Yanacaq - cibimizi yandıracaq? - Araşdırma

Yanacaq - cibimizi yandıracaq? - Araşdırma
Aksiz dərəcələrinin qaldırılması benzinin qiymətinə təsir edəcək.

Azərbaycan ərazisinə gətirilən mühərrik benzin növlərinə yeni aksiz dərəcələrinin tətbiq edilməsi benzinin bahalaşacağı ilə bağlı təşviş yaradıb. Nazirlər Kabinetinin yeni qərərına əsasən aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. Qeyd edək ki, daxili bazarda 95-dən az oktan ədədi olan benzin Aİ-92 marka hesab olunsa bahalaşmanın bu növ deyil, ancaq “Premium” və “Super” markalı benzinlərə  təsir göstərə biləcəyi pronozlaşdırılır. Əvvəla bu benzin növləri ölkəyə idxal olunur və daxili bazarda onların qiymətlənməsi üzrə artıq neçə illərdir vahid tənzimləmə yoxdur. Eyni zamanda “Premium” və “Super” markalarından əsasən əhalinin imkanlı təbəqəsi istifadə edir. İqtisadçılar fikrincə bu artım 5-15 faiz arasında ola bilər. Ona görə ki, bu iki növ benzinin qiyməti son zamanlar onsuz da kifayət qədər yüksəlib. Cəmi iki ay öncə 2017-nin noyabrında “Aİ-95” (“Premium”) və “Ai-98” (“Super”) markalı benzin bahalaşıb. Hər iki markadan olan benzinin 1 litrinin pərakəndə satış qiyməti 0,20 manat artaraq müvafiq olaraq 1,25 və 1,50 manata çatıb. Həmin vaxt buna əsas kimi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsi göstərildi. Lakin nəzərə almaq lazımdır ki, indi Premium və Super markalı benzinin qiyməti kəskin bahalaşsa tələbat azala bilər.

Orta təbəqənin daha çox istifadə etdiyi avtomobillər  Aİ-92 ilə hərəkət etdiyindən ən böyük narahatlıq da məhz bu benzin növünün qiyməti ilə bağlıdır. Əslində əhalinin təşvişi də bu yerdə başadüşüləndir. Belə ki, digər növlər üzrə aksiz dərəcəsi 80-120 manatadək artırılıbsa, Aİ-92 markası üçün aksiz dərəcəsi 1 ton üçün  200 manat nəzərdə tututulub. Bununla belə, iqtisadçılar bu benzin növünün yaxın gələcəkdə aqibətinə nikbin baxırlar. Çünki bu marka Azərbaycanda ən çox istehlak olunan benzin hesab olunur.

İqtisadçı-ekspert Vüqar Bayramlının sözlərinə görə yeni qərar Aİ-92 markalı benzinin qiymətini təsir etməyəcək. Çünki sözügedən marka yerli istehsaldır və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yenidən tam gücü işləməsi də bu artıma yol verməyəcək. Ekspert bildirir ki, ötən il dərəcələrin aşağı salınması yenidənqurma işləriylə bağlı daxili istehsalın azalması ilə əlaqədar olub. İndi isə Heydər Əliyev adına BNEZ-də təmir yekunlaşıb və istehsal daxili tələbi ödəyir. Yerli istehsallı məhsullara aksiz dərəcəsi şamil olunmadığından Nazirlər Kabinetinin son qərarı daxili bazarda satılan benzinlərinin qiymətinin artırılması üçün zəmin formalaşdırmır. 

“Əslində 2017-ci ilin iyuluna qədər Aİ-92-nin aksiz dərəcəsi elə 200 manat idi. 2017-ci il iyul ayının 17-də Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 19 yanvar 2001-ci il tarixli və “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 12 aprel 2001-ci il tarixli qərarlarına dəyişiklik edib. Dəyişikliyə əsasən, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib. Bu isə 2016-cı ilin avqustunda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun təmirə dayanması ilə əlaqədar verilmişdi. Təmir prosesinin modernizasiya işləri ilə bağlı bir qədər uzun çəkə biləcəyi nəzərə alınaraq, daxili bazardakı tələbatı ödəmək məqsədi ilə SOCAR Nazirlər Kabinetinə idxal olunacaq “Ai-92” markalı benzinin gömrük rüsumu və aksiz vergisindən azad edilməsinə dair müraciət etmişdi”.

Qeyd edək ki, neft ölkəsi kimi tanınsa belə, Azərbaycan benzinin bahalığına görə reytinq cədvəlində region ölkələri sırasında heç də aşağı pillədə deyil. Belə ki, İranda benzinin bir litri 0,36 dollar, Rusiyada 0,73 dollar, Gürcüstanda 0,91 dollar, Türkiyədə 1,51 dollar təşkil edir.

Ayşəm Rüstəmova

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər