Döyülən uşaqlıq - VİDEO

Döyülən uşaqlıq - VİDEO
Uşaqların ögey ana və doğma atanın işgəncələrinə məruz qalması araşdırılır

Paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində azyaşlı Hüseyn və Qulunun ataları Xəqani Əkbərov və ögey anaları Nuranə Əkbərova tərəfindən işgəncələrə məruz qaldığını deyən baba videomüraciətində nəvələrinə verilən işgəncələrdən danışır.

Azyaşlıların dəhşətli işgəncələrə məruz qalmasını əks etdirən fotoşəkilləri də göstərir.

Babanın sözlərinə görə, nəvələri Qulu və Hüseyn 1 yaş 7 aylıq və 2 yaşında ikən anaları 34 yaşında qaraciyər sirrozundan vəfat edib.

Uşaqların atası Nuranə adlı qadınla ailə qurduqdan sonra uşaqların qara günləri başlayıb, ögey ana ata ilə birlikdə uşaqlara müxtəlif işgəncələr verib.

Uşaqların belində siqaret söndürülüb, barmaqları qaynar suya salınıb, qaynar şişlə döyülüblər. Baba uşaqların işgəncə faktların çox gec xəbər tutub. Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etsə də, cavab ürəkaçan olmayıb.

"Nuranə çay içəndə qardaşım Qulu susuz olduğu üçün onun ağzına baxdı. O da isti çayı Qulunun üzünə atıb qardaşımın üzün yandırdı. Sonra da məni qaz dəmiri ilə döydü..Nuranə qardaşımı ayağından asdığını atama dedim. Atam da məni məftilnən boğazımdan asıb Nuranəyə dedi ki, bizi döysün. Nuranə də dəmirlə bizi döydü. Sonra ipdən düşürüb əllərinizi stolun üstünə qoyub çoxlu vurdular. Qardaşım bərkdən qışqırdı. Bizi ördəklər olan hinə saldılar. Hər gecə orda qalırdıq. Qardaşımın əli şişmişdi. Mən Nuranəyə qardaşımın əlin göstərəndə o mənim əlimi isti çaydana salıb yandırdı. Sonra da sulux olan əlimi iynəldi..."

Bu isə uşaqların dedikləri. Uşaqların iddiasına görə, Nuranə adlı qadın uşaqlar ac olanda onların boğazına acı istiot töküb.

Uşaqlar hazırda ana babasının yanındadırlar. Onların atasının himayəsindən alınıb babasına verilməsi üçün Sabunçu Rayon Məhkəməsinə müraciət edilib. Azyaşlıların ağır işgəncələrə məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Ağcabədi sakini olan Tərgül İbrahimova DİN-in “102” zəng xidməti mərkəzinə müraciət edərək, mərhum bacısının paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan azyaşlı övladları Hüseyn və Qulunun ataları Xəqani Əkbərov və ögey anaları Nuranə Əkbərova tərəfindən işgəncələrə məruz qaldığını bildirib:

“Daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən araşdırma aparılıb. Tərəflərin izahatları alınıb. Hər iki azyaşlının aldıqları bədən xəsarətlərinin ağırlıq dərəcələrinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub.Məhkəmə-tibb ekspertizasının rəylərində azyaşlıların müxtəlif vaxtlarda bədənlərinin bir sıra nahiyələrindən aldıqları xəsarətlərin sağlamlığa az ağır və yüngül zərər vurmaya aid olduğu müəyyən edilib. Xəqani Əkbərov və Nuranə Əkbərovanın birlikdə himayələrində olan iki azyaşlıya mütəmadi olaraq əzab verməklə xəsarət yetirmələri faktı üzrə toplanmış material cinayət işinin başlanması məsələsinə baxılması üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də azyaşlılara işgəncələrin verilməsi iddiaları barədə araşdırma apardıqlarını və bu hadisəni törədən şəxsin hökmən cinayət məsuliyyətinə cəlb edilməli olduğunu deyir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər