülər fəaliyyətə başlasın, oraya cəlb olunsunlar. Artıq nazirliklərdə, dövlət şirkətlərində könüllülər qrupları vardır. Özəl şirkətlər könüllüləri işə cəlb etməlidirlər. Çünki bu, həm onlara xeyir gətirəcək, həm ümumi işimizə töhfə verəcəkdir. Ona görə könüllülər qarşısında hesab edirəm ki, bütün imkanlar açıqdır. Sən könüllüdən artıq dövlət qulluqçusu statusuna yüksəlmisən və sənə bundan da uğurlu gələcək arzulayıram".

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər