Məmmədzadədən 2 mükafat

Məmmədzadədən 2 mükafat
Nurlan Avropa Birinciliyində gümüş və “kiçik” qızıl medal qazanıb

İsraildə 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Eylat şəhərində reallaşan yarışda millimizin üzvləri uğurlu çıxışla diqqət çəkirlər. Bu gün körpücük üzərinə çıxan Nurlan Məmmədzadə aktivinə 2 medal yazdırıb. Yaşı 15-ə qədər olan və 73 kq çəki dərəcəsində atletlərlə qüvvəsini sınayan Məmmədzadə toplam 260 kq-ı ram edərək birinciliyi 2-ci pillədə bitirib. Birdən qaldırmada təmsilçimiz 115 kq-ı başı üzərinə qaldırıb. Təkanla qaldırmada da 145 kq-ın öhdəsindən gələn Nurlan kiçik qızıl medala sahib çıxıb.

Yaşı 17-yə qədər olan atletlərdə 67 kq çəki dərəcəsində yarışan Rüstəm Qasımov da mükafatçılar sırasında yer alıb. Təkanla qaldırma hərəkətində 144 kq nəticə göstərən Qasımov, Avropa birinciliyinin kiçik bürünc medalına yiyələnib.

Xatırladaq ki, bunadək Elşən Məmmədov yaşı 15-ə qədər olan atletlərdə 61 kq çəki dərəcəsində etimadı doğruldub. Birdən qaldırma hərəkətində 106 kq nəticə ilə gümüş medal qazanan idmançımız, təkanla qaldırmada 129 kq-ı ram edərək üçüncü yerə çıxıb.

Toplam 235 kq nəticə göstərən Elşən yarışın qalibi olub. Bununla da ötən il İtaliyanın Milan şəhərində keçirilən analoji turnirdə qızıl medal əldə edən Məmmədov, ikiqat avropa çempionu olub.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər