Mir Şahinin vaxtı - VİDEO (19.01.2020)

Mir Şahinin vaxtı - VİDEO (19.01.2020)

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtıdır.

2020-cu ilin yanvarı. Dünyanın ən nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Prezidentinin məqaləsi dərc edilib. Məqalə Azərbaycanın- kiçik bir dövlətin planetar inkişafa verə bildiyi və verə biləcəyi töhfələrin yığcam icmalıdır. Azərbaycan yeni dünya modeli kimi.

Məqalənin adı belədir: “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu”.

Yadımıza salaq ki, Ümumdünya İqtisadi Forumunun növbəti, həm də yubiley, 50-ci illik müşavirəsinin mövzusu da təxminən eynidir. “Maraqlı tərəflər vahid və dayanıqlı dünya tərəfdarıdır!”.

Mövzuya bir qədər sonra təhlil üçün qayıdacağıq. Bir daha bu cümləni yadımızda saxlayaq: Dünyanın ən nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Prezidentinin məqaləsi dərc edilib və planetə özünün inkişaf tendensiyasını təqdim etməklə, həm də örnək missiyası ilə çıxış edir...İndi isə geri qayıdaq. 30 il əvvələ. Kim idik, nə idik, hara idik və nə üçün, nədən, kimdən, haradan ötrü idik. Azərbaycan Sovet Sosialist Respublikası idi. O özünün sahibi deyildi. Sovet İttifaqının 15 respublikayabənzərindən biri idi. SSRİ-nin bir dövlət formatı olaraq özünü xilas etmək məqsədilə apardığı islahat əməliyyatları onun uzandığı xəritə masasında can verməsilə nəticələndi. Ermənistan Sovet Sosialist respublikasının Azərbaycan Sovet Sosialist respublikasına qarşı ərazi iddiaları ilə çıxış etməsi və Moskvanın hadisələri ermənilərin xeyrinə öz ixtiyarına buraxması 100 minlərlə insanı etiraza, küçələrə, meydanlara çıxardı. Azərbaycanın öz ərazilərini qorumaq iradəsi Milli azadlıq hərəkatını doğurdu. Artıq hamı başa düşürdü ki, Qarabağı verməməkdən ötrü Azərbaycan özü azad olmalı, müstəqilliyini almalıdır. 1988-ci ildən başlanan, yeni keyfiyyət və kəmiyyət mərhələsinə qədəm qoyan etiraz dalğaları sonda Bakıda özünün ən yüksək həddinə çatdı.

30 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə bütün Bakı ürək kimi döyünürdü. Xalq azad olma ağrısı yaşayırdı. Mən bu ifadəylə “azad olmaq” fikrinin həm də “doğmaq” mahiyyətini qabartmaq istərdim. Bəzən doğan haqqında belə də deyirlər. “Azad oldu!” Bax Bakının küçələrinə o günlər axan qan bir azad olmaq prosesinin start qanı idi. Ağrılı, haraylı. Ardınca baş verən ağlamaq! Bu bir doğuş prosesi idi. Xalq öz azadlığını doğmağa başlayırdı. Şəhid qanı qırmızı bir çay kimi axıb keçirdi və insanlar bu çayın ətrafında birləşmişdilər. Obrazlı desək, milli mənəviyyatımızı bu qanın analizi bütün xırdalığıyla göstərirdi. Biz ən cılızı da, ən böyüyü də, ən ucanı da, ən alçağı da məhz o qanın aynasında görürdük. 30 il əvvəl Azərbaycan Sovet İttifaqından ayrılmaq cəhdiylə böyük bir imperiya vücuduna amputasiya aqibəti yaşatdı. Düzdür, tam parçalanma o gecə baş vermədi. Amma Sovet Başı anladı ki, bu ağrı sadəcə miqren halı deyil. Dağılma labüddür. O zaman Sovet İttifaqı həyatında ilk dəfə heç vaxt üzləşmədiyi simptomlarla rastlaşdı.

19 yanvar 1990-cı il. Naxçıvan Muxtar Respublikası. Sovet Qoşunlarının Bakıya daxil olmasına bir neçə saat qalmış bu kiçik muxtar respublika SSRİ-nin tərkibindən çıxmaq barədə qərar qəbul edir. Bu bütün Sovet İmperiyasında ilk idi. Əslində, bir neçə il sonra Azərbaycanın azadlıq addımlarının Naxçıvandan başlaması elə bu səbəbdən mənə qanunauyğun görünür. Sovet bayrağının Naxçıvan Ali Məclisinin binasından və bütün zallarından götürülməsi, istiqlalın 3 rəngli Bayrağının rəsmən bərpa edilməsi də Naxçıvanın əməli idi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından sovet sosialist sözlərinin yığışdırılması da. 1991-ci ildə SSRİ-nin saxlanması üçün keçirilən referendumda Naxçıvan Muxtar Respublikasının iştirak etməmək qərarı da.

Və bütün bu addımlar öz başına və ya öz ayağına atılmırdı. Hə, SSRİ-dən çıxmaq qərarı veriləndə Heydər Əliyev Moskvada idi. Amma ortada kiçik bir muxtar respublikanın özündən, miqyasından dəfələrlə böyük boyu var idi. 1988-ci ildən başlayaraq Naxçıvanın ümumxalq əhval-ruhiyyəsini Moskva, Bakı kimi mərkəz yox, Heydər Əliyevin aurası idarə edirdi. Heydər Əliyev Naxçıvana cismani gəlməmişdən əvvəl mənən gəlmişdi. Ona görə də mənim subyektiv fikrimdi ki, Naxçıvanın SSRİ-nin tərkibindən çıxmaq qərarında Heydər Əliyevin iradəsindən nəsə var idi. Mütləq və mütləq nəsə var idi.

30 il əvvəlin bu gününü elə dəqiq xatırlayıram... Bakının müxtəlif küçələrində ocaq qalayaraq ətrafında oturmuş dinc sakinlər. Şəhərin giriş və çıxışlarında avtobuslardan, yük maşınlarından, köhnə, iri dəmir-dümür parçalarından qurulmuş sadədil, məsum bəndlər, səddlər, divarlar... Armaturlarla silahlanan bəziləri, Tofiq Fikrətdən, Xəlil Rzadan şeir deyərək, “o qılıncı mən düzəltmişəm, məni kəsməz məntiqiylə” inqilab süvarilərini təqlid edənlər... SSRİ-nin dağılmağa başladığının anonsunu Bakıda görən Birləşmiş Ştatların 15 dildə istehsal etdiyi təbliğat məmulatları, ya da məlumatları Azadlıq radiosunun timsalında bir nəfəsə içilirdi. Qərb SSRİ-nin dağılmasına, şər imperiyası adlandırdığı əcinnənin rədd olub getməyə başlamasına sevinirdi. Biz məsumlar isə elə bilirdik ki, istiqlal sevincimizə şərik olurlar. Amma hər halda iki boğuşanın sayəsində biz yolçuların işi avanda düşməkdəydi. Ağır olsa da. Qanlı olsa da.

1990-cı il idi. Yanvarın 19-u. Bir neçə saatdan sonra Bakı qan gölünə çevriləcək, paytaxt küçələri açıq meyidxanaya dönəcəkdi. Yanvarın 20-də isə onlarla şəhidin ruhu son sağlığını deyəcəkdi: Tabutlarımızı Sənin şərəfinə qaldırırıq, Azərbaycan! Biz otuz il əvvəli, o günlərn azadlıq fədailərini, 20 yanvar etirazından əhəmiyyət baxımından heç də kiçik olmayan Heydər Əliyev protestini unutmamalıyıq. Hamını REAL Təhlil və İnformasiya Mərkəzinin hazırladığı “İnam və iman günü” sənədli filminə baxmağa dəvət edirəm. Hər kəsi və hamını. Azərbaycanda akkreditasiyadan keçmiş bütün səfirliklərin nümayəndələrini də. Gördüm yarın əllərini gecə yağmış qar kimi... deyən xalq gecə yağmış qan da görməliydi.

Və Azərbaycan bu gün artıq o deyil. O müstəqil, öz iradəsinin mülkiyyətçisi, maliki olan dövlətdir. Liderinin məqaləsi dünyanın ən nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında dərc edilir. Mövzu hansısa planet ucqarının dərdi, qayğısı, kömək umduğu ehtiyaclardan ibarət sıxıntılı siyahının əks olunduğu “mənə kömək edin” platforması deyil. Burada söhbət Azərbaycanın dünya üçün vacibliyindən gedir. Prezidentin rəqəmlərə müraciəti də sadəcə bir statistika mənzərəsi yaratmaq məqsədi güdmür. Bu məqalə-Azərbaycanın, coğrafi baxımdan kiçik bir dövlətin nəhəng planetar inkişafa verə bildiyi və verə biləcəyi töhfələrin yığcam icmalıdır. Prezidentin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” adını seçməsi də ümumdünya İqtisadi Forumunun üzümüzə gələn müşavirəsinin mövzusu ilə həmahəngdir. Davosda dünya liderləri məhz “Maraqlı tərəflər vahid və dayanıqlı dünya tərəfdarıdır!” mövzusunun başına toplaşacaqlar və İlham Əliyev də məhz bu atmosferə ton verir. Prezidentin Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən istinad etdiyi məntiq bir tərəfdən sadə vətəndaşın maraqlarının rahat və etibarlı təminatını nəzərdə tutursa, digər tərəfdən dünyanın iqtisadi gələcəyinin qibləsinə Davos çağırışlarına hesablanır:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “-Keçən il Azərbaycanda bütün sahələr kimi, nəqliyyat sahəsi də inkişaf etmişdir. Bu inkişaf həm real layihələrdə özünü göstərir, eyni zamanda, beynəlxalq təşkilatların hesabatlarında əksini tapır. Təkcə onu demək kifayətdir ki, keçən il avtomobil yollarının tikintisi istiqamətində rekord nəticə əldə edilmiş, 1300 kilometr avtomobil yolu çəkilmişdir. Beləliklə, həm şəhərlərarası nəqliyyatın işi yaxşılaşdırılmış, eyni zamanda, magistral yolların çəkilişi davam etdirilmiş, yüzlərlə kəndin yolu abadlaşdırılmış və yenidən qurulmuşdur.

Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda nəqliyyat sahəsində görülmüş işlərə yüksək qiymət verib. Bütövlükdə Azərbaycanın nəqliyyat infrastrukturu Davosun hesabatında dünya miqyasında 31-ci yerdədir. Bu, kifayət qədər böyük göstəricidir. Bu göstəriciyə görə biz bir neçə inkişaf etmiş ölkəni də qabaqlamışıq. Avtomobil yollarının keyfiyyətinə görə biz dünyada 27-ci yerdəyik. Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik.

Yəni, əslində, bu, onu göstərir ki, son vaxtlar nəqliyyat sahəsində aparılmış işlər ən yüksək qiymətə layiqdir."

Mən bir vacib nüansı da qeyd etməliyəm ki, məchulların hər birini yerinə qoya biləsiniz. İlham Əliyevin bir sıra çıxışları artıq çoxdandır ki, təkcə Azərbaycan vətəndaşının ünvanına hesablanmır. O regional lider kimi, düşüncə dairəsinin hüdudlarına daxil olan başqa respublikaların da taleyi üçün vacib qərarlar verir. Məsələn, bu dialoqa nəzər salaq:

Ramin Quluzadə“Möhtərəm cənab Prezident, Bakı ilə Qazaxıstanı birləşdirən fiberoptik kanal gələcəkdə Avropanı və Asiyanı birləşdirən bir xətt olacaq. Bu da imkan yaradacaq ki, biz gələcəkdə Avropadan Çinə və digər ölkələrə interneti Azərbaycanın üzərindən ötürək. Gələcəkdə Azərbaycan və digər ölkələrdə internetə olan tələbatın ödənilməsi və keyfiyyətli internetdən istifadə üçün bu işlər görüləcək. Eyni zamanda, qeyd etmək istəyirəm ki, artıq hər il “Bakutel” sərgisinə də maraq artır. Siz də oraya gələndə görürsünüz ki, həm yerli şirkətlərimizin, həm də startapların bu sahəyə marağı artır. Gələcəkdə də bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulur."

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Buna da çox diqqət yetirmək lazımdır. “Bakutel” artıq 20 ildən çoxdur keçirilir və regionda əsas sərgi və konfransdır. Bu sərgi və konfransda adətən Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbəri də iştirak edir. Bu təşkilatın rəhbərləri mənimlə görüş əsnasında daim Azərbaycanda bu sahədə görülən işlərə yüksək qiymət verirlər. Bir halda ki, Azərbaycan artıq Avrasiyanın önəmli nəqliyyat mərkəzlərinin birinə çevrilib, ölkəmiz mütləq rabitə, internet və fiberoptik rabitə xətlərinin çəkilməsi istiqamətində də mərkəzə çevrilməlidir. Ona görə ötən ilin noyabrında Qazaxıstanda keçirilmiş təməlqoyma mərasimi xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, bu xəttin çəkilişi tezliklə təmin ediləcəkdir. Bunun uzunluğu 400 kilometrdir. Eyni zamanda, Azərbaycanda internet istifadəçilərinin sayı getdikcə artır və artıq 80 faizə çatıbdır. Keyfiyyətli interneti təmin etmək üçün əlavə vəsait də nəzərdə tutulmalıdır."

Belə misallar çoxdur və Azərbaycanın lideri dövlətin strategiyasını müəyyənləşdirərkən ilk növbədə uzaq mənzilli olmağı prioritet olaraq qəbul edir. Yeri gəlmişkən, burada bir vacib faktora da toxunaq. Adətən İlham Əliyevin xarici borc mövzusuna həssas yanaşmasını sadəcə büdcəni qorumaq, dövlətin cibini müdafiə etmək kimi izah etmək cəhdləri kontekstində izah edirlər. Məsələ belə deyil və qəti olaraq belə deyil. İlham Əliyev buna qədər “ölkənin siyasi müstəqilliyinin iqtisadi müstəqillikdən birbaşa asılı olduğunu sübut edən çoxlu fikirlər paylaşıb. Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyinin qeyd olunduğu toplantıda Prezident bu məsələyə ətraflı və əsaslı toxunmuşdu. Hökumətin son yekun müşavirəsində də məsələ Dövlət Başçısının diqqətinin ən həssas yerindəydi:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: Xarici borcun azaldılması üçün nə qədər vəsait nəzərdə tutulub?

Samir Şərifov: Möhtərəm cənab Prezident, dövlət borcunun uzunmüddətli idarə edilməsi ilə bağlı Sizin müəyyənləşdirdiyiniz strategiyaya uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir. Hazırda bizim birbaşa götürdüyümüz xarici dövlət borcumuz 17,2 faiz təşkil edir. Eyni zamanda, dövlət qurumlarının, yəni...

Prezident İlham Əliyev: Onlar aydındır, yəni, 17,2 faiz. Yəni, bu il nə qədər vəsait nəzərdə tutulub? Mən sadə sual verirəm, sən başlayırsan leksiya oxumağa.

Samir Şərifov: Bu il 1,7 milyard manat məbləğində.

Prezident İlham Əliyev: Onda hansı səviyyəyə düşəcək?

Samir Şərifov: Cənab Prezident, biz bu il bəzi tədbirlər görməyi nəzərdə tuturuq. Sizə məruzə olunduğu kimi, biz bəzi daha bahalı borcları daha ucuz borclarla əvəz etmək istəyirik. Bununla əlaqədar bəzi tədbirlər 2019-cu ildə görülüb, 2020-ci ildə də görüləcək. Biz çalışacağıq ki, xarici dövlət borcumuz təxminən 1 faiz azalsın.

Prezident İlham Əliyev: Çalışın ki, daha da ensin.

Samir Şərifov: Şübhəsiz ki, ümumi daxili məhsuldan da daxil olacaq. Burada bir məsələ də var, cənab Prezident, yəni, sırf texniki məsələ də olsa, ümumi daxili məhsulumuz manat ifadəsində praktiki olaraq, burada inflyasiyanın səviyyəsi, deflyator rol oynayır. Ona görə biz onu dollara keçirəndə orada müəyyən təsirlər olur. Odur ki, nisbət baxımından burada çox böyük əhəmiyyətli azalma olmayacaq.

Prezident İlham Əliyev: "İndi bizim xarici dövlət borcumuz onsuz da çox aşağı səviyyədədir, 17 faiz ətrafında və bu il daha da düşəcək. Ancaq bizim maliyyə imkanımız var ki, tez bir zamanda xarici borcumuzu daha da endirək. Çünki qeyd etdiyim kimi, təkcə keçən il biz 6,4 milyard dollar əlavə vəsait qazanmışıq. Bu il də neftin qiyməti təqribən 65 dollar səviyyəsindədir. Bizim büdcəmizdə isə neftin qiyməti 55 dollar götürülmüşdür. Biz neftin qiymətini çox konservativ, yəni, aşağı səviyyədə nəzərdə tutduq. Buna baxmayaraq, büdcəmiz rekord həddə çatıb. Ona görə əminəm ki, bu il bizə böyük əlavə xarici valyuta axını olacaq. Ona görə nisbətən yüksək faizlə götürülmüş borcları həm aşağı faizlə götürüləcək borclarla əvəzləmək olar, eyni zamanda, kreditorlarla danışıqlar aparıla bilər ki, biz bu borcları vaxtından əvvəl qaytaraq. Çünki hesab edirəm ki, xarici dövlət borcu nə qədər aşağı olsa, o qədər yaxşıdır. Bir də ki, biz indi xarici kreditləri də çox böyük ehtiyatla alırıq. Ancaq texnoloji layihələrin həyata keçirilməsi üçün kreditlər alına bilər. Yoxsa, əvvəlki illərdə hansısa tikintilərə, yol tikintisinə və bəzi tikintilərə kreditlər götürülürdü. Bunun heç bir əsası yoxdur. Çünki görülən bu işlər dollartutumlu işlər deyil. Ona görə hökumətə kreditlərlə bağlı bir daha tapşırıq verirəm ki, çox ehtiyatla davransınlar. Bizim, əslində, xarici kreditlərə ehtiyacımız yoxdur. Biz indi özümüz kreditoruq. Beynəlxalq İnkişaf Agentliyinin hesabatında da Azərbaycan donor ölkə kimi tanınır. O ki qaldı, Dövlət Neft Fondunun əlavə vəsait qazanmasına, əlbəttə, bu, çox müsbət haldır. İdarəetmədən daha çox pul qazanılıb. Ancaq yenə də Dövlət Neft Fondunun strategiyası ondan ibarət olmalıdır ki, biz pulumuzu azriskli instrumentlərə yatıraq. Çünki bizim əsas məqsədimiz bu vəsaiti qorumaqdır."

"Əsas məqsədimiz bu vəsaiti qorumaqdır!” fikrini mən həm də iqtisadi müstəqilliyimizi qorumaq tapşırığı kimi başa düşürəm. Ümumiyyətlə, Prezidentin gələcəyə və tarixə münasibəti, bu iki həyati həllediciliklə bağlı düşüncə xətti mükəmməldir. Prezidentin hökumətin hesabatını qəbul edərkən etdiyi çıxış, ən uğursuz momenti, ən uğurlu monumenti məharətlə izah etməsi, anlatması qibtəyəlayiqdir. Bayaq dediyim fikrə qayıdıram. İnanmıram ki, regionun başqa bir liderinin çıxışı İlham Əliyevin nitqi qədər geniş coğrafilik və multietnik, çoxxalqlı olsun. Belə düşünürəm ki, Azərbaycanın beynəlxalq hab kimi malik olduğu geniş təyinatlılıq, onu meqa nəqliyyat layihələrinin, transmilli marşrutların keçib getdiyi bütün respublikalar üçün çox maraqlı edir və İlham Əliyevin çıxışlarının gürcü, rus, fars, qazax və başqa dillərə tərcümə olunmasına əsla təəccüblənmirəm. Azərbaycanın üzü gələcəyə yürütdüyü siyasət. 4-cü sənaye inqilabının çağırışlarına adekvat olmaq dövlətin özünü qoruma və gücləndirmə, inkişafetdirmə platformasının mahiyyətində dayanır. Məsələn Ramin Quluzadənin tutduğu posta liderin həvalə etdiyi məsələlər gələcəyin konturlarını cızmaq, Azərbaycan vətəndaşının gələcəkdə də etibarlı rifahını nəzərdə tutursa, Azərbaycanın neft əfsanəsi Xoşbəxt Yusifzadəyə diqqət, onun 90 yaşının az qala Cümhuriyyətin 100 illiyinə bərabər qeyd edilməsi ilk növbədə tarixə yanaşma, tarixə ehtiramdır. Heydər Əliyev Mərkəzi və Qız Qalası, Şəki xan Sarayı və Kristal Holl.

İlham Əliyev şəxsiyyətlərə də dəyəri məhz tarixiliyə adekvat olaraq verir. Onun Azərbaycanın neft-qaz tarixinin ən parlaq nümayəndəsi Xoşbəxt Yusifzadəyə yanaşmasını bu aspekt izah edir.

O gün Buta sarayında Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidentinin 90 illiyinin qeyd olunduğu ziyafətin Xoşbəxt etdiyi şəxslərdən biri də mən idim. Prezident İlham Əliyev, 1-ci vitse-prezident Mehriban Əliyeva tərəfindən xüsusi qayğıyla, nəvazişlə əhatə olunan, 90 yaşının əziyyətini dövləti bir ləzzətlə canından çıxaran bu insana baxdıqca fəxr etməmək olmurdu. Öz dövlətinlə, onun səni bir ailə kimi əzizləməsiylə. Keçmişi və gələcəyin mükəmməl birliyi kimi. Tarixin və bugünün müdrik qovşağı kimi. Xoşbəxt Yusifzadəyə Heydər Əliyevin adını daşıyan orden verildi. Adına tort kəsildi.

Xoşbəxt Yusifzadə ad günündə geniş danışdı. Ürəyi dolu idi. Onun elektriçka əhvalatı isə yəqin ki, çıxışının xüsusi yeri idi. Biz Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Xoşbəxt Yusifzadəni arzularının elektriçkasında müşayiət etməyi qərara aldıq. Xüsusi sərnişinin şərəfinə elektrik qatarı ayrıldı və biz Bakıdan Pirşağıya yola düşdük. Köhnə kişilər demişkən, yola nərdivan sala-sala.

Azərbaycanın dünyadakı yerinin müəyyənləşməsində neftin xüsusi yeri olub, etiraf etməliyik. Amma gəlin unutmayaq ki, dünyada, elə müsəlman aləmində neft və qaza malik o qədər respublikalar var ki, içi də, çölü də özünü yandırır. Özü də sözün hər iki mənasında. Alov, yanğın, müharibə mənasında. Azərbaycan isə neftinə görə Xoşbəxtdir. Burda Yusifzadə soyadının yerinə hər kəs öz soyadını da qoya bilər. Təsəvvür edin. Prezidentin kiçik bir reaksiyası çox şeyi dəyişə bilir.

Xatırlayaq: 2019-cu ilin sonunda Prezident Azərbaycan telekanallarının bir qrupuna müsahibə vermişdi. Ona ünvanlanan suallardan ikisi Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini əhatə edirdi.

Və... bu reaksiyadan sonra Avropa Parlamentinin bu il yanvarın 15-də Strasburqda keçirilən plenar sessiyasında “Birgə Xarici və Təhlükəsizlik Siyasətinin həyata keçirilməsi üzrə illik məruzə” adlı qətnamə qəbul edilib. Özü də böyük səs çoxluğu ilə. Qətnamənin 36-cı bəndində Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığının bütün üzv dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dəstəklə bağlı öhdəliyini növbəti dəfə təsdiqləyib.

Xarici İşlər Naziriliyi xüsusi vurğulayır ki, qətnamədə ərazi bütövlüyü məsələsi beynəlxalq səviyyədə tanınmış sərhədlər ifadəsi ilə birgə təqdim edilir. Sənəddə Şərq Tərəfdaşlığı ərazisindəki bütün münaqişələrlə bağlı vahid yanaşma nümayiş etdirilərək onların beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə, münaqişədən əziyyət çəkənlərə, o cümlədən qaçqın və məcburi köçkünlərə dəstəyin artırılmasına dair çağırış əksini tapıb. Əslində bu sənədin qəbul edilməsində Azərbaycanın rolu xüsusidir. Ona görə ki, məhz Azərbaycanın dirənişi və müqaviməti, bəzi məqamlarda isə soyuqqanlı bir ötkəmliyi Avropalılara anlatdı ki, heç kim onun qapısında növbəyə durmayacaq. Və çox mühüm bir detal. Azərbaycan aydın şəkildə izah etdi ki, keçmiş sovet respublikalarının yalnız nə vaxtsa birgə yaşadıqları sovet vətəni onları hər dəfə eyni rəfə və eyni səviyyəyə qoymağa əsas vermir. Hər bir ölkənin bu günkü faydası və qlobal səmərəsi nəzərə alınmalıdır. Bu baxımdan Azərbaycan Avropa İttifaqı və Avropa geosiyasi məkanı üçün xüsusi çəkiyə malikdir. Onun ərazisi heç də yalnız BMT-nin tanıdığı coğrafi sərhədlərin çərçivəsi deyil. Azərbaycan nəzarət etdiyi nəhəng kəmərlərin, marşrutların, yaydığı multikultrural ideyaların mənəvi sərhədlərinə də sahibdir və əminliklə deyə bilərəm ki, bu ərazilər onun hələ ki işğal atında olaq sahələrindən dəfələrlə artıqdır. Belçika krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqındakı nümayəndəliyinin rəhbəri Fuad İsgəndərovla müsahibəni təqdim edirəm.

Beləliklə, biz daha bir həftənin təhlil axşamını birgə keçirdik. Azərbaycan 30 il əvvəlin şan və qan vaxtını qeyd etmək ərəfəsindədir. 1990-cı ildə, yanvarın 19-dan 20-nə keçən gecə nüvə derjavasının qoşunları, Sovet soldatları Bakıya daxil olacaq, doğma Dağlıq Qarabağını onun əlindən alıb Ermənistana vermək istəyən Moskvaya, SSRİ prezidenti Mixail Qorbaçova etiraz etmək üçün küçələrə, meydanlara çıxan insanların üzərinə qoşun saldıracaqdı. Biz o günü unutmamalıyıq və unutmuruq. O günkü acılarımızla, itkilərimizlə, rəşadətimizlə, ağrılarımıza yanırıq, varıq və Yanvarıq. Şəhadətimiz mübarək!

Digər xəbərlər
Bu gün
Dünən