İşçi qrupun rəhbəri: Prezidentin dövlət səfəri Azərbaycan-İtaliya hərbi əməkdaşlığını gücləndirəcək

İşçi qrupun rəhbəri: Prezidentin dövlət səfəri Azərbaycan-İtaliya hərbi əməkdaşlığını gücləndirəcək

“Azərbaycanla İtaliya arasında münasibətlər çox yüksək səviyyədədir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər bütün sahələrdə inkişaf edir. İqtisadi sahədə də hər iki ölkə dünyada bir nömrəli tərəfdaşdır”.

Bunu “Report”a açıqlamasında Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Azər Kərimli deyib.

İşçi qrupun rəhbəri bildirib ki, son illər Azərbaycanla İtaliya arasındakı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarına çatıb: “Bu əlaqələr bu gün də inkişaf etməkdədir. Prezident İlham Əliyevin İtaliyaya etdiyi dövlət səfərinin ən ümdə nəticələrindən biri də iki ölkə arasında qeyri-neft sektorunda olan əlaqələrin inkişafı olacaq. Hesab edirəm ki, iki ölkə arasında kənd təsərrüfatı, ağır sənaye və hərbi sahədə olan əməkdaşlıq daha da inkişaf edəcək”.

İşçi qrupunun rəhbəri xatırladıb ki, ötən il Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə qəbul edilib: “Bu da iki ölkə münasibətlərinin yeni əməkdaşlığına təkan verib. Prezidentin budəfəki səfərində 25-dən çox sənəd imzalanıb. Onlardan ən önəmlisi “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”dir. Bu da rəsmi Bakı və Roma arasında olan münasibətlərin yeni mərhələsi olacaq”.

Digər xəbərlər
Bu gün
Dünən