Yığma komandamız növbəti təlim-məşq toplanışına başlayıb

Yığma komandamız növbəti təlim-məşq toplanışına başlayıb

Sərbəst güləş üzrə Azərbaycan yığma komandası Bakıda növbəti təlim-məşq toplanışına start verib.

REAL  Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, İstanbulda Yaşar Doğunun xatirə turnirində iştirak etdikdən sonra Vətənə qayıdan millimiz bir neçə günlük istirahətdən sonra məşqləri bərpa edib. Olimpiya Güləş Mərkəzində təşkil olunan hazırlıq prosesinə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov nəzarət edir. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan toplanışa gənclərdən ibarət yığmanın aparıcı üzvləri də cəlb ediliblər. Avropa çempionatına və lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyan toplanışda həm fiziki, həm də taktiki-texniki hazırlığa diqqət yetirilir.

Zəlimxan Hüseynov yığmamızın bu il qatıldığı ilk yarış, komandanın vəziyyəti və hazırlıq prosesi ilə bağlı deyib: “Yaşar Doğu turnirinə qədər İstanbulda Türkiyə, Bolqarıstan, Hindistan və Qazaxıstan komandaları ilə birgə səmərəli təlim-məşq toplanışı keçirdik. Daha sonra bu yarışda iştirak etdik. Güləşçilərimiz bu turnirdə uğurla çıxış etdilər, 4 qızıl, 1 gümüş və 6 bürünc medal qazandıq. Gənclər yaxşı təsir bağışladılar. Düzdür, Toğrul Əsgərov medal qazana bilmədi. Ancaq uzun fasilədən sonra çıxdığı ilk yarışda xoş təsir bağışladı. İki görüşdə qələbə qazandı. Bu, Avropa çempionatı öncəsi son yarışımız idi. Qitə birinciliyindən sonra bizi lisenziya turnirləri gözləyir. Bu yarışlardan sonra komandamızın Olimpiada üçün heyəti müəyyənləşəcək. Ancaq, ilk növbədə, lisenziyalar qazanmalıyıq. Olimpiya Oyunlarına mümkün qədər çox vəsiqə əldə etməliyik”.

Gələn həftə Türkmənistan, Ukrayna və Hindistan komandalarının da yığmamızla birgə toplanış keçmək üçün Bakıya gələcəklərini deyən Z.Hüseynov bildirib ki, Avropa çempionatından sonra isə lisenziya yarışlarına qədər Kislovodskda və Mahaçqalada hazırlıq prosesi nəzərdə tutulub”.

Qeyd edək ki, Avropa çempionatı fevralın 10-dan 16-dək İtaliyada, Avropa Olimpiya təsnifat turniri martın 19-dan 22-dək Macarıstanda, dünya Olimpiya təsnifat turniri isə aprelin 30-dan mayın 3-dək Bolqarıstanda keçiriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə