Gürcüstanın Bolnisi rayonunda Zəlimxan Yaqubun 70 illik yubileyi qeyd olunub

Gürcüstanın Bolnisi rayonunda Zəlimxan Yaqubun 70 illik yubileyi qeyd olunub

Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində Azərbaycanın Xalq şairi, “Şöhrət” ordenli və Gürcüstanın “Şərəf” ordeni ilə təltif olunmuş Zəlimxan Yaqubun 70 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə el ağsaqqalı Ramiz Bəkirov, Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsak Novruzov şairin yaradıcılığından söz açıblar. Qeyd edilib ki, Zəlimxan Yaqub poeziya aləminə gəldiyi gündən oxucu sevgisini qazanıb və ədəbi ictimaiyyətin diqqət mərkəzində olub. Şairin poeziyası milli oyanışa, milli ruhun təbliğinə xidmət edir.

Səfir Dursun Həsənov Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərindən danışıb, mədəni əlaqələrimizin inkişafında söz, sənət adamlarının rolunu xüsusi qeyd edib. Bildirib ki, Z.Yaqub Gürcüstanda doğulub boya-başa çatdıqdan sonra Azərbaycanda ali təhsil alıb. Yaradıcılığının böyük bir hissəsi Azərbaycan ilə bağlı olsa da, Gürcüstanı heç vaxt unutmayıb. Ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında Z.Yaqubun böyük xidmətləri olub. Azərbaycanda və Gürcüstanda onun bu xidmətləri yüksək qiymətləndirilib və ali mükafata layiq görülüb.

Sonra Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu, Gürcüstan Yazıçılar Birliyinin sədri Bagatur Arabuli, Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov və başqaları Z.Yaqub yaradıcılığını təhlil edib, onun təkcə Azərbaycanın və Gürcüstanın deyil, bütün türk dünyasının böyük şairi olduğunu vurğulayıb, habelə ictimai xadim kimi fəaliyyətini yüksək dəyərləndiriblər.

Bildirilib ki, Kəpənəkçi kəndində Zəlimxan Yaqubun adına yaradıcılıq evi açılacaq, şeirləri gürcü dilinə tərcümə edilərək nəşr olunacaq.

Aşıqlar Nargilə Mehdiyeva və Həvəskar Qurbanov Z.Yaqubun şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər.

Şairin ailəsi adından çıxış edən Çingizxan Yaqubov qardaşına verilən yüksək qiymətə görə Azərbaycanın və Gürcüstanın dövlət başçılarına, eləcə də tədbir iştirakçılarına minnətdarlıq edib.

Yubiley tədbirində Marneuli rayonunun meri Zaur Darğallı, Marneuli və Bolnisi rayon rəhbərləri, ziyalılar, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə