Ansi Aqolli: "Canni De Byazi Azərbaycan millisinə xeyir verə bilər"

Ansi Aqolli:

"Albaniya millisində 5 il Canni De Byazinin rəhbərliyi altında oynamışam. O, öz oyun sisteminə uyğun gələn futbolçuları çox tez müəyyənləşdirir".

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli Canni De Byazinin Azərbaycan millisinin baş məşqçi postuna namizədliyi haqqında xəbərlərə münasibət bildirərkən deyib.

Hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən albaniyalı müdafiəçi italiyalı mütəxəssisin yığmaya xeyir verə biləcəyini düşünür. 38 yaşlı oyunçu De Byazinin başçılığı altında qazandıqları tarixi uğuru da xatırlayıb: "Biz məhz onun oyun sistemi sayəsində AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanmışdıq. Həmçinin seçmə mərhələdə Ermənistan yığması ilə keçirdiyimiz hər iki oyunda qalib gəlmişdik. Onları evdə 2:1, səfərdə isə 3:0 hesabı ilə məğlub etmişdik".

Aqolli bildirib ki, De Byazi olduqca intizamlı baş məşqçidir: "O, futbolçularla daha çox taktiki hazırlıq üzərində işləyir. De Byazi bizim futbol mentalitetimizi dəyişdirdi, komandaya qələbə ruhu gətirdi. Rəqibin kimliyindən asılı olmayaraq, heç bir komandadan çəkinmirdik. Mübariz kollektiv formalaşdırmışdı. De Byazi həm də yaxşı motivatordur. O, Albaniyada hamının rəğbət bəslədiyi mütəxəssisdir. Hər kəslə yaxşı münasibətləri var".

Qeyd edək ki, 2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli Albaniya millisində 73 oyun keçirib. Canni De Byazi isə 2011 - 2017-ci illərdə sözügedən yığmaya başçılıq edib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər