Baş Prokurorluqda kollegiya iclası keçirildi

Baş Prokurorluqda kollegiya iclası keçirildi

Fevralın 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, müstəqil inkişaf tarixinin müasir məzmunlu yüksəliş mərhələsini yaşayan ölkəmizin həyatında 2019-cu ilin müstəsna əhəmiyyəti olmuş, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, yüksək idarəetmə məharətinə və çevik idarəçilik üslubuna malik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən hərtərəfli islahatlar, möhtəşəm sosial-iqtisadi layihələr, qarşıya qoyulmuş strateji məqsədlərə çatmaq yolunda atılan inamlı addımlar yüksək inkişaf göstəricilərinə nail olunmasını, ölkəmizdə sabit və dayanıqlı  hüquqi-siyasi sistemin və güclü iqtisadi potensialın yaradılmasını, bütövlükdə Azərbaycanı və ayrılıqda hər bir bölgəni əhatə edən dinamik inkişafı, əhalinin həyat şəraitinin layiqli səviyyəyə qaldırılmasını, dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiyanı təmin etmişdir.

Ötən il makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığının təmin edilməsi, investisiyaların yatırılması və iqtisadi artımın bərpa olunması üçün münbit şəraitin yaradılması istiqamətində görülən işlər və əldə edilən nailiyyətlər baxımından da əlamətdar olmuşdur. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun 3,5 faiz, kənd təsərrüfatının 7 faizdən çox artdığını vurğulayan Baş prokuror bildirmişdir ki, bu Azərbaycanda aparılan uğurlu islahatların, iqtisadiyyatın şaxələndirilməsi və sənayeləşdirilməsi siyasətinin nəticəsində mümkün olmuşdur. Xarici ticarət dövriyyəsi 33,6 milyard dollara çatmış, valyuta ehtiyatları 6,4 milyard dollar artaraq rekord həddə - 51 milyard dollar səviyyəsinə çatmış, bu göstəriciyə görə Azərbaycan MDB məkanında birinci pillədə qərarlaşmışdır.  

Yola saldığımız ildə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər sırasında ölkəmizin 120 üzv dövləti özündə birləşdirən Qoşulmama Hərəkatının XVIII Sammitinin  və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün Bakıda keçirilməklə bu beynəlxalq qurumlara sədrliyin Azərbaycana həvalə edilməsi, ən mötəbər tədbirlərə - humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi, biznes sahəsində dünyada ən vacib və etibarlı reytinq göstəricisi sayılan Dünya Bankının “Doing Business - 2020” hesabatında 20 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunması, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə ölkəmizin 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsinə görə 5-ci yerdə qərarlaşması və s. uğurlar xüsusi vurğulanmışdır.

Baş Prokuror bildirmişdir ki, əldə edilmiş bu uğurların məntiqi nəticəsi olaraq cari ilin yanvar ayının 21-də Ölkə Başçısı cənab İlham Əliyevin iştirak etdiyi dünyada bir nömrəli və nüfuzlu beynəlxalq təşkilat Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində həmin Forumun prezidenti ilə görüşdə Dördüncü Sənaye İnqilabı üzrə Bakı regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolunu imzalaması və ölkəmizin Cənubi Qafqazda, eləcə də Orta Asiya regionunda mərkəz kimi seçilməsi, olduqca böyük və əlamətdar hadisədir.

Diqqətə çatdırılmışdır ki, ölkəmizdə sosial yönümlü dövlət siyasətinin həyata keçirilməsində, əhalinin rifahının yüksəlməsində, sosial həssas əhali qruplarının problemlərinin aradan qaldırılmasında, dinlərarası və mədəniyyətlərarası münasibətlərin qurulmasında, idmanın və multikultural dəyərlərin, mərhəmətliliyin və humanistliyin təbliğində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri xüsusi əhəmiyyətə malikdir.

Kollegiya iclasında bildirilmişdir ki, 2019-cu il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olmuş, digər hüquq mühafizə orqanları, ilk növbədə daxili işlər, dövlət təhlükəsizlik, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunmuşdur. Prokurorluq orqanlarının səyləri Dövlət başçısı cənab İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və neqativ təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasına yönəldilmişdir.

Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə həyata keçirilən peşəkar istintaq və əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq, ictimai əks-səda doğurmaqla cəmiyyətin maraq dairəsində olan, keçmiş illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra xüsusilə ağır və ağır cinayətlərin açılması və cəzanın labüdlüyünün təmin olunduğu konkret misallarla diqqətə çatdırılmışdır.

Hesabat dövründə kriminogen durumun nəzarətdə saxlanıldığını qeyd edən Baş prokuror Zakir Qaralov əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının sabit qalaraq 265 fakt təşkil etdiyini və ölkəmizin ötən il də MDB və Avropa məkanında ən təhlükəsiz və sabit dövlətlərdən biri kimi öncül mövqeyini saxladığını xüsusi vurğulamışdır.

Kollegiya iclasında bildirilmişdir ki, daxili işlər və digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan ötən illərin müsbət göstəriciləri 2019-cu ildə də davam etdirilmiş, prokurorluğun dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili istiqamətində fəaliyyəti daha da güclənmişdir. Hesabat ilində istintaq və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən dövlət orqanları üzrə 26.672 cinayət qeydə alınmışdır. Bu cinayətlərin 92 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmuş, cinayətlərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etmişdir.

2019-cu ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən dövlət orqanları üzrə qeydə alınmış cinayətlərin 84,8%-nin açılması təmin olunmuşdur.

Daxili işlər və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 2018-ci illə müqayisədə qeyri-aşkar şəraitdə törədilmiş, ağır və xüsusilə ağır, qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən soyğunçuluqlar, quldurluqlar, dələduzluqlar, hədə-qorxu ilə tələb etmələr, avtonəqliyyat vasitəsinin qaçırılması faktları, habelə xuliqanlıqlar, ictimai yerlərdə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanların cinayətləri, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlər azalmış, qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması yaxşılaşsa da, qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq, oğurluq, dələduzluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin açılma faizi azalmışdır. Eləcə də daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 329 cinayətin açılması təmin edilmişdir.

2019-cu ildə 2018-ci illə müqayisədə qeydə alınmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 54 fakt, həmin hadisələrdə ölən şəxslərin sayı 99 nəfər artmış, xəsarət alan şəxslərin sayı isə 9 nəfər azalmışdır. Ötən ildə qeydə alınmış ölümlə nəticələnən açılmamış yol-nəqliyyat hadisələrinin sayı 6 olmaqla sabit qalmışdır. 

Baş Prokurorluğun əlaqədar struktur qurumları və tabe prokurorlara 2019-cu ildə və  əvvəlki illərdə törədilməklə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən olunmasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

2019-cu ilin ölkəmizin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi dövrü kimi yadda qaldığını xüsusi vurğulayan Baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, 2019-cu il aprelin 3-də dövlət başçısı tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda ölkə məhkəmələrinin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturunun təkmilləşdirilməsi və bu fəaliyyətə elektron xidmətlərin inkorporasiya edilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olmuşdur.

Bildirilmişdir ki, Baş Prokurorluqda Fərmanın icrası istiqamətində görülən işlərin davamı kimi dövlət ittihamının daha effektiv həyata keçirilməsi, dövlət ittihamının müdafiəsi sahəsində vahid təcrübənin formalaşdırılması, məhkəmələrlə dövlət ittihamının müdafiəsini həyata keçirən prokurorlar arasında qarşılıqlı əlaqələrin səmərəli təşkil edilməsi məqsədilə Dövlət ittihamının müdafiəsi üzrə idarənin strukturunun yenidən formalaşdırılması istiqamətində zəruri işlər intensivliklə davam etdirilir.

Kollegiya iclasında qeyd edilmişdir ki, 2019-cu ildə prokurorluq orqanlarında kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilmiş, kadrların şəffaf və obyektiv meyarlar əsasında seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi, kadr korpusunun  müsabiqə yolu ilə dərin biliyə malik yüksək ixtisaslı gənc hüquqşünaslar hesabına  mütəmadi komplektləşdirilməsi   üçün zəruri tədbirlər görülmüşdür. Hesabat dövründə dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq gənc kadrların qulluğa qəbulu istiqamətində tədbirlərin davam etdirilməsi, sonuncu müsabiqənin nəticələri də nəzərə alınmaqla 2002-ci ildən başlayaraq qulluğa qəbul edilmiş 902 gənc hüquqşünasın hazırda prokurorluğun kadr korpusunun 70 faizini təşkil etməsi prokurorluq orqanlarında həyata keçirilən kadr islahatlarının uğurlu nəticələri kimi dəyərləndirilmişdir.

Könüllülər hərəkatının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı istiqamətində aparılan islahatların prokurorluqda davamlılığının təmin olunması məqsədilə “Azərbaycan Respublikasının prokurorluq orqanlarında ictimai köməkçilərin fəaliyyəti haqqında” Təlimata uyğun olaraq gənclərin institusional bacarıqlarının artırılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili məqsədilə hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan 162 tələbənin prokurorluğun müvafiq struktur qurumlarına ictimai köməkçi qismində qəbul olunması xüsusi vurğulanmışdır.

2020-ci ilin Respublikamızda “Könüllülər ili” elan olunması münasibətilə prokurorluq orqanlarında ictimai köməkçi qismində fəaliyyət göstərən könüllü gənclərlə Baş Prokurorluqda görüş keçirilmiş, onlara təcrübə toplamaları, milli və vətənpərvərlik ruhunda tərbiyə almaları, xalqa və dövlətə sədaqətlə xidmət göstərmələri, eləcə də ictimai nəzarətin həyata keçirilməsində yaxından iştirak etmələri barədə zəruri tövsiyələr verilmişdir.

Hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yüksək göstəricilərə nail olunmaqla rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə və s. faktlar üzrə 497 vəzifəli şəxs barəsində 310 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilmiş, həmin işlər üzrə 83.1 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 21.8 milyon manatın ödətdirilməsi təmin edilmiş, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 40.3 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 74.7 %-nin ödətdirilməsi təmin edilmişdir.

Hesabat ilində Baş İdarə tərəfindən qida təhlükəsizliyi, tikinti və şəhərsalma tələblərinin pozulması, vətəndaşlara qarşı dələduzluq etmiş mənzil-tikinti kooperativlərinin rəhbərləri barədə, həmçinin bank sektorunda yol verilmiş qanunsuzluqlarla əlaqədar bir sıra aktual cinayət işləri üzrə intensiv istintaq tədbirləri davam etdirilmişdir.

Eyni zamanda ölkə Prezidenti tərəfindən hər zaman diqqət mərkəzində saxlanılan və 3 fevral 2020-ci il tarixdə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bir daha iqtisadiyyatın ayrı-ayrı sektorlarında mövcud olmaqla azad sahibkarlıq mühitində rəqabətliliyə neqativ təsir edən kölgə iqtisadiyyatı, o cümlədən də qara mühasibatlıqdan istifadə edərək dövlət nəzarətindən və qeydiyyatından gizli şəkildə qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qarşı effektiv mübarizə tədbirlərinin gücləndirilməsi barədə verilmiş göstərişlər nəzərə alınaraq, Baş Prokuror tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə İqtisadiyyat Nazirliyi və müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə beynəlxalq təcrübə öyrənilməklə təkliflərin hazırlanması və qabaqlayıcı tədbirlərin görülməsi tapşırılmışdır.

Hesabat dövründə ölkəmizdə həyata keçirilən anti-korrupsiya islahatlarının nəticələrinin “Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) tərtib etdiyi illik hesabatlarda öz əksini tapmaqla təşkilatın 2019-cu ilin nəticələri üzrə dərc etdiyi Korrupsiya Qavrama İndeksində Azərbaycanın 2018-ci illə müqayisədə 26 pillə irəliləməsi xüsusi vurğulanmışdır.

Xüsusilə vurğulanmışdır ki, müasir dünya təcrübəsinin ölkəmizdə geniş tətbiqi nəticəsində idarəçilik sistemində, o cümlədən vergi və gömrük sahələrində aparılan islahatların dövlət büdcəsinə daxilolmaları böyük həcmdə artırması, həmçinin dövlət və özəl xidmətlərin vahid məkanda operativlik, şəffaflıq, nəzakətlilik və məsuliyyət prinsiplərinə uyğun göstərilməsi yönündə formalaşdırılmış “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişləndirilərək 17 mərkəzə çatdırılması, yarandığı gündən keçən qısa müddət ərzində 35 milyondan çox müraciətin daxil olması, habelə əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən nadir layihə kimi “DOST” mərkəzlərinin fəaliyyətə başlaması ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətlərin bariz nümunəsidir.

Kollegiya iclasında bildirilmişdir ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən bir sıra xüsusilə ağır və ağır cinayətlərin, habelə böyük ictimai rezonans doğuran hadisələrin, o cümlədən Gəncə şəhərində 2 polis zabitinin qəsdən öldürülməsi, Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş terror hadisəsi, “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsi və s. cinayət işlərinin yüksək peşəkarlıqla istintaq olunması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilmələri təmin olunmuşdur. Hesabat dövründə idarənin əməkdaşları tərəfindən 123 şəxs barəsində 54 cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. İstintaq edilən və məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vətəndaşlara və dövlətə dəymiş 127 milyon manat məbləğində ziyandan 122 milyon manatın və ya 96%-nin ödətdirilməsi təmin olunmuşdur.

Azərbaycan Respublikası Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluğu orqanları tərəfindən digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə cinayətkarlığa qarşı mübarizə sahəsində səmərəli tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılmışdır.

Kollegiya iclasında görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilmişdir.

2019-cu hesabat ilində xidməti, icra və əmək intizamının pozuntusu hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilmiş, müxtəlif pozuntulara yol verdiklərinə görə 54 əməkdaşın intizam məsuliyyətinə cəlb olunduğu, onlardan 44 nəfərə töhmət və şiddətli töhmət elan edildiyi, 8 əməkdaşın tutduğu vəzifədən azad edildiyi, prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 2 əməkdaşın prokurorluq orqanlarından xaric edildiyi diqqətə çatdırılmışdır. Xidməti, icra və əmək intizamının daim diqqət mərkəzində saxlanıldığını bildirən Baş prokuror, mənfi təzahürlərə, qeyri-prosessual münasibətlərə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək neqativ hallara, qanun pozuntusu və nöqsanlara, prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verən prokurorluq işçiləri barəsində ciddi cəza tədbirlərinin görüləcəyini xüsusi vurğulamışdır.

Dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılmışdır.

Qeyd edilmişdir ki, hesabat dövründə prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilmişdir.

2019-cu ildə bütövlükdə prokurorluq orqanlarına 81 min, o cümlədən Baş Prokurorluğa 65 min ərizə və şikayət daxil olmaqla, onlardan 42 mininin  müvafiq qaydada həlli, o cümlədən 9 min müraciət üzrə vətəndaşların qaldırdığı məsələlər təmin olunmuşdur. Prokurorluq orqanlarında 26 mindən çox, o cümlədən Baş Prokurorluqda 2 minə yaxın vətəndaş qəbul edilmişdir. Prokurorluğun əlaqədar qurumlarından tələb edilmişdir ki,  müraciətlərə baxılması və vətəndaşların qəbulu  sahəsində əməkdaşların məsuliyyətinin artırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə olunması təmin edilməli, müraciətlərə formal yanaşılmamalı, eləcə də qəbula gələn hər bir vətəndaşın  müraciətinə həssaslıq və məsuliyyətlə yanaşılmaqla biganə münasibət göstərilməməli, onların müsbət həlli istiqamətində səlahiyyətləri daxilində bütün mümkün  imkanlardan istifadə edilməlidir.

Xüsusi vurğulanmışdır ki, Dövlət başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq Baş prokuror tərəfindən respublikanın 12 bölgəsində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə 282 vətəndaş qəbul edilməklə, qaldırılan məsələlərin yerində həlli və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilmişdir.

Kollegiya iclasında sahibkarlıq subyektlərinin fəaliyyətinə əsassız müdaxilələrə yol verilməməsi diqqətə çatdırılmaqla, sahibkarlar arasında yaranmış mülki xarakterli mübahisələrə dair prokurorluq orqanlarına daxil olmuş şikayətlər üzrə mülki qaydada məhkəmə orqanlarına müraciət etmələri barədə izahların verilməsi prokurorluq əməkdaşlarından ciddi tələb edilmişdir.

Qeyd edilmişdir ki, hesabat dövründə prokurorluq orqanlarında informasiya - kommunikasiya texnologiyaları sahəsində müasir dövrün nailiyyətləri tətbiq edilməklə bir sıra irəliləyişlərə nail olunmuşdur. Bu sahəyə innovativ yanaşmanın tələb edildiyini vurğulayan Zakir Qaralov dövlət başçısının vətəndaşlara xidmət sahəsində operativliyin təmin edilməsi ilə bağlı verdiyi göstəriş və tövsiyələrə uyğun olaraq Baş Prokurorluğun “Elektron Cinayət” proqramının Ədliyyə Nazirliyinin “Elektron Məhkəmə” informasiya sisteminə inteqrasiya olunması prosesinə başlanılaraq zəruri işlərin görüldüyünü diqqətə çatdırmışdır.

Xüsusi vurğulanmışdır ki, müasir tələblər reallığında ilk növbədə cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrindən irəli gələrək prokurorluq orqanlarında vətəndaş məmnunluğunun təmini, daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara hüquqlarının hərətərəfli və tam izah edilməsi məqsədilə Baş Prokurorluqda yaradılmış “961” Çağrı Mərkəzi 02 oktyabr 2019-cu il tarixdən fəaliyyətə başlamışdır.

Həmçinin bildirilmişdir ki, hesabat ilində Çağrı Mərkəzinə 2.153 müraciət daxil olmuş, 1641 vətəndaşa müvafiq hüquqi izahlar verilmiş, müraciət edən 415 vətəndaşın qaldırdığı məsələlər cinayət xarakterli məlumatlar olduğu üçün qeydə alınıb araşdırılması üçün aidiyyatı struktur qurumlara tapşırılmış, 174 müraciət müəllifinin Baş Prokurorluğun və digər strukur qurumların rəhbər vəzifəli şəxləri tərəfindən qəbul edilməsi təmin olunmuş, həmin müraciətlərdən 74-ü isə müsbət həll edilmişdir. Digər müraciətlər üzrə vətəndaşlara qanunvericiliyin tələbləri izah olunmuşdur.

Bundan başqa, dövlət başçısı cənab İlham Əliyevin dövlət qurumlarında müasir informasiya - kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə ilə bağlı tapşırıq və tövsiyələrinin icrası ilə əlaqədar, eləcə də şəffaflıq və operativliyin təmin edilməsi məqsədilə prokurorluq orqanlarının funksional vəzifələri üzrə vətəndaşlarla mobil rabitənin üstünlüklərindən istifadə etməklə onlayn əlaqəsinin yaradılmasına imkan verən "Mobil Vətəndaş Müraciəti” mobil aplikasiyanın qısa zamanda hazırlanaraq istifadəyə verilməsi barədə Baş Prokuror tərəfindən göstəriş verilmişdir.

Hesabat ilində prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələrin genişləndiyini nəzərə çatdıran Baş prokuror Rusiya Federasiyasının Baş Prokurorluğu ilə Əməkdaşlıq haqqında sazişin imzalandığını vurğulamışdır.

Qeyd edilmişdir ki, hesabat ilində Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin xarici ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığı nəticəsində Ədliyyə və Daxili İşlər Nazirlikləri ilə birlikdə ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla gizlənən 75 şəxsin tutularaq ölkəmizə ekstradisiyası həyata keçirilmiş, həmçinin istintaqı aparılan cinayət işləri üzrə hüquqi yardım haqqında istintaq tapşırıqlarının icrası təmin edilmişdir.

Kollegiya iclasında çıxış edən Baş prokurorun müavini - Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru İlqar Abbasov, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədov və Cəbrayıl rayon prokuroru Ramiz Əliyev çıxışlarında 2019-cu il ərzində cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlar verilməklə, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, işin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürülmüşdür.

Kollegiya iclasına yekun vuran Baş prokuror Zakir Qaralov əmin olduğunu bildirmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, xalqımızın mütləq əksəriyyətinin etdiyi seçimi dəstəkləməklə bundan sonra da mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmət göstərməklə dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi yolunda öz səylərini əsirgəməyəcəkdir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə