Həkim, mənə ölüm dərmanı yaz!

Həkim, mənə ölüm dərmanı yaz!
Azərbaycanda evtanaziyaya icazə verilə bilərmi?

"Hәr kәsin yaşamaq hüququ var”. Azərbaycan Respublikası Konstitusiyasının 27–ci maddəsi bütün ölkə vətəndaşlarına bu hüququ tanıyır. Bəs, ölmək hüququ? Hər bir insanın öz həyatı ilə bağlı sərbəst qərar vermək hüququnun olduğunu deyiriksə, demək, yaşamaq qədər ölməyə də özümüz qərar verə bilərik. Bu hüquq tibbə evtanaziya terminini gətirib. Ona ləyaqətli ölüm də deyirlər. Evtanaziya sağalmayan xəstəliklər səbəbindən müalicəsi mümkün olmayan və bu əziyyətdən qurtarmaq üçün pasiyentin öz xahişi ilə ölümünə razılıq verməsidir. İlk dəfə  XX əsrin 70-80-ci illərində Hollandiyada qanunvericilik və tibbi təşkilatların razılığı ilə xəstənin ölümünü asanlaşdıran dərmanların tətbiqinə icazə verilib. Bu gün İsveçrə, Belçika, Hollandiya, Lüksemburq, Kanada, eləcə də ABŞ-ın dörd ştatında evtanaziya leqallaşdırılıb. Bir sıra xarici ölkələrdə bu sahə üzrə ixtisaslaşmış klinikalar, tibbi mərkəzlər fəaliyyət göstərir. Yalnız İsveçrənin Surix səhərində yerləşən mərkəzlərdən birində son 12 ildə mindən artıq şəxs “ləyaqətli  ölüm"lə yaşamına son verib. Ölmək də pulsuz deyil. Həmin mərkəzin rəhbəri müsahibələrindən birində bildirir ki, kim onların xidmətdən istifadə etmək istəyirsə, mərkəzdə qeydiyyatdan keçməlidir. İlk üzvlük haqqı 200 ABŞ dollarıdır, eyni zamanda illik abunə haqqı 80 ABŞ dolları, evtanaziyanın tətbiqi üçünsə 7 000 ABŞ dolları ödənilməlidir. Ölümdən sonra meyit yandırılır, külü isə yaxın qohumlarına verilir.

Amma bununla bağlı qərar vermək o qədər də asan deyil. Evtanaziyanın hüquqi, əxlaqi və dini aspektləri var.  Azərbaycan qanunvericiliyi evtanaziyanı qadağan edir və bu əməl Cinayət Məcəlləsində qəsdən adamöldürmə kimi tövsif olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 135-ci maddəsində həmin cinayətin subyekti 16 yaşına çatmış hər hansı anlaqlı şəxs ola bilər. Belə şəxslər qismində zərərçəkmiş şəxsin qohum, valideyn və tibb işçilərinin olması nəzərdə tutulur.

Dini aspektlərə gəldikdə isə bütün müqəddəs kitablarda, o cümlədən Qurani – Kərimdə insan həyatına qəsd yolverilməz sayılır. Qurani-Kərimin “Al -İmran” surəsinin 145-ci ayəsində deyilir: "Allahın izni olmayınca, heç kəsə ölüm yoxdur. O, vaxtı müəyyən edilmiş yazıdır”. Bu baxımdan bu baryeri aşmağa da bir o qədər insan cəsarət etmir.

Mənəvi - əxlaqi aspektlərə gəldikdə isə ilk növbədə evtanaziyanın gerçəkləşməsi humanist məqsəd – yaşamaq ümidi olmayan bir insanın iztirablarına son qoyulmasını nəzərdə tutur. Amma “ölmək hüququ”na icazə verilən ölkələrdə xəstə yaxınlarının da evtanaziya ilə bağlı qərar verə bilmələrinin mümkünlüyü müəyyən problemlər yaradır. İnsanlardakı var-dövlət hərisliyi, müəyyən sərvətə malik xəstə öldükdən sonra onun varidatına sahiblənmək istəyi evtanaziya adı altında cinayətləri sürətləndirə bilər. Bu təhlükə Azərbaycan üçün də keçərlidir. Zaman – zaman ölkəmizdə evtanaziyanın tətbiqi ilə bağlı təkliflər səslənsə də, cəmiyyətin  bugünkü durumu göstərir ki, Azərbaycan hələlik buna hazır deyil. Əmlak davaları, mülk üstündə atanın övlada, övladın ataya qənim kəsilməsi, bacının qardaşa, qardaşın bacıya düşmən olması evtanaziya qərarlarının humanizmdən qaynaqlanacağına şübhə yaradır. Bu baxımdan cəmiyyət öncə öz içindəki iblisi öldürməldir, yalnız bundan sonra evtanaziya haqqında danışmaq mümkündür.

Azadə Balayeva 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər