Arzuları beşiyində külə dönən AYAN

Arzuları beşiyində külə dönən AYAN
3 həftədə 3 körpə yanaraq külə dönüb

Ötən gün Biləcəridə beşiyində külə dönən Ayanın hələ həyatın nə olduğunu anlamadan həyatdan köçməsi xəbərini oxuyan, eşidən hər kəsin ürəyində sızıltı, inilti duyulur. Kimimiz körpəyə “can bala” deyib reaksiya verir, kimimiz də qismət deyirik. Amma yəqin ki, əksəriyyətimiz onu ölümə tərk edən valideyni qınayırıq. Əslində Ayanın anası da özünü qınayır. Evə dönüb beşiklə birgə kül olmuş balasının bədənini görəndən tibbi müdaxilələr belə onun harayını yatıra bilmir. Yəqin ki, iki yaşlı Ayanı gözləyən qismət anasına ayan olsaydı onu digər iki azyaşlı övladı ilə birgə evdə tək qoyub getməzdi. Atası - öz sağlamlığını oda atmaqla onu qurtarmağa çalışan atası onu nə anaya etibar edərdi, nə də əbədi yuxuya qovuşduran beşiyinə. Amma bütün bunlar baş verən faciəni olmamış kimi göstərmir.

Valideynlərin səbəbləri müxtəlif ola bilər, bəlkə də haqlı da ola bilərlər. Bəlkə də eşidəndə Ayanın dərdini kənara qoyub onlara da ürək yandırarıq. Amma bunlar yanaraq kül olan Ayanı geri qaytarmır axı.

Artıq ilin başladığı 3 həftə ərzində bu, oxşar 3-cü hadisədir. Evdə tək buraxılan 3 körpə yanğında həyatını itirir. Alovlara təslim etdiyimiz 3-cü dilsiz-ağızsız körpə danışmağa, dillənməyə vadar edir insanı. Hayqırmağa, övladlarınıza qarşı bir az məsuliyyətli olun - deməyə vadar edir insanı. Çünki heç bir səbəb körpəsini ölümə tərk etməyə haqq qazandırmır.

Sosioloqlar valideynlərin daha məsuliyyətli olması ilə bağlı həyəcan təbili çalırlar:

“ Düzdür “olacağa çarə yoxdur” deyirlər. Amma ana 3 körpə uşağı evdə tək qoyub necə gedə bilər? Bu ilk növbədə öz həyatını məhv etməsidir. Valideynin bu hadisədə aldığı yara, yaşadığı və yaşayacağı peşmanlıq ömrünün sonuna qədər onu tərk etməyəcək. Ona görə valideynlərdən artıq dərəcədə xahiş edirəm. Körpə uşaqları nəzarətsiz buraxmasınlar. Ən azından yaxınlarının, qonşularını çağırıb uşağın yanında qoysunlar”.

Hadisənin daha bir səbəbi isə bu gün valideynlərin uşaqlarını etibar edəcəyi bağçaların olmamasıdır. Bunu Uşaq hüquqlarını müdafiə edən ekspertlər deyir:

“Bu gün ölkədə uşaq evləri və məktəbəqədər təhsil müəssisələrinin sayı kifayət qədər deyil. Mövcud olanlarda da uşaqların qəbulu heç də şəffaf şəkildə həyata keçirilmir. Bu da bir tikə çörəkpulu üçün çalşmaq məcburiyyətində qalan valideynlərin öz azyaşlı uşaqlarını Allah ümidinə buraxıb getməsinə səbəb olur”.

Səbəbin bu və ya digər olması baş verən faciənin qarşısını almır - bədəni ilə birgə həyatı və arzuları yanıb kül olmuş Ayanı geri qaytarmır. Amma bu hadisədən dərs çıxarmaq olar. Körpəsi olan valideynlər yəqin ki, nə övladının taleyinin Ayanınkına bənzəməsini istəyər, nə də o ananın peşmanlığını hiss etmək. Odur ki Allahın bizə əmanəti olan körpələrimizə sahib çıxaq, onları qoruyaq. Gül açmamış kül olmasına imkan verməyək...

Vüsalə Xaməmmədqızı

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər