Avstriya-Azərbaycan əlaqələri (VİDEO)

Avstriya-Azərbaycan əlaqələri (VİDEO)
İki ölkə arasında yaradılan Ticarət Palatasının 10 illiyi qeyd edilib

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Avstriya-Azərbaycan Ticarət Palatasının 10 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Avstriyanın hökumət və dövlət rəsmiləri, hər iki ölkədən parlamentin üzvləri, Avstriya-Azərbaycan Ticarət Palatasının üzvü olan aparıcı şirkətlərinin nümayəndələri, iş adamları iştirak ediblər.

Tədbirin açılışında Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova, Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti Qerald Qerstbauer, Avstriya Parlamentinin üzvü Martin Enqelbert çıxış ediblər.

Çıxış edənlər bu təşkilatın iki ölkə arasında həm iqtisadi, həm də mədəni əlaqələrin inkişafında rolundan bəhs ediblər. Qeyd edilib ki, Azərbaycanın Avstriyadakı keçmiş səfiri, mərhum Fuad İsmayılov bu təşkilatın qurulması və Azərbaycanda ilk təmasların yaranmasında yaxından iştirak edib.

Azərbaycan və Avstriya arasında bir çox oxşar cəhətlərin mövcudluğuna diqqət çəkən natiqlər bildiriblər ki, təşkilat Azərbaycan və Avstriya arasında ən yüksək dərəcəli səfərlərdə öz nümayəndə heyəti ilə iştirak edib, dəfələrlə Azərbaycana işgüzar dairələrin səfərlərini, eyni zamanda, Azərbaycan nümayəndələri üçün Avstriyanın regionları ilə tanışlıq turları hazırlayıb.

Təşkilatın növbəti dövrlərdə də hər iki ölkənin dövlət, hökumət və parlamentlərinin dəstəyi ilə Azərbaycan və Avstriya arasında iqtisadi bağları daha möhkəmləndirəcəyinə inam ifadə olunub.

Tədbirin bədii hissəsində Azərbaycanın Əməkdar artisti Şəhriyar İmanov rəhbərlik etdiyi musiqi qrupu ilə çıxış edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər